11 İyun 2026 08:40
182
İQTİSADİYYAT
A- A+
WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi


Son onillik ərzində Azərbaycan beynəlxalq tədbirlərin təşkili və keçirilməsi sahəsində mühüm təcrübə qazanmış ölkələrdən birinə çevrilmişdir. Xüsusilə Bakı müxtəlif siyasi, iqtisadi, idman, humanitar və ekoloji forumların keçirildiyi qlobal platforma kimi tanınmağa başlamışdır. Bu proses ölkənin beynəlxalq nüfuzunun artmasına, turizm potensialının genişlənməsinə və Azərbaycanın etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın uğurları təsadüfi xarakter daşımır - onların təməlində sosial-iqtisadi inkişaf strategiyası dayanır. Bu strategiyanın əsasını isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən insan kapitalının inkişafına yönəlmiş siyasət təşkil edir. Hələ 15 oktyabr 2003-cü il prezident seçkiləri zamanı bölgələrdə seçicilərlə keçirilən görüşlərdə ölkənin müxtəlif ərazilərində məhsuldar qüvvələrin yerləşdirilməsində mövcud olan disproporsiyalar problem kimi önə çəkilirdi. Bunun nəticəsi olaraq andiçmə mərasimində cənab İlham Əliyev neft gəlirlərinin insan kapitalına çevrilməsini prioritet vəzifə kimi müəyyənləşdirmiş və Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının hazırlanmasını mühüm strateji istiqamət kimi irəli sürmüşdür.

Prezidentin təşəbbüsü ilə 2004-2023-cü illəri əhatə edən və hər biri beşillik dövr üçün nəzərdə tutulan məqsədli 4 dövlət proqramı hazırlanaraq həyata keçirilmişdir. İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında ölkənin elmi-tədqiqat müəssisələri, layihə institutları və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə hazırlanmış bu proqramların əsas məqsədi regionların tarazlı sosial-iqtisadi inkişafını təmin etmək olmuşdur.

Dövlət proqramlarının icrası çərçivəsində 2004-2023-cü illərdə ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların 60,5 faizi qeyri-neft sektorunun inkişafına sərf edilmişdir. Neft sektoru istisna olmaqla, əsas kapitala yatırılan investisiyaların 90 faizdən çoxu regionlarda istifadə olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılmış güzəştli kreditlərin 80 faizi də regionların payına düşmüşdür. Bu vəsaitlər hesabına yüzlərlə müasir istehsal müəssisəsi və infrastruktur obyekti yaradılmış, sənaye və kənd təsərrüfatı müəssisələri yenidən qurulmuş, nəticədə on minlərlə yeni iş yeri açılmışdır.

Eyni zamanda regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Müasir xəstəxanalar, məktəblər, məktəbəqədər təhsil müəssisələri, Olimpiya İdman kompleksləri, avtomobil yolları və "ASAN" xidmət mərkəzləri istifadəyə verilmiş, şəhərsalma konsepsiyasına uyğun yeni yaşayış binaları və əhalinin gündəlik tələbatlarını qarşılayan mədəni və xidmət obyektləri inşa edilmişdir.

Sosial rifah sahəsində əldə olunan nailiyyətlər bu siyasətin səmərəsini aydın  nümayiş etdirir. Məsələn, Naxçıvan Muxtar Respublikasında bir nəfərə düşən yaşayış sahəsi 2005-ci ildəki 8,9 kvadratmetrdən 2010-cu ildə 24,7, 2018-ci ildə isə 28,9 kvadratmetrə yüksəlmişdir ki, bu da ölkə üzrə orta göstəricidən 1,6 dəfə çoxdur. Oxşar müsbət dinamika digər regionlarda da müşahidə olunmuşdur.

Makroiqtisadi göstəricilər də ölkənin inkişaf tempini təsdiqləyir. Ölkə üzrə ÜDM istehsalı 2025-ci ildə 2004-cü illə müqayisədə 15 dəfə artmış, adambaşına düşən mənzil sahəsi 1,7, orta aylıq nominal əməkhaqqı 10,6 dəfə yüksəlmişdir. İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramının icrasına bütün maliyyə mənbələri hesabına 100 milyard manatdan çox vəsait yönəldilmişdir. Bu vəsait hesabına regionların tarazlı sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində ölkədə güclü iqtisadi baza formalaşmış, sosial rifah yüksəlmiş və dövlətin strateji potensialı daha da artmışdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində doğma Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilmiş, 2023-cü ilin 19-20 sentyabrında isə ölkəmizin dövlət suverenliyi tam bərpa olunmuşdur. Xalqımız əsrlər boyu arzuladığı tarixi ədalətə qovuşmuşdur. Möhtəşəm qələbəmiz Azərbaycanın güclü iqtisadiyyatını, qüdrətli ordusunu, gənclərin yüksək vətənpərvərlik ruhunu, uzaqgörən xarici siyasətini və xalq-dövlət birliyini bütün dünyaya nümayiş etdirmişdir. Bununla həm də Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

