Xəzər dənizi min illərin və bu illər ərzində mədəniyyətlərin və talelərin şahididir. Əsrlər boyu sahillərində şəhərlər yaranıb, qalalar ucalıb. Bəzən dalğaları ilə insan əlinin yaratdığı möhtəşəm abidələri sınağa çəkib, bəzən isə onları öz qoynuna alaraq əsrlərin sükutuna qərq edib. Qədim Bayıl qalası da belə sirli abidələrdəndir.
Suların altında qorunan bu qədim abidə Azərbaycanın şəhərsalma mədəniyyətinin, memarlıq düşüncəsinin və tarixi yaddaşının nadir nümunələrindən biridir. Mənbələrdə "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və başqa adlarla qeyd olunsa da, elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" kimi tanınır.
Tədqiqatlarda bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi faktı da var. Mənasının liman qala olduğu bu adın Bayıl qalasının əsas funksiyalarından birini aydınlaşdırdığı qeyd edilir. O da bildirilir ki, bütövlükdə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olub. Belə ki, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının yerinə yetirdiyi funksiyanı Bakı qalasının müdafiəsində də Bayıl qalası həyata keçirib.
Azərbaycan tarixində mühüm dövrlərdən biri olan Şirvanşahlar dövlətinin hakimiyyəti illərində Bakı Xəzər sahilində yerləşən mühüm şəhərlərdən birinə çevrilmişdi. Şəhərin əlverişli coğrafi mövqeyi onun iqtisadi və siyasi əhəmiyyətini artırırdı. Orta əsrlərdə şəhərlərin inkişafında müdafiə məsələsi böyük əhəmiyyət daşıyırdı. Şəhər yalnız yaşayış yeri deyil, həm də dövlətin gücünü, ticarət yollarını və əhalinin təhlükəsizliyini qoruyan mühüm mərkəz sayılırdı. Bayıl qalasının tikilməsi də bu mənada böyük əhəmiyyət kəsb edirdi. Xəzər sahilində inşa edilən bu möhtəşəm istehkam Bakının dəniz tərəfdən müdafiəsində mühüm rol oynayırdı. Qalanın yerləşdiyi ərazi xüsusi strateji əhəmiyyət daşıyırdı. Buradan dəniz yollarına nəzarət etmək, sahilə yaxınlaşan gəmiləri izləmək və şəhərin liman təhlükəsizliyini təmin etmək mümkün idi.
Bayıl qalası yalnız daş divarlardan ibarət müdafiə qurğusu deyil, eyni zamanda Azərbaycanın Orta əsr şəhərsalma düşüncəsinin, memarlıq sənətinin və Bakının qədim tarixinin daşlara həkk olunmuş yaddaşıdır. Məlumata görə, Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin ortasında daş döşəməli meydançada monumental bir tikilinin özülü aşkar edilib. Araşdırmalarda həmin yerdə Abşeron qalalarına xas tipdə bir qüllənin ucaldığı bildirilir. Tədqiqatçıların əksəriyyətinin qənaətincə, bu atəşgah və ya məbəd qalıqlarıdır.
Belə ehtimallar da irəli sürülür ki, XII-XIII əsrlərdə möhkəm qəsr, qala liman olaraq inşa edilən, Bakının dənizdən qorunmasında müstəsna yer tutan Bayıl qəsri daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılıb. Onun inşasına 1234-cü ildə başlandığı mənbələrdə təsdiqini tapıb. Tikinti işləri 1235-ci ildə başa çatıb. Monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə saldığı illərdə bu möhtəşəm qalanı inşa edənlər onun tarixin sınaqlarına tab gətirəcəyinə, əzəmətlə dayanacağına ümid edirdilər. Ancaq 1306-cı ildə baş vermiş güclü zəlzələdən sonra qala yerləşdiyi ərazi ilə birlikdə su altında qalıb.
Bayıl qəsri əsrlər boyu su altında qalsa da, dəniz bu möhtəşəm abidəni tarixdən silinməyə qoymayıb. Mütəxəssislərin əksəriyyəti bu qənaətdədirlər ki, 400 ildən çox Xəzər suları altında qalmasaydı, Abşeronun bir çox abidəsi kimi, Bayıl qalasının da izi belə olmayacaqdı.
Xəzər dənizinin səviyyəsinin yenidən xeyli enməsi Bayıl qəsrinin su üzündə görünməsinə səbəb olub. Lakin elm aləmi uzun müddət idi ki, Xəzərin dibində belə bir qəsrin olmasından xəbərdar idi. Hələ 1782-ci ildə Bakı limanının ruslar tərəfindən tərtib edilmiş xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd olunmuşdu. 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları barədə məlumat vermişlər.
Lakin Bayıl qalasının əsl elmi kəşfi XX əsrdə mümkün oldu. Arxeoloqların apardığı araşdırmalar nəticəsində məlum oldu ki, dənizin dibində, sadəcə, ayrı-ayrı daş parçaları deyil, bütöv bir memarlıq kompleksinin qalıqları var. 1939-1969-cu illərdə qəsrin ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində divar uçuqları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarıldı. Nadir monumental xəttatlıq və heykəltaraşlıq əsərləri olan həmin dərin oymalı daş tavaları mütəxəssislər nəhəng tikinti kitabəsinin ayrıntıları hesab ediblər. Bildirilib ki, onlar ilk çağda divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı əmələ gətirib.
Abidənin dövrünü təsdiq edən materiallar da əldə edilib. Bəzi daşların üzərində hicri 632-ci il tarixi yazılıb ki, bu da miladi 1232-1235-ci illərə müvafiqdir. 1939-cu ildə ərazidə üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunmuş mis pullar aşkarlanıb.
Bayıl qalası öz dövrünün yüksək memarlıq və mühəndislik səviyyəsini göstərən abidələrdən biridir. Onun tikintisində istifadə olunan materiallar, divarların quruluşu və bədii işləmələr XIII əsr Azərbaycan memarlığının imkanlarını nümayiş etdirir. Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, Gülüstan qalası və Qəley-Buğurt qalasında olduğu kimi, Bayıl qalasının memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlardan istifadə olunub. Araşdırıcılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxumaqla bərabər, başqa mühüm məlumatlar aşkarlayıblar. Daş kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsudoğlunun, ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin adları oxunub.
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması Bayıl qalası kimi nadir memarlıq incilərimizin yenidən öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xalqın bu günü və gələcəyi onun keçmişinə göstərdiyi ehtiramdan başlayır. Milli yaddaşı qorumaq, tarixi irsi öyrənmək və onu gələcək nəsillərə ötürmək hər bir xalqın mənəvi borcudur. Əsrlərin sınağından keçərək Xəzərin qoynunda qorunan Bayıl qalası da Bakının qədim tarixindən, zəngin memarlıq irsindən xəbər verən nadir daş salnamələrindən biridir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"