Prezident İlham ƏLİYEV: “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”
Elə ideyalar var ki, zaman keçdikcə sadəcə siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəyə dair vahid baxışın ifadəsidir.
Azərbaycançılıq təsadüfən yaranmış ideoloji yanaşma deyil. Onun təməlində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və tarixi sınaqlardan keçərək formalaşmış birliyi dayanır. Həmin ideologiyanın müasir Azərbaycan dövlətçiliyində möhkəmləndirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində azərbaycançılıq ideyası cəmiyyəti birləşdirən, milli həmrəyliyi gücləndirən, dövlətçiliyin qorunmasını ümummilli məqsədə çevirən möhkəm ideoloji dayağa çevrildi.
Bu ideyanın gücü ən ağır tarixi sınaqlarda özünü göstərdi. Azərbaycan zaman-zaman siyasi təzyiqlərlə, hərbi təhdidlərlə, iqtisadi çətinliklərlə üzləşdi. Amma hər zaman Vətənə bağlılıq, milli iradə və müstəqillik əzmi xalqımızı ayaqda saxladı. Həmin iradə illərlə davam edən mübarizədə, torpaq həsrətində, şəhidlərin qanı ilə yazılan tarixdə öz təcəssümünü tapdı.
Bu gün azərbaycançılıq məfkurəsi dövlət siyasətimizin ideoloji əsaslarından biri olmaqla yanaşı, milli birliyimizin, həmrəyliyimizin və gələcəyə baxışımızın başlıca fəlsəfəsidir. Prezident İlham Əliyevin dünən Xankəndidə Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər də bu məfkurənin müasir Azərbaycan üçün daşıdığı əhəmiyyəti bir daha aydın ifadə edir. Dövlət başçısı azərbaycançılığın xalqımızı birləşdirən, bütün uğurlarımızın təməlində dayanan və bizi gələcəyə aparan milli ideya olduğunu vurğulayaraq deyib: “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur”.
Bu fikirlər azərbaycançılığın yalnız tarixi keçmişimizdən qaynaqlanan ideya olmadığını, həm də bugünkü dövlətimizin inkişaf istiqamətini və sabahımızın konturlarını müəyyənləşdirən milli məfkurə olduğunu göstərir. İdeyanın ən böyük gücü isə müxtəlifliyimizi birliyə, fərqli baxışlarımızı ümumi məqsədə, vətəndaşlıq məsuliyyətimizi vahid dövlətçilik iradəsinə çevirə bilməsindədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün siyasi, iqtisadi və hərbi baxımdan müstəqil qərarlar qəbul edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Lakin güclü dövlət olmaq yalnız əldə edilən uğurlarla kifayətlənmək demək deyil. Güc həm də sabahı düşünmək, mümkün təhdidləri qabaqlamaq, iqtisadi və texnoloji inkişafı sürətləndirmək, müdafiə qabiliyyətini daim yüksəltmək, gənc nəslin intellektual potensialını artırmaqdır. Əsl müstəqillik elə bir qüdrətə sahib olmaqdır ki, kimsə ölkəmizə qarşı təhdid planları qurmağı ağlından belə keçirməsin. Bu, sülhün, təhlükəsizliyin və suverenliyin etibarlı təminatı olan güclü dövlət quruculuğunun fəlsəfəsidir.
Azərbaycançılıq məfkurəsi gələcəyin Azərbaycanını qurmaq ideyasıdır. Bu ideologiyanın daşıyıcısı olan hər bir vətəndaş bilməlidir ki, dövlətə bağlılıq yalnız bayrağa sevgi ilə məhdudlaşmır. Bu, öz işinə məsuliyyətlə yanaşmaq, qanunlara hörmət etmək, milli maraqları qorumaq və gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşımaqdır.
Azərbaycançılıq birgəyaşayış mədəniyyətidir. Bu torpaqda yaşayan hər bir insanın dili, dini, etnik mənsubiyyəti fərqli ola bilər, lakin Vətən birdir, dövlət birdir, gələcək birdir. Bizi birləşdirən də məhz bu ortaq taledir. Azərbaycanı Azərbaycan edən onun rəngarəngliyi, bu rəngarəngliyi vahid milli kimlik ətrafında birləşdirə bilən həmrəyliyi və mənəvi bütövlüyüdür.
Bu gün Zəfər tariximizin işığında gələcəyə baxarkən bir həqiqəti unutmamalıyıq: dövlətin gücü xalqının birliyindən, xalqın gücü isə öz dövlətinə inamından başlayır. Dünən torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşən xalqımız bu gün də quruculuq, inkişaf və tərəqqi naminə eyni həmrəyliyi nümayiş etdirməlidir.
Zəfər bizə gücümüzü, iradəmizi və tarixi məsuliyyətimizi bir daha xatırlatdı. İndi qarşımızda daha böyük vəzifə dayanır. Bu, tarixi qələbəni davamlı inkişafın, elmin, mədəniyyətin, iqtisadi qüdrətin və güclü dövlətçiliyin Zəfərinə çevirməkdir. Çünki Vətən gələcək nəsillərə əmanətdir. Onu qorumaq, ucaltmaq, daha qüdrətli etmək hər birimizin borcudur. Köklərimizdən güc alaraq gələcəyə inamla addımlamaq, milli birliyimizi qorumaq və müstəqil Azərbaycanın heç vaxt zəifləməyəcək dövlətçilik iradəsini yaşatmaq azərbaycançılıq məfkurəsinin əsl mahiyyətidir.
Zəfərimiz tariximizdir, birliyimiz gücümüzdür, müstəqilliyimiz isə gələcəyimizin ən böyük təminatıdır!
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”