2015-2026-cı illər ərzində Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, ölkəmiz təkcə regional deyil, eyni zamanda qlobal miqyasda mühüm tədbirlərin keçirilməsi üçün etibarlı tərəfdaş kimi qəbul olunur. İdman yarışlarından iqlim diplomatiyasına, humanitar forumlardan şəhərsalma və iqtisadi əməkdaşlıq platformalarına qədər müxtəlif sahələri əhatə edən bu tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmiş, Bakını qlobal dialoq və əməkdaşlıq məkanına çevirmişdir. 

2015-ci ildə Bakı tarixdə ilk dəfə təşkil olunan I Avropa Oyunlarına evsahibliyi etmişdir. 2016-cı ildən etibarən Bakı "Formula-1" yarışlarının keçirildiyi mühüm məkanlardan birinə çevrilmiş, eyni zamanda Dünya Şahmat Olimpiadasına evsahibliyi etmişdir. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə xidmət edən mühüm beynəlxalq tədbir olmuşdur. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin II Bakı Sammiti kimi beynəlxalq tədbirlər sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq, beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsinə şərait yaratmışdır. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Azərbaycanın evsahibliyi etdiyi ən böyük siyasi sammitlərdən biri olmuşdur. Zirvə görüşündə 120-yə yaxın ölkə və beynəlxalq təşkilat iştirak etmiş, Azərbaycan 2019-2023-cü illərdə təşkilata sədrlik etmişdir. 

2024-cü il noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının da (COP29) ev sahibi olmuşdur. Dünyanın ən nüfuzlu qlobal iqlim platformalarından biri hesab edilən COP29-da yüzlərlə dövlət nümayəndə heyəti, beynəlxalq təşkilatlar, maliyyə institutları, qeyri-hökumət təşkilatları və ekspertlər iştirak etmişlər. Forumun əsas məqsədi qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Paris Sazişinin hədəflərinin həyata keçirilməsi və inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyələşdirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi olmuşdur. 

COP29 eyni zamanda Azərbaycanın "yaşıl enerji", dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik sahələrində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platforma idi. Bu tədbirin yüksək səviyyədə təşkili ölkənin qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi etmək potensialını bir daha nümayiş etdirmiş və Azərbaycanın beynəlxalq etimadını daha da gücləndirmişdir. Bu baxımdan, COP29 təkcə iqlim gündəliyi ilə bağlı mühüm beynəlxalq hadisə deyil, həm də Azərbaycanın son illər evsahibliyi etdiyi böyükmiqyaslı beynəlxalq tədbirlər silsiləsinin zirvə nöqtələrindən biri olmuşdur. Məhz COP29-un uğurlu təşkili Azərbaycanın qlobal forumlar üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi üçün əlverişli zəmin yaratmışdır. 

Azərbaycanın şəhərsalma və dayanıqlı məskunlaşma sahəsində beynəlxalq mövqeyinin güclənməsi ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Nyu Yorkda yerləşən mənzil-qərargahında "Yeni Şəhər Gündəliyi" sənədinin icra vəziyyəti və şəhərsalma məsələləri üzrə keçirilən yüksəksəviyyəli iclasda iştirak etməsidir. 2022-ci il iyunun 28-də Varşavada keçirilən Ümumdünya Şəhərsalma Forumunun 11-ci sessiyası çərçivəsində isə Anar Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti (onun tərkibində Azərbaycan Respublikası Prezidentinin Zəngilan və Şuşa rayonları üzrə xüsusi nümayəndələri də olmuşlar) ilə UN-Habitat rəhbərliyi arasında aparılan müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri təqdim edilmişdir. Azərbaycan tərəfi Qarabağ və Şərqi Zəngəzurda hazırlanmış baş planlar əsasında həyata keçirilən quruculuq işləri, "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarının tətbiqi barədə ətraflı məlumat vermişdir. UN-Habitat nümayəndələri bu layihələri yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmişlər.

