Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə Göygöldə V Milli Yaylaq Festivalı keçirilib.
Rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Dünya Etnoidman Konfederasiyasının və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşəbbüsü ilə keçirilən festival iştirakçılara əsl bayram ovqatı yaşatmışdır.
"Xan Yurdu" etnoqəsəbəsində keçirilən festivalda iştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini birdəqiqəlik sükutla yad etmişlər. Sonra rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Göygölün qədim tarixə malik olduğunu diqqətə çatdırmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin irsimizin qorunması, bölgələrimizin sosial-iqtisadi inkişafı və turizm potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, mədəni irsimizin təbliği, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması və qədim ənənələrimizin yaşadılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açmışdır.
Sonra gənclər və idman naziri Fərid Qayıbov və Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop və digər natiqlər festivalın əhəmiyyətindən bəhs edərək belə tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd etmişlər. Tədbirin layihə rəhbəri Müzadil Həsənov isə çıxış edərək vurğulamışdır ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, eyni zamanda xarici turistlərin də böyük maraq göstərdikləri beynəlxalq platformaya çevrilmişdir.
Sonra əsrarəngiz Xan Yaylağı ərazisində yerləşən "Xan Yurdu " etnoqəsəbəsində V Milli Yaylaq Festivalına start verilmişdir. Festivalda "Xan Çadırı"nda xalçaçılıq sənətinin sərgisi, "Sənətkarlıq guşəsi", milli idman növləri (oxatma, atçılıq, zorxana və sair), etnospor-oxatma məşqləri, uşaqlar üçün guşə, aşıq musiqisi, folklor-tamaşalar, yorğa atların sərgisi, kəndirbazlar, həmçinin "Yaylaq süfrəsi" və sair tematik sahələr nümyiş etdirilmişdir. Festivalda xarici qonaqların çıxışları da maraqla qarşılanmışdır.
Artıq ənənə halını almış Milli Yaylaq festivalları iştirakçılarda təkcə bayram ovqatı yaratmır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsində, bölgələrin turizm potensialının tanıdılmasında və milli dəyərlərin təbliğində mühüm rol oynayır. Bu dəfə də istisna olmadı. 3 gün davam edən 5-ci festivala ölkəmizin müxtəlif regionlarından, həmçinin 20-dən artıq ölkədən çoxsaylı qonaqların qatılması da bunu sübut edir.
Sabir ƏLİYEV,
"Azərbaycan"