Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiyanın Ukrayna-Rusiya münaqişəsinə təsiri istisna edilmir. Xüsusilə, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə sülh prosesi səngisə, Rusiya ordusunun cəbhədə kütləvi yaz-yay hücumlarına başlayacağı real görünür.
Ukraynalı hərbi ekspert Dmitriy Jmailo AZƏRTAC-a açıqlamasında Rusiyanın bu il 15 yeni diviziya yaratmaq planı olduğunu bildirib. Əsas prioritet isə Donetskin sərhədlərinə çıxmaqdır.
O deyib: “Rusiya ordusu yaz-yay hücum kampaniyasına hazırlaşır. Əlbəttə ki, düşməni qiymətləndirməmək olmaz. İndi, ruslar təbii olaraq mövqelərimiz arasında sızmağa çalışırlar. Onların planı daha da iddialıdır. 15 yeni diviziya yaratmaq və mövcud diviziyalardan birini orduya çevirmək. Burada məqsəd aydındır - Kostyantinivka və Drujkovkanı, sonra isə birbaşa Kramatorsk-Slavyansk ərazisini ələ keçirmək”.
Ukraynalı ekspert hesab edir ki, Rusiyanın yaz-yay hücumlarının qarşısını almaq üçün Ukrayna ordusu öz hazırlıqlarını görüb.
“Ukrayna hazırda pilotsuz uçuş aparatları sistemlərini qurur, onların sayını artırır. Əsas məqsəd Rusiya ordusunun hücum intensivliyini azaltmaqdır. Qlobal miqyasda müdafiə qüvvələri indi fərqli prioritetlər müəyyən edir: bir nömrəli prioritet canlı qüvvənin məhv edilməsidir, texnika isə ikinci prioritetdir”, - deyə ukraynalı hərbi ekspert əlavə edib.
Qeyd edək ki, Ukrayna ordusu da öz hücumlarına ara vermir. Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, cənub istiqamətində həyata keçirilən əks-hücumlar nəticəsində son bir ayda 9 yaşayış məntəqəsi işğaldan azad edilib.