Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Şəhərsalma yarmarkası” çərçivəsində 20–22 may tarixlərində paytaxtın üç məkanında — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsi yaxınlığında və “Deniz Mall” ətrafında müxtəlif rəngarəng proqramlar təşkil olunur.
Hər gün saat 13:00-dan etibarən fəaliyyətə başlayan yarmarka köşkləri vasitəsilə Azərbaycan şirkətləri tərəfindən müxtəlif məhsulların satışı həyata keçirilir. Dənizkənarı Milli Park ərazisindəki yarmarka saat 21:00-a qədər davam edəcək.
Bu gün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində 18:00-a qədər davam edən yarmarka ilə yanaşı, musiqi proqramı da baş tutub. Şəhər sakinləri və qonaqlar üçün müğənni Ərəstun Quliyev və “Gaga Band” çıxış edib.
Mayın 21-də isə İçərişəhərdə axşam proqramı çərçivəsində təxminən 20 rəqs nömrəsi təqdim olunacaq. Bakı Bulvarında 19:00–21:00 aralığında müğənni Arif Nemətov və “Ayna Band”ın çıxışları planlaşdırılır.
22 may tarixində isə İçərişəhərdə keçiriləcək axşam proqramında Joseph Abbas, Naz Girls və Telman Budaqovun çıxışları gözlənilir.
Bundan əlavə, WUF13 çərçivəsində “Şəhərlər oyun meydançası kimi” mövzusu əsasında idmanın şəhərsalma planlaşdırılmasında mühüm rolunu vurğulamaq məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə futbol meydançası qurulub. Üç gün ərzində “Deniz Mall” yaxınlığında təşkil olunmuş meydança saat 15:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.
Bakıda mayın 22-dək davam edəcək WUF13 “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş sessiyadır.