28 Mart 2024 09:00
203
İQTİSADİYYAT
A- A+

Tezliklə Kərkicahana da köç karvanı yol alacaq

 

Son günlərin xoş xəbərlərindən biri də yaxın zamanlarda Xankəndiyə köç karvanlarının yola düşəcəyidir.  Xoş xəbər eşitmək xoşbəxtlikdir. İnsanın əhvalına işıq tutan xoş xəbər hər zaman yaşamaq həvəsini artırır, sevinci çoxaldır. İllah da bu xəbər şəxsi prizmadan çox bütövlükdə Azərbaycanla bağlı olanda üzlərdəki təbəssümün bir ayrı sehri görünür. 
Azərbaycan xalqı  bu sehrli təbəssümü 30 il gözlədi. Atəşkəs dövrü olsa da, gələn şəhid xəbərləri hər dəfə millətin yarasını sızlatdı. İllərlə qanı axan yara qaysaq bağlamadı.  Nəhayət, 44 günlük savaşın zəfər sevinci insanların təbəssümünü özünə qaytardı.  Müharibə günlərində  cəbhədən gələn qələbə xəbərləri Azərbaycan xalqının qəm-qüssədən əyilmiş belini dikəltdi. 10 Noyabr Zəfər Günü şad xəbərlərin ən əzəmətli akkordu oldu. Bu akkordu vuran Azərbaycan  əsgəri və Ali Baş Komandan İlham Əliyev xalqa əbədi təbəssüm bəxş etdilər. 
Müharibə bitəndən dərhal sonra Qarabağda aparılan bərpa-quruculuq işləri də bir ayrı şadlıqdan xəbər verdi. Dağıdılmış, viran qalmış yurdlar indi durmadan yenidən qurulur, şəhərlər, qəsəbələr tikilir, "ağıllı kənd"lər salınır.  Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və sənaye parkları yaradılır. Bir sözlə, ötən 4 ildə işğaldan azad olunmuş ərazilərdə görülən nəhəng işlər Azərbaycan xalqının  üç onillik qanı axan yarasına məlhəm oldu. Bu yara keçmiş köçkünlərin  doğma yurd yerlərinə  yol alan köç karvanları ilə sağalır. Hər köç karvanı illərin  həsrətinə meydan oxuyan  sevinc hissi ilə "yüklənib" doğma ocağın istiliyini artırır.
Şad xəbərlərin ən möhtəşəmi 2023-cü ilin sentyabrında  lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Xocavənd, Kərkicahan, Ağdərənin separatçılardan təmizlənməsi oldu. "Qarabağda antiterror tədbirlərinə başlanıldı" xəbərindən 23 saat 43 dəqiqə sonra "Separatçılar təslim oldu" xəbəri bütün Azərbaycanı sevincə qərq etdi. Torpaqlarımız düşməndən qarış-qarış təmizləndi, Vətən bütövləşdi, dövlətin suverenliyi tam təmin edildi. İllərlə düyünə düşmüş, beynəlxalq qurumların belə həll etmək istəmədiyi Qarabağ problemini Prezident İlham Əliyev özü çözdü. Bu, İlham Əliyevin xalqı və dövləti qarşısında etdiyi ən ali xidmətidir. 30 illik Qarabağ həsrətinin tükənən ümidi ölmədi, əksinə, "dəmir yumruq" əbədiyyət qazandı. "Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki,  bu gün gələcək" - bu sözləri Prezident İlham Əliyev  ötən il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli bayrağımızı qaldırarkən söyləyib. 
O zamandan yarım ilə yaxın vaxt keçib. Bu gün Xankəndi çox dəyişib. Şəhərdə durmadan yenidənqurma işləri aparılır, köhnə binalar əvvəlki görkəminə qaytarılır, yeniləri ucaldılır, separatçıların inşa etdiyi qanunsuz tikililər sökülür, erməni izləri tamamən silinir. Xankəndi çox keçməz ki, öz qapılarını doğma sakinlərinin üzünə açar. Köçkün düşmüş azərbaycanlıların doğma evlərinə köç etdikləri günün sevincini bütövlükdə Azərbaycan xalqı yaşayacaq.  
Verilən xəbərə görə, ilk köç Kərkicahan qəsəbəsinə olacaq. O Kərkicahana ki, 1991-ci il dekabrın 28-də ermənilər tərəfindən işğal edilmişdi. Onu da deyək ki, Kərkicahan asanlıqla təslim olmamışdı. Ermənilərlə döyüşdə 34 nəfər həlak olmuş, 150 nəfər müxtəlif dərəcəli yara  almışdı. Ozamankı məğlubiyyət demək olar ki,  Xocalının və Şuşanın taleyinə qara kölgə salmışdı. Xocalı şəhəri ilə əlaqə  tamamilə kəsilmiş, Şuşanın ətrafı tutulmuşdu. Beləcə, Kərkicahan ermənilərin tam nəzarətinə keçmişdi. Ötən illərdə Xankəndinin bir parçası olan Kərkicahanda ermənilər yeni binalar tikdilər. O zamanlar özünü qondarma "Dağlıq Qarabağ Respublikası"nın lideri sayan, bu gün isə Azərbaycan həbsxanasında "çay içən"  Bako Saakyan 2015-ci ildə  Kərkicahanda "böyük xaç abidəsi"nin aşılışında iştirak etmişdi. Nə xoş ki, o mənfur abidənin bu gün izi-tozu belə yoxdur!
1989-cu ilin rəsmi siyahıyaalınmasına görə, Kərkicahanın əhalisi 2000 nəfər olub. Ermənilər həmin sakinləri yurdlarından didərgin salmaqla kifayətlənməyiblər. İşğal dövründə 2 orta məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektlərini dağıdıblar. Bu gün Kərkicahanda evlər bərpa olunur, dağıdılanlar yenidən tikilir, hər tərəf abadlaşdırılır. Müasir infrastruktur qurulur, qaz, işıq, su təchizatı belə yenilənir.  Vandallar Şuşanın cəmi bir neçə kilometrliyində yerləşən Kərkicahanın mədəniyyət tarixini də silməyə çalışıblar. Buradakı alban məbədinin daşları üzərindəki  qədim yazıları silib erməniləşdirməyə cəhd ediblər.  Amma alınmayıb, çünki tarix saxtakarlığı sevmir, gec-tez gerçəkləri üzə çıxarır. 
Onu da qeyd edək ki, köçkünlük dövründə Azərbaycanın müxtəlif yerlərində məskunlaşmış əhaliyə xoş xəbəri ilk olaraq Prezident İlham Əliyev 2024-cü ilin birinci günü vermişdi: "2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar". Bu xoş xəbərin reallaşacağı günə çox az zaman qalıb. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video