23 İyul 2026 08:00
2221
SİYASƏT
A- A+
Azərbaycan qlobal miqyasda mövqeyini möhkəmləndirir

Azərbaycan qlobal miqyasda mövqeyini möhkəmləndirir


Bunu Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də təsdiqləyir


Müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan "orta güc"  kimi mövqeyini gündən-günə möhkəmləndirir. 

Ölkəmizin mühüm geosiyasi və geoiqtisadi məsələlərdə prinsipial və ədalətli mövqe ortaya qoyması onun beynəlxalq nüfuzunu keyfiyyətcə yeni pilləyə qaldırıb. Xüsusilə Avropa dövlətləri və Avropa İttifaqı (Aİ) institutu ilə dinamik və yüksəksəviyyəli əlaqələrin qurulması xarici siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Aİ-yə üzv olan ölkə-lərin dövlət və hökumət başçıla-rının, həmçinin Aİ-nin ali rəhbər-liyinin Bakıya ardıcıl səfərləri Azərbaycanın regional sabitlik, nəqliyyat-logistika və Avropanın enerji təhlükəsizliyində oynadığı əvəzolunmaz rolun açıq etirafıdır. Avropanın aparıcı sənaye və siyasi mərkəzləri ilə qurulan strateji dialoq, Prezident İlham Əliyevin bu günlərdə Almaniyaya rəsmi səfəri və burada imzalanan tarixi sənədlərlə ölkəmiz növbəti möhtəşəm uğurunu qazandı.


Yeni əməkdaşlıq çərçivəsi


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə qaldırılmasında mühüm mərhələ oldu. Berlində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan strateji sənədlər və verilən bəyanatlar Azərbaycan ilə Almaniya arasında tərəfdaşlığın yalnız regional deyil, qlobal geosiyasi çəkiyə malik olduğunu bir daha sübut etdi.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən  təməl sənəd kimi çıxış edir. 

Bəyannamə siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə, texnologiya,  elm və təhsil sahələrini vahid strateji çərçivədə birləşdirir. 

Sənəddə nazirlərarası məsləhətləşmələrin və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti vasitəsilə əməkdaşlığın davamlılığını təmin etmək əksini tapıb. 

Berlində mətbuata bəyanatı zamanı dövlətimizin başçısı bu addımın əhəmiyyətini xüsusi vurğuladı: "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir". 

Öz növbəsində mətbuata bəyanatında Kansler Fridrix Merts vurğuladı ki, bu gün Birgə Bəyannaməni imzalamaqla ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin təməl daşı qoyuldu: "Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və "Cənub qaz dəhlizi" ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".

Məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur. Ölkəmizin bu etibarlı tərəfdaş mövqeyi Berlin danışıqlarının mərkəzi mövzularından biri oldu.  

Prezident İlham Əliyev enerji sahəsindəki genişmiqyaslı əməkdaşlıq barədə məlumat verdi: "Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə "yaşıl enerji"sini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır".

Ölkəmizin rəhbəri bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu söylədi.


Böyük iqtisadi imkanlar


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan müzakirələrdə Orta dəhlizin və tranzit imkanlarının inkişafı xüsusi yer tutub. Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında körpü rolu oynaması logistika sahəsində alman şirkətləri üçün böyük iqtisadi imkanlar yaradır.

Prezident İlham Əliyev mətbuata bəyanatında nəqliyyat və tranzit potensialı haqqında vurğuladı ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir: "Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın".

Onu da diqqətə çatdıraq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlərdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı rəsmi Berlinin sülh prosesinə verdiyi töhfələri qeyd edərək bildirib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu: "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi... ...Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-aman-lığa öz töhfəsini verəcəkdir".

Səfərin ən mühüm nəticələrindən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin imzalanması oldu. Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və yeni biznes şurasının qarşılıqlı sərmayə qoyuluşlarına əlavə təkan verəcəyi də bəllidir. 

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində əldə olunan tarixi razılaşmalar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və çəkisini bir daha nümayiş etdirdi. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin mərkəzi qovşağına çevrilməsi onu regional çərçivələri aşan qlobal tərəfdaş səviyyəsinə yüksəldib.

Almaniya kimi Avropanın aparıcı siyasi və iqtisadi gücü ilə imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" yalnız iki ölkə arasındakı münasibətlərin institusionallaşdırılması ilə məhdudlaşmır. Bu sənəd həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələ-cək inkişaf istiqamətini müəyyən edir, regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət göstərir. 

Bir sözlə, digər Avropa ölkəsi İtaliyadan sonra Almaniya ilə də belə bir strateji çərçivənin qurulması Azərbaycanın xarici siyasətinin növbəti parlaq zəfəridir. Bütün bunlar bir daha sübut edir ki, müasir Azərbaycan etibarlı, öz milli maraqlarını qətiyyətlə qoruyan və regional sabitliyin əsas zəmanətçisi kimi çıxış edən aparıcı "orta güc"dür.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!