Varşava görüşündən sonra Azərbaycan ilk dəfə olaraq 2022-ci ilin oktyabr ayında Ağdam və Bakıda Azərbaycan Milli Şəhərsalma Forumuna evsahibliyi etmişdir. Regionda ilk belə platforma hesab olunan forum şəhərsalma, dayanıqlı inkişaf, müasir yaşayış məskənlərinin formalaşdırılması və postmünaqişə dövründə şəhərlərin yenidən qurulması sahəsində beynəlxalq müzakirələrin aparıldığı mühüm tədbirə çevrilmişdir. Xüsusən Ağdam şəhərinin forum məkanlarından biri kimi seçilməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma siyasətinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyırdı.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər və qazandığı təcrübə sonrakı illərdə də beynəlxalq platformalarda nümayiş etdirilmişdir. Bu baxımdan, 2024-cü ilin noyabr ayında Misirin paytaxtı Qahirədə keçirilən 12-ci Ümumdünya Şəhərsalma Forumu xüsusi əhəmiyyət kəsb etmişdir. Foruma həmçinin Azərbaycan Respublikası Prezidentinin  Ağdam, Füzuli və Xocavənd rayonlarında, Şuşa rayonunda, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarındakı xüsusi nümayəndələri də qatılmışlar. Forum çərçivəsində təşkil olunan Azərbaycan pavilyonunda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Böyük qayıdış proqramı, dayanıqlı şəhərsalma həlləri, mədəni irsin qorunması və "yaşıl inkişaf" strategiyası beynəlxalq iştirakçılara təqdim edilmişdir.  Beləliklə, Nyu Yorkda başlanan beynəlxalq dialoq, Varşavada UN-Habitat ilə qurulan əməkdaşlıq, Ağdamda təşkil olunan Milli Şəhərsalma Forumu və Qahirədə nümayiş etdirilən uğurlu təcrübə Azərbaycanın şəhərsalma sahəsində etibarlı və fəal tərəfdaş kimi qəbul edilməsinə zəmin yaratmışdır. 

XIX əsrin sonlarından etibarən Bakıda neft sənayesinin mərkəzi olmuş "Qara şəhər" adlanan ərazi uzun müddət ekoloji çirklənməyə məruz qalmışdır. Aparılan genişmiqyaslı təmizləmə və yenidənqurma işləri nəticəsində həmin ərazi müasir yaşayış, biznes və ictimai məkanları özündə birləşdirən "Ağ şəhər"ə çevrilmişdir. Bu dəyişiklik şəhər mühitinin bərpası, sənaye irsinin transformasiyası və daha keyfiyyətli urban məkanların yaradılması nümunəsi kimi təqdim olunur. 

Eyni zamanda Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" layihəsi müasir yaşayış, turizm, istirahət və ictimai xidmət funksiyalarını birləşdirən yeni şəhərsalma modelini təmsil edir. Layihə sahilyanı inkişaf, müxtəlif funksiyalı məkanlar və yeni urban həyat tərzinin formalaşdırılması baxımından Azərbaycanın son illər həyata keçirdiyi irimiqyaslı şəhərsalma təşəbbüslərindən biridir. Belə böyük layihələr yalnız tikinti və daşınmaz əmlak deyil, həm də Azərbaycanın özünü regional miqyasda müasir, dayanıqlı və gələcəyə yönəlmiş şəhərsalma modeli kimi təqdim etməsinin praktik nümunələri hesab oluna bilər. 

Məhz bu ardıcıl fəaliyyətin nəticəsi olaraq BMT-nin Məskunlaşma Proqramı tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Qlobal şəhərsalma platforması olan bu forumla bağlı hazırlıq tədbirləri və çoxtərəfli tərəfdaşlıq əlaqələrinin həyata keçirilməsi üçün Prezident İlham Əliyev 25 aprel 2025-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi WUF13-ün Milli Koordinatoru təyin etmişdir. Sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsinin təmin edilməsi məqsədi ilə Prezidentin 5 iyun 2025-ci il tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Bu sərəncam WUF13-ün Azərbaycanda keçirilməsinin dövlət tərəfindən strateji prioritet kimi qiymətləndirildiyini və hazırlıq prosesinin mərkəzləşdirilmiş koordinasiya mexanizmi əsasında həyata keçirildiyini göstərir.

