07 Avqust 2026 09:10
623
Təhsil
A- A+
Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır


Müasir dünyanın inkişaf dinamikasını müəyyən edən əsas amillərdən biri rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellektin cəmiyyət həyatının müxtəlif sahələrinə getdikcə daha geniş nüfuz etməsidir. Bu proses artıq ayrı-ayrı texnoloji yeniliklərin tətbiqi çərçivəsindən çıxaraq iqtisadiyyatın, idarəetmənin, əmək bazarının və sosial münasibətlərin məzmununa təsir göstərən genişmiqyaslı transformasiyaya çevrilib. 

Belə bir şəraitdə ölkələrin inkişaf perspektivlərini yalnız malik olduqları təbii və maddi resurslar deyil, həm də yeni texnoloji imkanları mənimsəyə və onlardan səmərəli istifadə edə bilən insan kapitalının səviyyəsi müəyyənləşdirir.

Dövlətimizin rəqəmsal transformasiyaya, innovasiyalara və süni intellekt texnologiyalarına artan diqqəti də məhz bu qlobal reallığın tələbləri ilə bağlıdır. Rəqəmsal inkişafın dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi, bu sahədə institusional mexanizmlərin formalaşdırılması və yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsi ölkənin gələcək inkişaf modelində rəqəmsallaşmaya verilən əhəmiyyətin göstəricisidir.

Bu transformasiyanın mühüm istiqamətlərindən biri isə təhsildir. Texnologiyanın inkişaf tempi ilə insan kapitalının hazırlıq səviyyəsi arasında uyğunluq təmin edilmədən rəqəmsal iqtisadiyyatın qarşıya qoyduğu məqsədlərə nail olmaq mümkün deyil. Yeni texnologiyalar yeni bilik, yeni bacarıq və nəticə etibarilə yeni təhsil fəlsəfəsi tələb edir. Bu baxımdan süni intellektin təhsilə inteqrasiyası yalnız tədris prosesinə müasir texniki vasitələrin gətirilməsi kimi qiymətləndirilməməlidir. Məsələnin mahiyyəti daha genişdir: dəyişən əmək bazarının tələblərinə cavab verən, rəqəmsal bacarıqlara malik, eyni zamanda müstəqil düşünmə və yaradıcı yanaşma qabiliyyətini qoruyan yeni nəsil insan kapitalının formalaşdırılmasıdır. Qarşıda duran əsas vəzifə süni intellektin təhsilə daxil edilməsindən daha çox onun təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimin imkanlarının artırılmasına və gələcəyin mütəxəssisinin hazırlanmasına necə xidmət edəcəyini müəyyənləşdirməkdir.

Süni intellektin sürətli inkişafı ilə bilik anlayışının özü də dəyişir. Əvvəllər təhsilin əsas vəzifələrindən biri informasiyanı əldə etmək, yadda saxlamaq və tətbiq etmək idisə, indi informasiya demək olar ki, hər kəs üçün əlçatandır. Buna görə əsas məsələ yalnız məlumatı bilmək deyil, onu seçmək, doğruluğunu yoxlamaq, təhlil etmək, düzgün sual vermək və yeni ideyaya çevirmək getdikcə daha böyük əhəmiyyət qazanır. Sözsüz ki, bu dəyişiklik Azərbaycan təhsilinin qarşısında da yeni vəzifələr qoyur. Rəqəmsal texnologiyaların və süni intellektin iqtisadiyyatın, idarəetmənin və əmək bazarının inkişafına təsiri gücləndikcə təhsil sistemi bu prosesin arxasınca getməklə kifayətlənə bilməz. Təhsilin başlıca vəzifəsi gələcəyin insanını bu gündən hazırlamaqdır. Bu baxımdan rəqəmsal siyasətin əlaqələndirilməsi məqsədilə yaradılan və fəaliyyətinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal Şuranın qarşıya qoyduğu vəzifələr xüsusi strateji əhəmiyyət daşıyır. Rəqəmsal transformasiyaya dövlət səviyyəsində verilən diqqət göstərir ki, texnologiya artıq ayrıca bir sahənin məsələsi kimi deyil, ölkənin gələcək inkişafının mühüm dayaqlarından biri kimi nəzərdən keçirilir. Rəqəmsal transformasiyanın uğuru yalnız müasir texnologiyaların alınması və tətbiqi ilə təmin edilə bilməz. Müasir texnologiyaya malik olmaq başqa, ondan səmərəli istifadə edə biləcək insan kapitalına sahib olmaq isə tamam başqa məsələdir. Bu baxımdan rəqəmsal transformasiyanın ən mühüm ünvanlarından biri məhz təhsildir.

Süni intellekt əmək bazarının strukturunu dəyişdikcə ali məktəbin qarşısında duran vəzifə də dəyişir. Təhsil müəssisəsi bu gün mövcud olan peşələr üzrə mütəxəssis hazırlamaqla kifayətlənə bilməz. O, həm də gələcəyin peşələrinə hazır insan yetişdirməlidir. Bu baxımdan ali təhsil proqramlarında süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar və innovativ informasiya sistemləri ilə bağlı istiqamətlərin genişləndirilməsi mühüm addımdır. Yeni ixtisasların yaradılması və rəqəmsal bacarıqların müxtəlif ixtisasların məzmununa inteqrasiya edilməsi əmək bazarının dəyişən tələblərinə cavab vermək zərurətindən irəli gəlir.

