29 Mart 2024 08:55
261
İQTİSADİYYAT
A- A+

Təzə ad düşərli olub

 

Göygöl rayonu bir neçə ildir bütün sahələrdə uğur ardınca uğur qazanır

 

Son illər həyata keçirilən islahatlar, iqtisadiyyata cəlb olunan investisiyalar regionların da inkişafını sürətləndirmişdir. Reallaşdırılan infrastruktur layihələri isə regionlarda yaşayan əhalinin həyat səviyyəsini yüksəltmişdir. Bu baxımdan Göygöl rayonu da istisna deyil. 
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda heyvandarlığın inkişafına daha çox diqqət yetirilir. Bu hesaba rayonun təsərrüfatlarında ilk növbədə mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Nəticədə təkcə keçən il süni yolla 700 baş bala alınmışdır. Süni mayalanma yolu ilə alınmış hər buzova görə fermerlərə dövlət tərəfindən subsidiya ödənilmişdir. Bundan başqa, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması, arıçılığın inkişafı istiqamətində də tədbirlər həyata keçirilir. Həmin məqsədlə fermerlər arasında maarifləndirmə işləri aparılır, sözügedən sahələrdəki problemləri daha yaxından öyrənmək üçün Göygöl Aqrar İnkişaf Mərkəzi yanında yaradılmış Fermerlər Şurası fəaliyyətini gücləndirir. Bu çərçivədə şuranın təsərrüfat sahibləri ilə təşkil etdiyi görüşlər nəticəsiz qalmır. Bütün görülən işlərin sayəsində Quşçu və Sarısu kəndlərində 10 fermer 27 hektar sahədə kartofçuluq təsərrüfatları yaratmışdır.
Rayon ərazisində fəaliyyət göstərən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda iri və xırdabaşlı heyvanların seleksiya-damazlıq işlərinin aparılması üçün kompleksin tikintisinə başlanılmışdır. Hazırda burada xaricdən gətiriləcək qoyun və keçilərin saxlanması üçün hazırlıq işləri aparılır. Artıq institutun laboratoriyaları xarici avadanlıqlarla təchiz edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, institutda ilk dəfə olaraq qoyunçuluq ferması yaradılmış, qeyri-ənənəvi sayılan xəz dərili heyvanların, eləcə də dovşançılığın inkişafı üçün xüsusi yerlər hazırlanmışdır. 
Rayonda aqrar sahə ilə yanaşı, digər sahələrin inkişafına da diqqət çoxdur. Həm iqtisadiyyatın çoxsahəli inkişafına nail olunması, həm də əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlər hesabına "Xanne" MMC-nin toxuculuq, "Mikron" MMC-nin mərmər tozu istehsalı, "Kalsit" MMC-nin isə mərmər qranula istehsalı müəssisələri istifadəyə verilmişdir. Hazırda "Göygöl-56" MMC-nin pivə istehsalı, həmçinin "NURAB" MMC-nin mineral sular istehsalı müəssisələrinin tikintisində tamamlama işləri görülür. Söz düşmüşkən bildirək ki, keçən il rayonda 3 yeni müəssisə istifadəyə verilmişdir. Bunlar "Qəriboğlu" MMC-nin məişət və sanitar gigiyena təyinatlı kağız məmulatlarının istehsalı, "Qafqaz Sement" MMC-nin çınqıl istehsalı, "Qlobal Mininq" MMC-nin qızıl xammalının çıxarılması və daşınması müəssisələridir.
Göygöldə iş adamlarına yaradılan şəraitdən bəhrələnən fərdi sahibkarlar da yeni müəssisələr yaradırlar. Məsələn, sahibkar Şəmil Cahangirov istehsal olunan kənd təsərrüfatı məhsullarının yığılması, tədarükü, çeşidlənməsi, qurudulması və qablaşdırılması məqsədilə inşa etdirdiyi binada son tamamlama işləri görür. Bundan başqa, sahibkar 12 hektarda yeni intensiv meyvə bağı da salmışdır.
Rayonda tərəvəz istehsalı üçün istixanaların yaradılmasına da maraq çoxdur. Bu sahəyə maraq göstərənlərdən biri Famil Nəsibovdur. O, Quşqara kəndində 2 hektar ərazidə  müasir tələblərə cavab verən istixana tikmişdir. İstixanada ilboyu tərəvəz yetişdiriləcək. 
Göygöl heyvandarlıq rayonu olduğu üçün burada baytarlıq xidmətinin maddi-texniki bazasına, baytarlıq işinin keyfiyyəti və səmərəliliyinə xüsusi fikir verilir. Yeri gəlmişkən, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən rayon baytarıq idarəsi hər zaman lazım olan biopreparatlarla və digər vasitələrlə təmin olunur.
Bir neçə cümlə də rayon ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə. Həm ötən il, həm də cari ilin ötən ayları rayondakı park və xiyabanlar, istirahət mərkəzləri yenidən qurularaq müasir görkəmə salınmış, Göygöl şəhərinin bir çox küçəsinə asfalt örtüyü çəkilmiş, Gəncə-Üçtəpələr-Firuzabad və Aşıqlı-Köşkü-Üçbulaq avtomobil yollarının yenidən qurulması işlərinə başlanılmışdır. 
Göygöl rayonunun bir hissəsi dağlıq ərazidə yerləşdiyindən bu ərazilərin qış mövsümündə mavi yanacaqla təminatı həmişə diqqət mərkəzində saxlanılır. Hazırda rayonda 18437 abonent təbii qazdan istifadə edir. Lakin elə kəndlər var ki, onlar hələ qazlaşdırılmamışdır. Amma bu istiqamətdə işlər görülür. Məsələn, keçən il rayonun Hacıməlik, Yeni Qızılca, Qızılqaya və Mollacəlilli kəndlərinə yeni qaz xətləri çəkilmiş, abonentlər qaz sayğacları ilə təmin edilmişlər. Hazırda isə Gəncə kəndində 90 abonentə, Üçtəpələr, Firuzabad və Quşqara kəndlərinə qaz xətləri çəkilir.
Göygöl Suvarma Sistemləri İdarəsi də üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Bunun nəticəsində istər suvarmada, istərsə də içməli su təminatında heç bir ciddi çətinlik yaranmır. Gələcəkdə də bu sahədə problemin yaranmaması üçün Kürəkçay çayından rayon mərkəzinə magistral su xətti çəkilir. Bu xətt rayon əhalisinin su təminatını xeyli yaxşılaşdıracaq.

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video