Qəhrəmanlıq tarixi bəzən bir günə, bir gecəyə də sığır. Bəzən elə hadisələr də baş verir ki, bir insanın taleyi bütöv bir xalqın yaddaşına çevrilir. 2016-cı ilin aprelində baş verən döyüşlər xalqın yaddaşına qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir.
İllərlə səngərdə gözünü qırpmadan dayanan, Vətənin hər qarış torpağını ruhunda, canında yaşadan, ürəyində daşıyan Azərbaycan əsgəri hər an döyüş əmrini gözləyirdi. Nəhayət, o an 2016-cı ilin aprelində yetişdi. Düşmənin təxribatına cavab olaraq əks-hücum əmri verildi. Bu, təkcə bir hərbi əməliyyat deyildi, illərlə davam edən həsrətin, qürurun, haqq savaşının başlanğıcı idi.
Həmin gün ön sırada olanlardan biri də mayor Samid Gülağa oğlu İmanov idi. Uşaqlıqdan arzusu zabit olmaq, işğal olunmuş torpaqları azad etmək idi. Bu arzu onu Neftçalanın Həsənabad qəsəbəsindən ən çətin hərbi təlimlərə, beynəlxalq kurslara, döyüş meydanlarının ön xəttinə qədər gətirib çıxarmışdı.
Zabit Samid İmanov əsgərlərinə yalnız tabeliyində olan döyüşçü kimi baxmırdı. Onlar onun üçün silahdaşdan da artıq yaxın dost, sirdaş, Vətənin canlı parçası idilər. Bu səbəbdən də döyüş meydanında verdiyi hər qərar yalnız taktiki yox, həm də vicdanın, insanlığın səsi idi. Aprel döyüşləri onun qəhrəmanlıq səhifəsinin zirvəsi oldu. Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə Samid ön xətdə idi. O, düşmənlə üz-üzə, mərmi yağışı altında geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Çünki onun üçün geri çəkilmək yalnız mövqe dəyişikliyi demək deyildi, həm də bir zabit şərəfinin, döyüşçü ləyaqətinin sınağı demək idi. Bir də Samid geri çəkilməyi sevmirdi.
Samid kimi zabitlər məhz belə məqamlarda tarix yazırlar. Onun həyatı iradənin, peşəkarlığın və vətən sevgisinin canlı nümunəsidir. 1981-ci ilin payızında Neftçalanın Həsənabad qəsəbəsində dünyaya göz açan gənc hələ məktəb illərindən Vətənə xidmət etməyi özünə məqsəd seçmişdi. 1998-ci ildə daxil olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qazandığı biliklər və aldığı tərbiyə onu gələcəyin peşəkar zabitinə çevirdi. Həmin məktəbi fərqlənmə ilə bitirməsi və Ulu Öndər tərəfindən mükafatlandırılması onun nə qədər seçilən bir hərbçi olduğunun ilk göstəricilərindən idi.
O, sadəcə nəzəri biliklərlə kifayətlənmədi. Türkiyədə, Pakistanda, İsveçrədə, Rumıniyada keçdiyi təlimlər, qatıldığı beynəlxalq kurslar onun hərbi təcrübəsini daha da genişləndirdi. "Komando təlimi", "Paraşütdən sərbəst atlama", "Antiterror əməliyyatları", "Dağ təlimləri" - bütün bunlar Samidin simasında müasir, çevik və yüksək hazırlıqlı xüsusi təyinatlı zabit formalaşdırdı.
2014-cü ildə təmas xəttində baş verən gərginlik zamanı onun rəhbərlik etdiyi dəstənin düşmən arxasına keçərək uğurlu əməliyyat həyata keçirməsi, qarşı tərəfin xeyli canlı qüvvəsini məhv etməsi onun döyüş təcrübəsinin və liderlik keyfiyyətlərinin bariz nümunəsi idi. Bu, artıq təkcə bir zabitin uğuru yox, Azərbaycan Ordusunun gücünün, iradəsinin göstəricisi idi.
Amma Samidin həyatında ən böyük imtahan 2016-cı ilin aprelində oldu. Aprelin 3-dən 4-nə keçən gecə… Talış istiqamətində səngərlər od-alov içində idi. Bu gərgin məqamda Samid yenə ön sırada idi. Gecənin səssizliyi gurlayan mərmi səsləri ilə parçalanır, torpaq sanki hər partlayışda titrəyirdi. Qəhrəman zabitin gözləri parıldayır,ürəyi qəzəb, nifrət hayqırırdı. Bu, adi bir döyüş deyildi, illərlə yığılan qəzəbin, ədalət istəyinin savaşı idi. Belə bir məqamda döyüşün ən qızğın anında o, ayağından və çiynindən qəlpə yarası aldı. Buna baxmayaraq, Samid irəliləməkdə davam etdi. Əsgərləri onu döyüş meydanından çıxarmaq istədikdə, qətiyyətlə etirazını bildirdi. Onun üçün özünün yox, əsgərinin həyatı daha önəmli idi. O, yaralı gizirin çıxarılmasını əmr etdi. Bu, sadəcə bir əmr deyildi, bir zabitin öz əsgərinə olan sevgisinin, məsuliyyətinin ifadəsi idi.
Əsgərləri geri qayıdanda isə Samid artıq orada yox idi… O, əsir düşməmək üçün son gücünü toplayaraq mövqeyini dəyişmişdi. Bütün mərmiləri bitmiş, əlində yalnız bir qumbarası qalmışdı. Qəhrəman zabit ya düşmənə əsir düşməli, ya da son nəfəsinə qədər döyüşməli idi. Samid ikinci yolu seçdi. Çünki o, lazım gəldikdə şərəflə ölməyi də bacaranlardan idi. Geri dönən əsgərləri onu nə qədər axtarsalar da, səhərə qədər tapa bilmədilər. Samid şəhid olmuşdu. Aprelin 8-də nəşi neytral ərazidən götürülərək doğma Neftçalaya gətirildi. Bir ailə övladını itirdi, Vətən bir qəhrəman qazandı.
Samid İmanovun həyatı və döyüş yolu bir daha sübut etdi ki, Vətən sevgisi sözlə deyil, əməllə ölçülür. O, arzuladığı kimi yaşadı - zabit kimi, komandir kimi, Vətənin keşiyində duran bir əsgər kimi.
Aprel döyüşləri Azərbaycan xalqına yalnız qələbə sevinci yox, həm də belə igid oğulların varlığı ilə qürur duymaq haqqı verdi. Bu döyüşlər göstərdi ki, illərlə gözlənilən o əmr veriləndə, Azərbaycan əsgəri tərəddüd etmədən irəli atılır. Çünki həmin əmrin arxasında Vətən, qarşısında haqq dayanır.
Samid kimi oğullar varsa, bu xalqın qəhrəmanlıq salnaməsi heç vaxt yarımçıq qala bilməz. Belə də oldu. Samidin Aprel döyüşlərində yazmağa başladığı qəhrəmanlıq dastanını 44 günlük Vətən müharibəsində yurdumuzun igid övladları tamamladılar.
Elşən QƏNİYEV,
"Azərbaycan"