BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yüksək səviyyədə təşkil olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İqtisadi təhlil, məlumat və statistika bölməsinin rəhbəri, fəlsəfə doktoru Rudiger Ahrend deyib.
O, Bakıya ilk dəfə gəldiyini və şəhərdən xoş təəssürat aldığını bildirib: “Şəhər çox gözəl, insanlar isə olduqca mehribandır. WUF13-ün təşkilatçılığı məni həqiqətən heyran etdi. Tədbirin stadionda keçirilməsi çox uğurlu ideyadır. Stadion ətrafında yaradılan konfrans infrastrukturu olduqca təsirlidir”.
R.Ahrend nəqliyyat və logistika məsələlərinin də nümunəvi şəkildə təşkil olunduğunu vurğulayıb: “Giriş və çıxışlarda xaos yoxdur, çoxlu avtobus marşrutları fəaliyyət göstərir. İctimai xidmət baxımından hər şey çox peşəkar şəkildə qurulub”.
OECD nümayəndəsi forum çərçivəsində təqdim olunan yerli məlumat portalının şəhərlərin inkişafı baxımından əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, portal şəhər və regionlar üzrə keyfiyyətli məlumatların daha əlçatan formada təqdim olunmasına xidmət edir.
“Bu platforma vasitəsilə hətta mütəxəssis olmayan şəxslər belə, öz şəhərlərinin müxtəlif sahələr üzrə vəziyyətini asanlıqla görə, problemləri müəyyən edə və digər şəhərlərlə müqayisə apara bilərlər. Məqsədimiz yerli idarəetmə orqanlarının və merlərin məlumatlara əsaslanan daha düzgün strategiyalar formalaşdırmasına dəstək olmaqdır. Bu isə nəticə etibarilə şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəlməsinə töhfə verir”, – deyə Rudiger Ahrend əlavə edib.