“Hər kəs
üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”
mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)
uğurla başa çatdı. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət nümayəndələri,
beynəlxalq təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya
gələrək şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış mühiti və dayanıqlı inkişaf məsələlərini
müzakirə etdilər.
Forumun
sonunda qəbul edilən “Bakı
Fəaliyyətə Çağırış” (Baku Call to
Action) sənədi isə tədbirin əsas nəticələrini və gələcək fəaliyyət
istiqamətlərini özündə əks etdirdi.
Sənəddə ilk
növbədə Azərbaycanın forumun yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürlə
qeyd olunması diqqət çəkir. Bildirildi ki, 176 ölkədən 58 mindən artıq
iştirakçının qatıldığı WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya
Şəhərsalma Forumu kimi tarixə düşdü. Forum iştirakçıları Azərbaycan dövlətinin
və xalqının göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirdilər. Tədbirin
təşkili Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük
təcrübəyə malik olduğunu bir daha nümayiş etdirdi. Bakı qlobal humanitar və
intellektual müzakirələrin mərkəzi qovşağına çevrildiyini bir daha təsdiq etdi.
“Bakı
Fəaliyyətə Çağırış” sənədində xüsusi vurğulanan məqamlardan biri Liderlərin
Bəyanatları Sessiyası oldu. Tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü
ilə təşkil edilən bu sessiyada 27 dövlət və hökumət başçısı iştirak etdi. Bu
hal forumun beynəlxalq siyasi əhəmiyyətini daha da artırdı və urbanizasiya
məsələlərinin artıq qlobal siyasətin əsas mövzularından birinə çevrildiyini
göstərdi. Liderlərin iştirakı şəhərlərin gələcəyi ilə bağlı qərarların həm
yerli, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməsinin vacibliyini
ortaya qoydu. Azərbaycanın bu yeniliyi Ümumdünya Şəhərsalma Forumlarının
tarixinə böyük əhəmiyyətli addım kimi daxil oldu.
Forum zamanı
münaqişədən sonrakı bərpa və yenidənqurma məsələləri də geniş müzakirə edildi.
Sənəddə Azərbaycanın bu sahədəki təcrübəsi mühüm beynəlxalq nümunələrdən biri
kimi qeyd olundu. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan
genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri və “ağıllı şəhər”
yanaşmaları diqqət mərkəzində oldu. Azərbaycanın həyata keçirdiyi bərpa
proqramlarının müasir texnologiyalara və davamlı inkişaf prinsiplərinə
əsaslanması iştirakçılar tərəfindən müsbət qiymətləndirildi. Qarabağ və Şərqi
Zəngəzurda sıfırdan qurulan yaşıl texnologiyalı şəhər və kəndlər, qlobal iqlim
böhranı ilə mübarizədə dünyaya təqdim olunan ən real və uğurlu "yaşıl
model" kimi qəbul edildi.
“Bakı
Fəaliyyətə Çağırış” sənədində yenidənqurma və bərpa səylərinin koordinasiyalı
şəkildə həyata keçirilməsinin vacibliyi də qeyd edildi. Bildirildi ki,
münaqişədən zərər görmüş ərazilərdə dayanıqlı inkişafın təmin olunması üçün
dövlətlər, beynəlxalq təşkilatlar və humanitar qurumlar arasında sıx əməkdaşlıq
lazımdır. Eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına
təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinin əsas
prioritetlərdən biri olduğu vurğulandı. Bütün bunlar insanların sosial
rifahının bərpasına və uzunmüddətli sabitliyə xidmət etməsinin göstəricisidir.
Forum
çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatı da xüsusi
qeyd edildi. Bu təşəbbüs şəhərlərin inkişafı, innovativ idarəetmə və davamlı
urbanizasiya sahəsində uğurlu təcrübələrin təbliğ edilməsinə xidmət edir. Bakı
Şəhər Mükafatı gələcəkdə müxtəlif şəhərlərin müsbət təcrübələrinin paylaşılması
üçün mühüm platformaya çevrilə bilər. Bu mükafat, eyni zamanda, şəhərlərin daha
yaşıl, təhlükəsiz və inklüziv inkişafına stimul verir. Təsis edilən bu mükafat
Azərbaycanın qlobal intellektual mülkiyyətə və şəhərsalma elminə verdiyi
institusional töhfədir və Bakının adını beynəlxalq motivasiya simvoluna
çevirir.
Sənəddə
müharibə və münaqişələrin şəhərlərə vurduğu ağır zərərlərə də diqqət çəkildi.
Vurğulandı ki, münaqişələr və urbisid nəticəsində məktəblər, xəstəxanalar,
yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılır. Bununla yanaşı,
ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan dəyir. Bu proseslər milyonlarla
insanın evsiz qalmasına, qaçqın və ya məcburi köçkün vəziyyətinə düşməsinə
səbəb olur. Forum iştirakçıları belə halların qarşısının alınmasının beynəlxalq
ictimaiyyətin əsas vəzifələrindən biri olduğunu bildirdilər. Azərbaycanın
təşəbbüsü ilə "urbisid" (şəhərlərin qəsdən məhv edilməsi) termininin
və onun fəsadlarının sənəddə bu dərəcədə kəsərli yer alması, gələcəkdə
beynəlxalq hüquqi məsuliyyət məsələlərinin formalaşdırılması üçün güclü bir
baza yaradır.
WUF13 və
yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” beynəlxalq əməkdaşlığın
gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum Azərbaycanın
beynəlxalq nüfuzunu daha da artırdı və ölkənin qlobal şəhərsalma gündəliyində
fəal rol oynadığını nümayiş etdirdi. Müzakirə edilən məsələlər gələcəkdə daha
dayanıqlı, təhlükəsiz və insan yönümlü şəhərlərin qurulmasına töhfə verəcək
mühüm istiqamətlər müəyyənləşdirdi. Beləliklə, COP29-dan sonra WUF13-ə də
uğurla evsahibliyi edən Bakı, planetin ekoloji və urbanistik xilası naminə
qəbul edilən tarixi qərarların vahid və rəsmi coğrafiyası kimi dünya tarixinə
damğasını vurdu.
Təhminə
VERDİYEVA,
“Azərbaycan”