Təşkilat Komitəsi qısa müddət ərzində forumun təşkilati, texniki, logistika, təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və protokol məsələlərinin vahid idarəetmə çərçivəsində əlaqələndirilməsini təmin etmiş, müxtəlif dövlət qurumlarının və aidiyyəti təşkilatların fəaliyyətinin uzlaşdırılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması və forumun məzmun hissəsinin hazırlanması baxımından mühüm institusional baza formalaşdırmışdır. Bu, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi sahəsində topladığı təcrübənin WUF13-ün təşkilində səmərəli tətbiq olunduğunu göstərir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əsas platformalarından biri olan bu forum bütün dünyada dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş, açıq, inklüziv və yüksəksəviyyəli konfransdır. Azərbaycan WUF13-ün ev sahibi kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Sessiyanın əsas ünvanı olan Bakı Olimpiya Stadionu regionun ən böyük və müasir məkanlarından biridir və Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirlərin təşkili üçün lazımi miqyas, çeviklik və texniki imkanlara malikdir. 

Forumun rəsmi açılış mərasimi iştirakçı ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin çıxışları ilə başlamış, tədbirin əsas mövzusu və prioritet istiqamətləri diqqətə çatdırılmışdır. Səsləndirilən çıxışlar forumun məqsədlərini, qlobal urbanizasiya gündəliyinin əsas çağırışlarını və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qalmışdır. 

Tədbirin açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki, ölkəmizin dayanıqlı şəhərsalma, tarixi-mədəni irsin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi sahəsində əldə etdiyi təcrübə dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Prezident Bakının qədim irslə müasir memarlığın vəhdətini özündə birləşdirən şəhər modeli olduğunu qeyd etmiş, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini müasir şəhərsalmanın mühüm nümunəsi kimi təqdim etmişdir. Dövlətimizin başçısı həmçinin şəhərlərin inkişafında tarixi irsin qorunması ilə innovativ yanaşmalar arasında tarazlığın vacibliyini vurğulamış, WUF13-ün beynəlxalq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm platforma olduğunu bildirmişdir. Sonda cənab İlham Əliyev forumun uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edərək iştirakçılara Bakıda səmərəli fəaliyyət və xoş səfər arzulamışdır.

Bu fikirlərin davamı olaraq BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxışında qlobal miqyasda şəhərlərin üzləşdiyi əsas problemlərə - iqlim dəyişikliyi, məcburi köçkünlük, mənzil çatışmazlığı və sosial bərabərsizlik məsələlərinə diqqət çəkmişdir. Forumun nəticələrinin qlobal mənzil böhranının həllinə və New Urban Agenda ilə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edən Rossbax tədbiri rəsmi olaraq açıq elan etmişdir.

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum çərçivəsində qlobal mənzil böhranından çıxış yolları, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiya imkanları, mənzil və iqlim dəyişiklikləri arasındakı əlaqə, mənzil təminatının sosial və iqtisadi aspektləri, eləcə də böhranlardan sonra bərpa və yenidənqurma proseslərində mənzil təminatının rolu təhlil olunmuşdur. "Qlobal mənzil böhranı: Çıxış yolu nədir?", "Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası", "Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı", "İqlim və mənzil siyasəti arasındakı əlaqə", "Mənzil təminatının sosial və iqtisadi təsiri", " Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar" kimi mövzularda dialoqlar aparılmışdır.

Sessiyada səsləndirilən çıxışlar forumun əsas ideya və prioritetlərini müəyyənləşdirmişdir. İştirakçıların 55 faizindən çoxunu qadınların təşkil etdiyi forum çərçivəsində "Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil" mövzusunda "dəyirmi masa" keçirilmiş, qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsinin müzakirəsi aparılmışdır. Eyni zamanda "Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu" mövzusunda sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunmuşdur.

"Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf" mövzusunda panel müzakirəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və post-münaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olunmuş, regionda həyata keçirilən layihələrin "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına uyğun icra olunması, yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, "yaşıl enerji" həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası  və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülməsi qeyd edilmişdir.

WUF13 çərçivəsində yerli xalqların hüquqları ilə bağlı keçirilmiş ilk tədbirdə - "Yerli xalqların hüquqları üzrə dəyirmi masa"da yerli xalqların bəşəriyyətin mədəni yaddaşını və tarixi irsini yaşadan əsas daşıyıcıları olduğu, onların hüquqlarının müdafiəsi təkcə hüquqi və siyasi deyil, həm də mənəvi və humanitar bir öhdəlik olması vurğulanmışdır. Urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir.

