Ölkəmiz qlobalmiqyaslı çağırışlara hər zaman hazırdır
Prezident İlham Əliyevin Avropanın ən nüfuzlu və geniş auditoriyaya malik telekanalı olan "Euronews"a müsahibələri artıq ənənəyə çevrilib. Bu ənənə hər şeydən əvvəl Azərbaycanın reallıqlarının, beynəlxalq proseslərə baxışının və milli maraqlarının dünya ictimaiyyətinə ilkin, həm də ən mötəbər mənbədən çatdırılması strategiyasının uğurlu tərkib hissəsidir. Bu baxımdan, təsadüfi deyil ki, Bakı şəhərində keçirilən və qlobal miqyasda nəhəng əhəmiyyət kəsb edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı da eyni mənzərənin şahidi olduq.
Milli Məclisin deputatı Kamran Bayramov paytaxtımızda baş tutan bu mötəbər tədbiri işıqlandırmaq üçün dünyanın müxtəlif qitələrindən və ölkələrindən yüzlərlə kütləvi informasiya vasitəsinin nümayəndəsinin Bakıya toplaşdığını diqqətə çatdırıb: "Lakin dövlət başçımızın bu media nəhəngləri arasından məhz ilk olaraq "Euronews" televiziyasına müsahibə verməsi həm rəmzi, həm də strateji xarakter daşıyır". WUF13 çərçivəsində baş tutan bu müsahibə ölkəmizin həm beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfəni, həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi müasir şəhərsalma layihələrini qlobal auditoriyaya təqdim etmək üçün növbəti böyük imkan yaratdı. Dövlət başçısı müsahibəsində WUF13-ə evsahibliyi etməyin Azərbaycan üçün böyük bir şərəf olduğunu vurğulamaqla yanaşı, tədbirin rekord göstəricilərinə də xüsusi diqqət çəkib. Forumda dünyanın 182 ölkəsinin təmsil olunması birmənalı olaraq Azərbaycanın beynəlxalq arenada qazandığı böyük nüfuzun və rəsmi Bakıya göstərilən dərin hörmətin bariz nümunəsidir. Bu gün müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən ümdə və strateji vəzifələrdən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bu torpaqlara həyatın yenidən qaytarılmasıdır".
Deputat qeyd edib ki, otuz ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu ərazilərdə misli görünməmiş dağıntılar törədilib, şəhər və kəndlərimiz yerlə yeksan edilib. Lakin müharibənin başa çatmasından dərhal sonra Azərbaycan öz daxili imkanları hesabına regionda nəhəng və sürətli tikinti-quruculuq işlərinə start verib. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələrə, reallaşdırılan müasir infrastrukturlara diqqətçəkən Prezident İlham Əliyev Azərbaycanın bu sahədə yaratdığı unikal modeli yüksək tribunalardan bəyan edərək vurğulayıb: "Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik". Dağıdılmış ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında həyatın yenidən qurulması, həm planlı idarəetmənin, həm də güclü iqtisadi potensialın nəticəsidir. Cəmi beşillik qısa bir müddətdə görülən işlər dünya şəhərsalma və bərpa tarixində analoqu olmayan bir uğur qazanıldığını növbəti dəfə təsdiq edir.
Deputat vurğulayıb ki, Azərbaycan qlobal enerji xəritəsini yenidən formalaşdıran, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən strateji bir aktordur: "Hazırda ölkəmizin boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi coğrafiya dinamik şəkildə genişlənməkdədir. Ümumilikdə 10-u Avropa İttifaqının üzvü olmaqla, 12 Avropa ölkəsi öz enerji ehtiyaclarını məhz Azərbaycan qazı hesabına qarşılayır. Müasir beynəlxalq münasibətlər sistemində Avropanın Azərbaycan kimi etibarlı, sabit və alternativ təchizat mənbəyinə böyük ehtiyacı var. Bu reallığı nəzərə alaraq, ölkəmiz Avropa Komissiyası ilə çox səmərəli, qarşılıqlı etimada əsaslanan və gələcəyə hesablanmış sıx əməkdaşlıq platforması qurub. Bu tərəfdaşlıq təkcə iqtisadi mənfəət deyil, həm də qitənin enerji şaxələndirilməsinə verilən ən böyük töhfədir. Bununla yanaşı, qlobal proseslərə və geosiyasi böhranlara fundamental iqtisadi prizmadan yanaşan dövlətimizin başçısı müsahibəsində Yaxın Şərqdə baş verən hadisələrin dünya bazarlarına təsirini də dərindən təhlil edib. Bu hadisələrin müəyyən dərəcədə hər kəsə təsir etdiyini bildirən Prezident İlham Əliyev bəzilərinin yüksək neft qiymətlərinin resurs ölkələri üçün yalnız faydalı ola biləcəyini düşünə bildiyini söyləyərək, məsələnin görünməyən tərəflərinə və qlobal maliyyə arxitekturasının bir-birinə bağlılığına diqqət çəkib. Dövlətimizin başçısı rəsmi Bakının praqmatik maliyyə fəlsəfəsini bu sözlərlə ifadə edib: "Bəli, elədir. Ancaq eyni zamanda neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə, biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlardakı investisiyalarımızda itkilər baş verir". Prezidentin bu dərin təhlili Azərbaycanın iqtisadi idarəetmədə xam neft amilindən asılı olmadığını, əksinə, qlobal maliyyə bazarlarındakı riskləri düzgün hesablayan çevik və uzaqgörən dövlət olduğunu göstərir".
K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan təkcə öz milli maraqlarını qətiyyətlə qoruyan dövlət deyil, həm də qlobal miqyasda təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına sistemli və fundamental töhfələr verən aparıcı qüvvədir. Dünyanın 182 ölkəsindən gələn nümayəndələrin Bakıda vahid məqsəd ətrafında birləşməsi məhz Azərbaycanın beynəlxalq həmrəylik və dialoq mühiti yaratmaq strategiyasının uğurudur. Bakı platformasından verilən mesajlar dövlətimizin qlobal miqyaslı çağırışlara hər zaman hazır olduğunu və gələcək nəsillər üçün daha təhlükəsiz bir dünya naminə məsuliyyəti bölüşməkdən çəkinmədiyini bütün bəşəriyyətə bəyan edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"