WUF13 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti mühüm platformadır
Azərbaycanın beynəlxalq arenadakı nüfuzu və qlobal proseslərdəki strateji rolu Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə növbəti zirvəsinə çatıb. Bakı şəhərinin 180-dən çox ölkədən 40 mindən artıq iştirakçını qəbul etməsi, WUF tarixində mütləq rekord kimi qeydə alınıb. Bu mötəbər tədbir siyasi, iqtisadi və humanitar baxımdan Azərbaycanın dünya xəritəsindəki yerini daha da möhkəmləndirir. Bununla yanaşı, bu miqyasda toplantının yüksək səviyyədə təşkili ölkəmizin qlobal idarəetmə bacarığını əyani şəkildə gözlər önünə sərir.
A.VUÇİÇ: "İlham Əliyev o insanlardandır ki, ondan həmişə öyrəniləsi bir şey var"
WUF tarixində ilk dəfə məhz Bakıda proqrama liderlər sammiti seqmentinin daxil edilməsi forumun statusunu daha da yüksəldib. Bu, Bakını sadəcə şəhərsalma müzakirələrinin mərkəzinə deyil, həm də dövlətlərarası yüksəksəviyyəli siyasi dialoqlar platformasına çevirib.
WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu Azərbaycanın dünyaya təqdim etdiyi yeni nəsil şəhərsalma modelini mükəmməl şəkildə ortaya qoyur.
Forum çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər isə ölkəmizin diplomatik gücünü bir daha nümayiş etdirir. Serbiya Prezidenti Aleksandar Vuçiçin səmimi və strateji mahiyyət daşıyan açıqlamalarının fonunda da bu aydın görünür. Serbiya Prezidentinin bu günlərdə "X" platformasında və mətbuatda paylaşdığı fikirlər Azərbaycanın diplomatik nüfuzunun şəxsi münasibətlər müstəvisində nə qədər güclü olduğunu göstərir.
"Prezident Əliyev Serbiyanın böyük dostudur" deyə, - A.Vuçiç "X" platformasında yazıb.
O, azərbaycanlı həmkarı ilə görüş barədə də məlumat bölüşüb: "İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq".
"İlham Əliyev o insanlardandır ki, ondan həmişə öyrəniləsi bir şey var. Mən onun İran və ətrafındakı vəziyyətlə bağlı təhlilini, eləcə də regiondakı və dünyadakı vəziyyətlə bağlı ümumi təhlilini diqqətlə dinlədim. Biz çox şeydə razıyıq, amma hadisələrin mərkəzində olan bir insandan xəbər alanda həmişə yeni bir şey öyrənirsən, dünyanı daha yaxşı başa düşürsən", - deyə o əlavə edib.
A.Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib və əlavə edib ki, o, bütün məlumatları, bilikləri və ideyaları onunla bölüşür və bugünkü görüşdə iki ölkə arasında gələcək əməkdaşlığa dair bir çox mövzulara toxunulub.
"Biz dostuq və qardaşıq, ayda bir dəfə telefonla danışırıq və ildə üç-dörd dəfə görüşürük. Bütün məlumatlarımızı, biliklərimizi və ideyalarımızı bölüşürük. Bir-birimizi çox yaxşı başa düşürük".
Serbiya rəhbərinin Azərbaycan Prezidentini "dost və qardaş" adlandırması, iki ölkə arasındakı strateji tərəfdaşlığın sadəcə kağız üzərində deyil, real və intensiv dialoq üzərində qurulduğunu sübut edir. Gətirdiyimiz bu nümunənin özü Azərbaycanın etibarlı tərəfdaş imicinin ən yüksək səviyyədə təsdiqidir.
Həmçinin Vuçiçin Azərbaycan Prezidentinin təhlillərini "dünyanı daha yaxşı başa düşmək" üçün mühüm mənbə kimi görməsi, dövlət başçısı İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinə verilən beynəlxalq qiymətdir.
Böyük qayıdışın təqdimatı
WUF13 həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm platformadır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini dünya şəhərsalma elmi üçün yeni bir məktəb adlandırsaq, heç də yanılmarıq. Otuz il ərzində viran qalmış ərazilərdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, beynəlxalq mütəxəssislər tərəfindən heyranlıqla qarşılanır. Bu regionların tamamilə "yaşıl enerji" zonasına çevrilməsi Azərbaycanın qlobal iqlim hədəflərinə və ekoloji bərpaya verdiyi real töhfədir.
Böyük qayıdış proqramı çərçivəsində insanların doğma yurdlarına ən müasir şəraitdə qayıtması, postmünaqişə dövrünün unikal humanist modelidir.
Bu gün Şərqi Zəngəzur və Qarabağ həm də beynəlxalq forumların, festivalların baş tutduğu ünvan kimi tanınır. Ümumiyyətlə, təkcə paytaxt Bakının deyil, bölgələrimizin də beynəlxalq tədbirlərə evsahibliyi edəcək səviyyədə inkişafı ölkənin ümumi tərəqqisinin təzahürüdür.
COP29-un möhtəşəm uğurlarından dərhal sonra WUF13 kimi irimiqyaslı tədbirə evsahibliyi etmək Azərbaycanın həm də "sabitlik və təhlükəsizlik adası" olduğunu nümayiş etdirir.
Mayın 17-də öz işinə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dünya mediasının da diqqət mərkəzindədir.
Beynəlxalq media qurumlarının sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.
Mötəbər tədbir münasibətilə on minlərlə xarici qonağın və turistin gəlməsi Azərbaycanın turizm potensialını artırmaqla yanaşı, ölkəmizi sülh və dialoq mərkəzi kimi dünyaya tanıdır. Qonaqların ölkəmizlə bağlı unudulmaz təəssüratları Azərbaycanın mədəni irsinin və müasir simasının ən effektiv təbliğatıdır.
Vurğulamaq yerinə düşər ki, istər siyasi, iqtisadi, mədəni, idman və digər sahələr olsun, fərqi yoxdur, ölkəmizdə tədbirlər hər zaman ideal formada keçirilməsi ilə diqqət çəkib. Azərbaycan təşkilatçılığın yüksək səviyyədə olmasından tutmuş, nümunəvi evsahibliyinə, qonaqpərvərliyə, insanlarının mehribanlığına görə qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Ölkəmiz hər bir tədbirdə həm öz mədəniyyətini, həm də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək, dünyanı sülh, həmrəylik və dayanıqlı inkişaf ətrafında birləşdirmək səyləri ilə çıxış edir. Bu qlobal missiya WUF13-də də uğurla davam etdirilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"