Sessiyanın son günü yekun mətbuat konfransı keçirilmiş, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev rəsmi bağlanış mərasimində çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycanın ilk dəfə evsahibliyi etdiyi bu mötəbər tədbir Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirdi. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təkcə region üçün deyil, həm də qlobal urbanizasiya gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. 

WUF13 rekord nəticələr və diqqətçəkən məqamlarla yaddaşlarda qaldı. Qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından forum mühüm platforma rolunu oynadı. 6 gün davam edən tədbirdə ümumi iştirakçı sayı 176 ölkədən (o cümlədən ən azı 3 000 onlayn iştirakçı olmaqla) 58000 nəfəri ötmüşdür. 60 nəfəri Azərbaycandan olmaqla müxtəlif ölkələrdən 400-dən çox spiker forumda çıxış etmişdir. Bu göstəricilər forumun 24 illik tarixində WUF13-ün ən böyük sessiya kimi yadda qalmasına səbəb olmuşdur. 

Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq ev sahibi olan ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak etmişdir. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT Baş katibinin müavini və bir sıra yüksəksəviyyəli rəsmilər təmsil olunmuşlar. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutmuşdur.

Forumun əsas nəticəsi isə "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədinin qəbul edilməsi olmuşdur. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. WUF13-ün yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırış" sənədinin 2026-cı ilin iyul ayında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Mayın 22-də Bakı Olimpiya Stadionunda WUF13-ün möhtəşəm bağlanış mərasimi keçirilmişdir. Rəsmi bağlanış mərasimi çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun sədrlik funksiyası Azərbaycandan Meksikaya təhvil verilmişdir. Növbəti WUF sessiyasının 2028-ci ildə Mexiko şəhərində keçirilməsi planlaşdırılır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün mühüm beynəlxalq hadisələrdən biri oldu. Bu mötəbər forum ölkənin qlobal səviyyədə tanınmasına, şəhərsalma və dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsinin genişlənməsinə əhəmiyyətli töhfə verdi. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin Bakıya səfəri turizm, xidmət və nəqliyyat sektorlarında iqtisadi aktivliyi artırmaqla yanaşı, Azərbaycanın mədəniyyətini və inkişaf potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı yaratdı. Forum çərçivəsində müasir şəhər idarəçiliyi, "ağıllı şəhər" konsepsiyaları, ekoloji davamlıq və yaşayış məsələləri ətrafında aparılan müzakirələr ölkənin gələcək urbanizasiya siyasəti üçün yeni perspektivlər formalaşdırdı. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müsabiqə yolu ilə həyata keçirdiyi yenidənqurma və məskunlaşma layihələrinin beynəlxalq auditoriyaya təqdim olunması ölkənin bu sahədə əldə etdiyi nailiyyətlərin tanınmasına şərait yaratdı. Bir sözlə, şəhərsalma məsələləri cəmiyyətin diqqət mərkəzində, şəhərsalma termini dillər əzbəri oldu. 

Sonda qeyd edək ki, WUF13-ün yaratdığı irs yeni investisiya imkanlarının formalaşmasına, qabaqcıl beynəlxalq təcrübələrin ölkəyə transferinə, şəhər idarəçiliyinin təkmilləşdirilməsinə və Azərbaycan şəhərlərinin dayanıqlı inkişaf prinsipləri əsasında modernləşdirilməsinə xidmət edərək uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək.


Eldar NURİYEV,

Azərbaycan İnşaat və Memarlıq ETİ-nin şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dərimizi günəş şüalarından necə qoruyaq?

08:55
11 İyun

Xəzərin dalğaları arasında...

08:50
11 İyun

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

08:45
11 İyun

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

08:40
11 İyun

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

08:35
11 İyun

Qarabağda bərqərar olan ədalət

08:30
11 İyun

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

08:25
11 İyun

Rəqəmsal Azərbaycan - yeni düvrğn idarəzilik modeli

08:20
11 İyun

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

08:15
11 İyun

QURTULUŞ MƏFKURƏSİ: xilaskarlıq missiyasından Zəfər salnaməsinə

08:10
11 İyun

Yeni reallıqlar Azərbaycanın formalaşdırdığı gündəm əsasında inkişaf edir

08:05
11 İyun

Cənubi Qafqazda yeni dövr 

08:00
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!