23 Yanvar 2022 00:41
601
Mədəniyyət

Tarixi abidələrin qorunması və bərpası işləri davam etdirilir

 

Azərbaycan Prezidenti tərəfindən 2019-cu il oktyabrın 22-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalanıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılması dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, idarəçilikdə səmərəliliyin təmin edilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin və qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də bu abidələrin genişmiqyaslı tədqiqini təmin edir.

Regional idarələrin kadr potensialı qabaqcıl təcrübə əsasında müsahibələr vasitəsilə formalaşdırılıb. 23 nəfər qazi və şəhid ailələrindən olanlar dövlət xidmətinin əməkdaşları sıralarına qoşulub. Hazırda regional idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Mədəni irsin qorunmasının kompleks şəkildə təşkili məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri il ərzində davam etdirilib. Hesabat dövründə 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, onların mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

Dövlət xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işidir. Şabran rayonunda yerləşən Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilir. Qazax rayonunda Müəllimlər Seminariyasının binasının bərpasına başlanılıb. Daha 10 abidədə bu işlərin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.

Ötən ilin martında “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri” və “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq olunub.

Bundan başqa, abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılmasının qarşısı alınıb, abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə əlaqədar aşkara çıxan yeddi hal hüquq-mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub. Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonunun Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan aparılan işləri bunlara misal göstərmək olar.

İşğaldan azad olunmuş ərazilərdəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşdırılması və mühafizə tədbirləri barədə verilən məlumatda bildirildi ki, monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Bunlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Beynəlxalq əməkdaşlıq sahəsində də xeyli uğurlar qazanılıb. Belə ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib. “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokolu üzrə Komitənin üzvü seçilib.

Ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirib və müvafiq məlumatlar toplanıb. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos ölkəmizə səfəri çərçivəsində Füzuli və Ağdam şəhərlərində olub. Qonaq işğalçı Ermənistanın törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.

Ötən il Zəfər gününün birinci ildönümünə həsr edilmiş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans da yaddaqalan olub. Tədbirdə yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi qarşıda yeni vəzifələr və məqsədlər qoyub. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb. Hazırda “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər davam etdirilir.

Bundan əlavə, Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, onların identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb.

“İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “Yol xəritəsi” hazırlanaraq təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının baş planları ilə bağlı müvafiq rəy də hazırlanıb, aidiyyəti üzrə müəyyən təşkilata göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Ötən il Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr də hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

 

İ.ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video