15 İyun 2025 08:20
912
SİYASƏT
A- A+
Tarix yaradan lider

Tarix yaradan lider


Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət isə ondan ibarətdir ki, şəxsiyyətlər də öz növbəsində tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin Xilaskarı missiyası.

Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: "Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur". O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, "asayişə "hə", xaosa "yox" dedi". Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar. 

Ümummilli Lider Heydər Əliyev də 1993-cü il iyunun 9-da Bakı şəhərinə qədəm qoyarkən Azərbaycanda dövlətçilik itirilimişdi, deməli, heç nə yox idi. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını  qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.

Prezident İlham Əliyev  haqlı olaraq  qeyd etmişdir ki, Heydər Əliyevin 1970-1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı.

 Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş illəri "milli intibah dövrü" kimi xarakterizə olunur. Bu dövrün hər iki mərhələsi (1969-1982-ci və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, zəmanəmizin dühasının xalqa, vətənə xidməti hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardırlar. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.

Bütün bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı dayanır. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində  bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.

 Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, "1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar".

Bundan savayı, AXC-Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda "Cənubi Azərbaycan" problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci əlavə"ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda "Talış Muğan Respublikası"nın elan edilməsi, şimalda "Sadval" təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin qiyam qaldırması həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 1174 faiz, 1993-cü ildə isə 1080 faizə çatmışdı. 1993-cü ildə ÜDM 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi. Bu məqamda Prezident İlham Əliyevin  həmin dövrü tam xarakterizə edən fikirlərinə diqqəti cəlb etmək yerinə düşər: "1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr  itirilmiş imkanlar, itkilər dövrü idi... 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr  biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi".

Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Məhz onun təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, amnistiya aktı qəbul olundu və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Demokratik dövlət quruculuğu istiqamətində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq  qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, mərhəmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır.  Mehriban xanım Əliyeva haqlı olaraq vurğulayır ki, "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam".

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. 

Siyasi sabitliyə və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də "yeni neft diplomatiyası" təşkil edirdi.

Azərbaycanın yeni enerji strategiyasının memarı Ümummilli Lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz strategiyasının formalaşmasında həlledici əhəmiyyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. 1994-cü il sentyabrın 20-də  dünyanın 8 ölkəsindən 12 şirkətin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı. 

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 milyard tondan artıq neft və 2,6 trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri), 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bu sırada Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir. Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş qaz yataqları 1,2 trilyon kubmetr təşkil edir. "Ümid" yatağında 200 milyard kubmetr, "Babək" yatağında 400 milyard kubmetr, "Abşeron" blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək  2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, "neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı". Söhbət ilk növbədə "Cənub qaz dəhlizi"ndən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas halqalardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. "Şahdəniz-2" layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə "Cənub qaz dəhlizi"nin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. "Cənub qaz dəhlizi"nin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. 31 dekabr 2020-ci ildən Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "yeni neft diplomatiyası"nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 22 il ərzində özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalından azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Məhz Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi Vətən müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillər oldu. O qələbə ki şəhidlərimizin ruhunu şad etmişdir, o zəfər ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı,  Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə  işğal altındakı  bütün ərazilərimizi  öz  əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır.


Elman NƏSİROV,

Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!