Bu məqamda xüsusi qeyd edək ki, rəqəmsallaşmanı yalnız yeni ixtisasların yaradılması kimi başa düşmək də doğru olmaz. Gələcəyin müəllimi, iqtisadçısı, mühəndisi, həkimi və hüquqşünası sözsüz ki, müəyyən səviyyədə rəqəmsal savadlılığa malik olmalıdır. Çünki süni intellektin təsiri yalnız texnologiya şirkətləri ilə məhdudlaşmayacaq, demək olar ki, bütün peşələrin iş üsulunu dəyişəcək. Bu səbəbdən gələcəyin mütəxəssisi iki mühüm xüsusiyyəti özündə birləşdirməlidir: öz peşəsini dərindən bilməli və rəqəmsal texnologiyaları həmin peşənin inkişafına tətbiq etməyi bacarmalıdır.

Mütəxəssislərin fikrinə görə, süni intellektin təhsildə üstünlükləri yalnız məlumatın daha sürətli əldə olunması ilə məhdudlaşmır. Onun əsas üstünlüklərindən biri tələbənin inkişafını daha dəqiq izləməyə və təlim prosesini fərdi ehtiyaclara uyğunlaşdırmağa imkan verməsidir. Tələbənin nəticələri, davamiyyəti və öyrənmə dinamikası haqqında məlumatların təhlili onun hansı istiqamətdə çətinlik çəkdiyini müəyyənləşdirməyə, geridə qalmaq ehtimalını əvvəlcədən görməyə və vaxtında müdaxilə etməyə imkan verə bilər. Beləliklə, təhsil müəssisəsi problem yarandıqdan sonra reaksiya vermək əvəzinə, onun əlamətlərini əvvəlcədən müəyyənləşdirməyi bacarmalıdır. Bu, həm təhsilin keyfiyyətinin yüksəldilməsi, həm də insan kapitalının daha səmərəli formalaşdırılması baxımından əhəmiyyətlidir.

Bu səbəbdən süni intellekt dövrünün məktəbi və universiteti yalnız bilik ötürən müəssisə ola bilməz. Onun əsas vəzifələrindən biri müstəqil düşünən, yaradıcı, rəqəmsal savadlı və texnologiyanın imkanlarını düzgün istiqamətə yönəldə bilən insan yetişdirməkdir. Bu gün Azərbaycan təhsilinin qarşısında duran əsas məsələ də budur: süni intellektdən istifadə edən gənclər yetişdirmək, yoxsa süni intellektlə birlikdə düşünməyi və onun imkanlarını ölkənin inkişafına çevirməyi bacaran nəsil?

Qeyd etmək yerinə düşər ki, süni intellektin təhsildə tətbiqi nə qədər böyük imkanlar açsa da, bir o qədər də ciddi məsuliyyət yaradır. Çünki təhsil sahəsində texnologiyanın yanlış tətbiqinin nəticəsi, sadəcə, texniki problem deyil, gələcək nəslin düşüncə tərzinə, bilik səviyyəsinə və peşə hazırlığına təsir göstərə bilər. Problem texnologiyanın hazırladığı cavabın tələbənin öz düşüncəsi kimi təqdim edilməsindən başlayır. Belə olduqda süni intellekt öyrənmə prosesini sürətləndirmək əvəzinə müstəqil düşünmə vərdişini zəiflədə bilər. Deməli, gələcəyin təhsilində mühüm bacarıqlardan biri yalnız süni intellektə düzgün sual vermək deyil, onun verdiyi cavabı da yoxlamaq olacaq. 

Burada maraqlı bir paradoks ortaya çıxır: texnologiya nə qədər güclənirsə, insan amilinin əhəmiyyəti bir o qədər artır. Süni intellekt məlumat yarada, variantlar təklif edə və böyük həcmdə informasiyanı sürətlə təhlil edə bilər. Amma həmin məlumatın hansı məqsədlə istifadə olunacağına, hansı qərarın doğru olduğuna və bu qərarın cəmiyyət üçün nəticələrinə görə məsuliyyəti yenə insan daşıyır. Hədəf texnologiyaya uyğunlaşmaq yox, onu inkişafın vasitəsinə çevirməkdir.

Azərbaycanın məqsədi yalnız dünyanın sürətli texnoloji dəyişikliklərinə qoşulmaq deyil, əsas məsələ həmin dəyişiklikdən milli inkişaf üçün səmərəli istifadə edə biləcək insan kapitalını formalaşdırmaqdır. 

Süni intellekt Azərbaycan təhsilinin qarşısında seçim deyil, yeni reallıq yaradıb. Bu reallıqdan kənarda qalmaq mümkün deyil. Lakin texnologiyanı qəbul etmək onun imkanlarını düşünmədən tətbiq etmək demək də deyil.

Süni intellektdən istifadə etməyi bacaran, amma onun qarşısında düşünmək qabiliyyətini itirməyən nəsil yetişdirilməlidir. Hazır cavabı qəbul edən deyil, düzgün sual verən və cavabı yoxlayan tələbə, texnologiyadan qorxan deyil, onun imkanlarını məsuliyyətlə idarə edən müəllim formalaşdırılmalıdır. Azərbaycan təhsilinin gələcəyi də məhz bu tarazlıqdan asılıdır - müasir texnologiya ilə ən vacib insan keyfiyyətlərini - zəka, yaradıcılıq, məsuliyyət və mənəvi dəyərləri bir araya gətirmək. Gələcəyin məktəbi və universiteti texnologiyanın insanı əvəz etdiyi yer deyil, insanın texnologiyanın imkanlarından istifadə edərək öz intellektual sərhədlərini genişləndirdiyi məkan olmalıdır.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!