Mayın 21-də Milli Məclisin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasında (MDB PA) nümayəndə heyətinin üzvləri Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan MDB PA-nın nümayəndələri ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin deputatları ölkəmizdə keçirilən WUF13-ün əhəmiyyətindən, eləcə də Azərbaycanda urbanizasiya sahəsində həyata keçirilən islahatlardan və görülən işlərdən danışıblar. Söhbət zamanı Azərbaycanın MDB PA-da fəaliyyəti, parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı və bu istiqamətdə aparılan işlər diqqət mərkəzində olub.
Görüşdə qeyd olunub ki, bu cür platformalar üzv ölkələr arasında dialoqun gücləndirilməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və regional əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir.
Görüşdə Rusiya Federal Məclisinin Dövlət Dumasının Aqrar məsələlər komitəsinin üzvü Aleksey Lavrinenko və MDB PA Şurası Katibliyinin ekspert və analitik idarəsinin model qanunvericiliyin təmin edilməsi şöbəsinin müşaviri Nataliya Amburtseva çıxış ediblər. Çıxışlarda WUF13-ün beynəlxalq əməkdaşlığın təşviqi, şəhərsalma və urbanizasiya sahəsində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanın yüksəksəviyyəli təşkilatçılığı xüsusi qeyd olunub. Həmçinin MDB PA ilə Milli Məclis arasında mövcud olan səmərəli və yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinə toxunulub.
Daha sonra çıxış edən Özbəkistanın Qanunvericilik Palatasının Sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə komitəsinin üzvü Boriy Alixanov Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 tədbirinin əhəmiyyətindən bəhs edərək, bu mötəbər tədbirin qlobal urbanizasiya çağırışlarının müzakirəsi və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi rol oynadığını qeyd edib. O, həmçinin Özbəkistan Prezidentinin tədbirdə iştirak məqsədilə Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz göstəricisi olduğunu vurğulayıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafının vacibliyi də diqqətə çatdırılıb.