19 Mart 2024 08:25
1326
SİYASƏT
A- A+

Yaxın qonşu, sınanmış dost, etibarlı tərəfdaş

 

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri yüksək səviyyədədir

 

Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətləri xalqlarımızın milli maraqları şərtləndirir. İki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Əlaqələrimizin geniş gündəliyə malik olduğu bu il martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri zamanı özünü bir daha aydın göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarında ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin də önəmini vurğuladılar. Belə ki, Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat kommunikasiya xətləri Qərbə Gürcüstandan keçərək istiqamətlənir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443 , Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb.
"Cənub qaz dəhlızi"nin təməlini də əslində elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dir.
Bu gün Azərbaycan Gürcüstandan başqa daha yeddi ölkəyə qaz ixrac edir. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq, çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə çoxalır. Əlbəttə, bizim həm resurslarımız, həm sərmayə qoymaq üçün maliyyə imkanlarımız var və Gürcüstan kimi etibarlı dostumuz var ki, tranzit imkanlarımız genişlənsin. Belə olan halda enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan yenə də etibarlı tərəfdaş kimi çıxış edəcəklər. 
Yeri gəlmişkən qeyd edək ki, Qərb İxrac Boru Kəməri (QİBK) uzun illərdir Azərbaycan neftini Gürcüstanın Supsa limanına çatdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun polad magistralları iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığı daha da möhkəmləndirib.
Gürcüstanda yaradılmış münbit investisiya mühiti Azərbaycanın qonşu ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasına da geniş imkan verib. Xüsusilə son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanballı investisiyalar yönəldib. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin xeyli hissəsi qazlaşdırmaya yatırılıb. SOCAR-ın son iki onillikdə Gürcüstanda yüzlərlə yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır. 
Ümumilikdə isə Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Ticarət dövriyyəmiz də ildən-ilə genişlənir. İndi 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. 
Bu gün Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Bunu Prezident İlham Əliyev mətbuata bəyanatında da vurğulayıb: "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq".
İndi Azərbaycan və Gürcüstan "yaşıl enerji" sahəsində də geniş əməkdaşlığa başlayıblar. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında "Saziş" imzalanıb.
Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında gələcək ücün mühüm planların olduğunu da qeyd edib: "Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq".
Şübhə yoxdur ki, qarşıda duran böyük planlar sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində yerinə yetiriləcək. Yaxşı tərəfdaşlıq həm də yaxşı qonşuluqdan qaynaqlanır. Mehriban qonşuluq etmək üçün isə gərək həm də yaxın dost olasan. Xoşbəxtlikdən Azərbaycan və Gürcüstan məhz yaxşı qonşu, dost və tərəfdaşdırlar. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video