Yay fəsli istirahət, səyahət və açıq havada daha çox vaxt keçirmək üçün ən əlverişli mövsüm hesab olunur. Lakin bu dövrdə qidalanma vərdişlərinin dəyişməsi, soyuq və şirin qidalara meylin artması, kifayət qədər su qəbul edilməməsi ağız və diş sağlamlığı üçün əlavə risklər yaradır. İsti havalarda insanlar daha çox qazlı və şəkərli sərinləşdirici içkilərə, dondurma və müxtəlif desertlərə üstünlük verir, turş meyvələrdən istifadə edirlər. Bu isə diş minasının zədələnməsinə, kariyesin yaranmasına, diş əti problemlərinin artması və ağız boşluğunda müxtəlif narahatlıqların meydana çıxmasına səbəb ola bilər.
Diş sağlamlığının qorunması yalnız estetik baxımdan deyil, ümumi sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Çünki ağız boşluğunda yaranan problemlər vaxtında aradan qaldırılmadıqda digər orqan və sistemlərə də mənfi təsir göstərir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-stomatoloq Samir Məmmədov bildirib ki, yay aylarında dişlər üçün ən böyük təhlükələrdən biri şəkərli və qazlı içkilərin həddindən artıq qəbuludur. Onun sözlərinə görə, bu içkilərin tərkibində olan şəkər ağız boşluğundakı bakteriyalar üçün əlverişli mühit yaradır. Bakteriyalar şəkəri parçalayaraq turşu əmələ gətirir və həmin turşu diş minasını tədricən zəiflədir. Nəticədə kariyesin yaranma ehtimalı artır.
"Yay aylarında ən çox istehlak olunan qidalardan biri olan dondurma da tamamilə zərərsiz hesab edilə bilməz. Dondurmanın tərkibindəki şəkər kariyes riskini artırır. Bundan başqa, çox soyuq qidaların tez-tez qəbulu diş həssaslığı olan insanlarda ağrı və narahatlıq yarada bilər. Eyni sözləri digər şirin desertlər haqqında da demək mümkündür. Şirin qidaların gün ərzində dəfələrlə qəbul edilməsi ağız boşluğunda turş mühitin yaranmasına səbəb olur və dişlərin zədələnmə riskini yüksəldir. Bu mövsümdə şəkəri yüksək olan meyvələr daha çox istehlak edilir. Bu meyvələr sağlam qidalanmanın vacib hissəsi olsa da, onların həddindən artıq qəbulu diş minasına mənfi təsir göstərə bilər. Turşuluğun yüksək olması diş səthinin yumşalmasına və zamanla eroziyaya səbəb olur. Bu səbəbdən meyvələri yedikdən sonra ağız boşluğunu adi su ilə yaxalamaq məsləhət görülür. Bu sadə vərdiş turşuluğun təsirini müəyyən qədər azalda və diş minasını qoruya bilər", - deyə mütəxəssis diqqətə çatdırıb.
Stomatoloq qeyd edib ki, yayda isti hava səbəbindən orqanizm daha çox maye itirir, bu itkinin vaxtında bərpa olunmaması isə ağız boşluğunda quruluq yaradır və tüpürcəyin ifrazını azaldır: "Tüpürcək ağız boşluğunun təbii müdafiə mexanizmidir. O, qida qalıqlarını təmizləyir, bakteriyaların çoxalmasını məhdudlaşdırır, ağızdakı turşuluğu neytrallaşdırır və diş minasının qorunmasına kömək edir. Ağız quruluğu zamanı ilk növbədə diş çürüməsi riski artır. Bununla yanaşı, ağız qoxusu yarana, diş ətlərində iltihab və qanama ehtimalı yüksələ bilər. Ağız boşluğunda yanğı hissi, narahatlıq və diş həssaslığı da daha çox müşahidə olunur. Bir çox insan susuzluğu qazlı içkilər, enerji içkiləri və ya müxtəlif meyvə şirələri ilə aradan qaldırmağa çalışır. Halbuki bu məhsullar suyun yerini vermir və əksinə, dişlər üçün əlavə təhlükə yaradır. Ən sağlam seçim adi içməli sudur. Su həm orqanizmin maye balansını qoruyur, həm də ağız boşluğunun nəmlənməsinə kömək edir".
Samir Məmmədovun sözlərinə görə, yay mövsümündə dişlərə düzgün qulluq etmək üçün gündəlik gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir. O bildirib ki, dişlər gündə ən azı iki dəfə - səhər və axşam olmaqla, təxminən iki dəqiqə ərzində flüorlu diş məcunu ilə fırçalanmalıdır. Flüor diş minasını möhkəmləndirir və kariyesə qarşı qoruyucu təsir göstərir. Təkcə diş fırçasından istifadə etmək kifayət deyil. Dişlərin arasında qalan qida qalıqları adi fırça ilə tam təmizlənmir. Buna görə də gündə ən azı bir dəfə diş ipindən və ya dişarası fırçalardan istifadə olunması tövsiyə edilir. Bu, diş əti xəstəliklərinin və çürümələrin qarşısının alınmasında mühüm rol oynayır.
Yay mövsümü insanların daha çox səyahət etdiyi dövrdür. Stomatoloq deyib ki, uzun səfərlər zamanı bir çoxu diş baxımı vasitələrini götürməyi unudurlar. Halbuki diş fırçası, diş məcunu və diş ipi şəxsi gigiyena vasitələri arasında mütləq yer almalıdır. Səyahət zamanı qidalanma rejiminin dəyişməsi, şirin qidaların və hazır məhsulların daha çox istehlakı ağız gigiyenasına diqqəti daha da vacib edir. Bəzi insanlar yalnız diş ağrısı yarandıqda stomatoloqa müraciət edirlər. Lakin bir çox diş xəstəliyi ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edir. Kariyes, diş əti iltihabı və digər problemlər erkən mərhələdə aşkar edildikdə onların müalicəsi daha asan olur. Buna görə də hər bir insan şikayəti olmasa belə, ən azı altı aydanbir profilaktik stomatoloji müayinədən keçməlidir. Dişlərə göstərilən gündəlik qayğı yalnız yay aylarında deyil, ilin bütün fəsillərində davam etdirilməlidir. Çünki sağlam dişlər həm keyfiyyətli qidalanmanın, həm də ümumi sağlam həyat tərzinin vacib tərkib hissəsidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"