O, yaratdığı obrazlara əbədiyaşarlıq ömrü verən əsl sənətkar, bənzərsiz səhnə ustası idi. İfa etdiyi bütün rollar qısa müddətdə məşhurlaşaraq tamaşaçıların sevimlisi olurdu. Yaratdığı obrazları ondan sonra ifa etmək mümkün deyil. Hər bir obraza sanki öz möhürünü vurub.
Görkəmli teatr və kino aktyoru, canlandırdığı obrazlarla mədəniyyət tariximizi zənginləşdirən aktyorlardan biri, səhnəmizin "Qoçu Əsgər"i Möhsün (Sənani) Sadıq oğlu Cəfərovdan bəhs edirik. O, 1900-cü il iyunun 19-da Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Atası Sadıq kişi rozəxanlıq edərmiş. Möhsün Sənani kiçik yaşlarında ata-anasını itirdiyi üçün nənəsinin himayəsində böyüyüb. Nənəsinin arzusu onu gələcəkdə atası kimi mərsiyəxan görmək idi. Elə bu məqsədlə də onu ruhani təhsili almaq üçün 1906-cı ildə mədrəsəyə qoyur.
Dörd-beş yaşlarında valideynlərinin itirən Möhsün Sənaninin nənəsi də 1908-ci ildə vəfat edir. Həyatın acılarını çiynində daşıyan gələcək aktyoru xalası molla Zinyət öz himayəsinə götürür. Sonralar o, uşaqlıq illərini xatırlayarkən həmişə xalası Molla Zinyətin Möhsünü öz uşaqlarından çox istədiyini deyərdi. Xatırladaq ki, Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anasıdır. Zinyət xanımın özünün ailə üzvlərinin çox olmasına, maddi vəziyyətinin heç də yaxşı olmamasına baxmayaraq, Möhsünə və bacısına öz doğma övladı kimi baxırdı. Möhsünün yaşı az olsa da, xalasına yük olduğunu düşünüb bundan xəcalət çəkir, ailəyə kömək etmək üçün çıxış yolu axtarırdı. Odur ki, 1909-cu ildən işləməli olur. Möhsünü bir gürcü dostunun atası tramvay parkında işə düzəldir. O, aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasına da kömək edib ailənin vəziyyətini yüngülləşdirir.
Mərhum aktyorun qızı Bakı Dövlət Universitetinin rus dili müəllimi Gülər xanım atasının uşaqlıq illərindən danışarkən demişdir: "O, "Şeytanbazar"da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşıb. Uşaq olanda valideynlərini itirən atamı və bibimi xalası saxlayıb. Atam 15 yaşına qədər Tiflisdə yaşayıb, hamballıq edib, konduktor işləyib, zirvəyə çatana qədər min əzabdan keçib".
Yeniyetməlik yaşlarından səhnəyə maraq göstərən Möhsün Sənani yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarını böyük həvəslə izləyirdi. O zaman dərvişlər meydanlarda xoş avazla oxuyarmışlar. Bu zaman Möhsün Sənani onları heyranlıqla dinləyər, sonra da təqlid edərmiş.
İlk dəfə 1911-ci ildə aktyor böyük izdiham qarşısında çıxış edir. Bənzərsiz istedadı ona ilk çıxışı zamanı dinləyicilərin qəlbinə yol tapmaq imkanı qazandırır. Beləliklə, Möhsün Sənani 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə müxtəlif rolları canlandırır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olub. Mirzəxan Quliyev və Möhsün Sənaninin canlandırdığı obrazlara tamaşa edən, Tiflis teatrında çalışan Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi görkəmli aktyorlar onun istedadına ümid edirlər. Böyük sənətkarların ona olan inamını hiss edən Möhsün Sənaninin səhnəyə olan marağı daha da artır. Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, qayğıkeş olması idi. M.Sənani aktyora çox vacib olan oxumaq, oynamaq, musiqi alətlərində ifa etmək bacarığına malik sənətkar idi.
Artıq 1915-ci ildə M.Sənani Tiflis truppasına cəlb edilir. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün işlərdən əl çəkib aktyorluqla məşğul olmağa başlayır. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Onların sırasında Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və adlarını çəkmədiyimiz digər sənətkarlar var idi. Möhsün Sənani onların arasında ən gənc aktyor idi. İlk rollarından o, elə bir etimad qazanmışdı ki, gənc olmasına baxmayaraq, az bir zamanda Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rolları yaratmaq ona tapşırılır. Elə bu rollar da ona bacarıqlı, işinin peşəkarı kimi qısa zamanda şöhrət qazandırır. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində görünməyə başlayır. O, nəinki teatrda, eləcə də kinoda yaddaqalan, təkrarolunmaz obrazlar qalereyası yaradır. "Aktrisanın təbəssümü", "Altıncı hiss", "Bayquş", "Bəxtiyar", "Bir məhəllədən iki nəfər", Bismillah", "Bizim küçə", "Dağlarda döyüş", "Fətəli xan", "İsmət" ,"Kəndlilər", "Kölgələr sürünür", "Koroğlu", "Qara daşlar", "Qız qalası əfsanəsi", "Qüdsi", "Mollanın sərgüzəşti", "Nağılların Dərbəndi", "O olmasın, bu olsun", "Səbuhi", "Səhər" və bir çox film kinosevərlərin yaddaşına Möhsün Sənanin rol aldığı filmlər kimi həkk olunub.
Ömrünün son vaxtlarında aktyorun səhhətində ciddi problemlər yaranır, gözləri zəif görür. Yüksək qan təzyiqindən əziyyət çəkən, illərlə səhnə həyatı yaşadığı iş yoldaşlarından ayrı düşdüyünə görə fikir edən aktyor xəstəxanada ikən iki dəfə infarkt keçirir. Möhsün Sənani 11 fevral 1981-ci ildə vəfat edir.
Görkəmli aktyor çoxillik səhnə faəliyyətinə görə "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri , "Əmək veteranı" və "Əmək igidliyinə görə" medalları ilə təltif edilib.
Elşən QƏNİYEV,
"Azərbaycan"