20 Yanvar 2022 01:04
1008
SİYASƏT
A- A+

Qərənfillibaslı Şəhidlər xiyabanı  ziyarətə hazırdır

 

32 il öncə Bakının sabahı xeyirlə açılmadı, Qanlı şənbə gecəsinin sabahı qaranlıq görünürdü. Paytaxt qan gölündə üzürdü. Dünya onu görmürdü. Çünki azadlıq aşiqlərinin haraylarını, əlləri qoynunda qalan anaların fəryadlarını dünyaya çatdırmağa nə televiziya var idi, nə də mobil telefon. Kimdə fotoaparat, kamera var idisə, onları da hədəfə alırdılar...

Bakı can üstündəydi: dərdi vardı, onun sinəsinə tuşlanan sovet tank-toplarının lülələrinə Bakı sakinləri gül taxmaqla istəklərini ifadə etsələr də...

Bakı, sənin hüsnünün gözəlliyinə, tariximizin daş yaddaşı kimi qədimliyinə, dünənimizlə bu günümüzün qovuşduğu bir məkana heyran qalanlarınla yanaşı, səni qanına qəltan etməyə, qan gölündə boğmağa fərman verənlərin də var imiş. Amma o zülmət qaranlıq, dəhşətli və vəhşətli Qanlı şənbə gecəsindən (19 Yanvar 1990-cı il) çıxmağınla xalqımızı ağ günlərinə - azadlığına, istiqlaliyyətinə və müstəqilliyinə yenidən qovuşdurdun! Sinən azadlıq uğrunda qanlı savaş meydanına çevrildi. Açdın sinəni vətənsevərlərin üzünə, millətləri Odlar diyarında bir ocaq başına yığan, bağrına basan Bakı!

32-ci ildir ki, 20 Yanvar şəhidlərinin uyuduğu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkana çevrilib. O qanlı və dəhşətli gecədən illər keçsə də, xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir.

20 Yanvar miqyasına görə ağrılı-acılı faciədirsə, mahiyyəti mübarizlikdir və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, nə topu, nə də digər ağır hərbi texnikası ilə sındırmaq mümkün deyil!

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb. On minlərlə insan yenidən Şəhidlər xiyabanına axın edəcək. Bu axına hazır olmaq üçün neçə gündür ki, xiyabanda ciddi işlər gedir. Artıq xiyabanın girişində ildən-ilə formaca dəyişilən, məzmunca Azadlığa gedən yolun başlanğıcını xatırladan qərənfil libaslı 20 Yanvar kompozisiyası yaradılıb.

Qərənfillər vasitəsilə ərsəyə gətirilən kompozisiya 20 rəqəmini sanki ziyarətçilərin yaddaşına və baxışlarına həkk edir. Qırmızı qərənfillər isə o günün dəhşətini göz önünə sərir.

Xiyabanı ziyarət edənlərin rahatlığı üçün yaradılan hər cür şərait də xalqımızın milli azadlıq aşiqlərinə ehtiram və məhəbbətinin ifadəsidir. Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar təşkilatları neçə gündür ki, xiyabanda təmizlik-abadlıq işləri ilə məşğul olur. Xiyabanı qərənfil libaslı edənlər isə Abşeronun müxtəlif kəndlərində gül becərənlərdir. Hər il milyonlarla qərənfil  xiyabana gətirilir. Ədəbi kompozisiya ilə məşğul olan könüllülərin qəlbindəki Vətən sevgisi isə onların işlədiyi kompozisiyada öz əksini tapır.

 

Şəhidlik zirvəsinə yüksəlməyin şərəfi...

 

Bu gün ziyarətə gələn əsgər formalı balacalar hadisənin mahiyyətini dərk etməsələr də, hansı səbəbdən bura gəldiklərini yaxşı bilirlər. Ürəyində vətən sevgisi olan on minlərlə insan bura gəlməklə müstəqillik uğrunda can verən bacı-qardaşlarına ehtiramlarınınümayiş etdirirlər.

Bu yerdə Məmməd Aslanın “Ağla, qərənfil, ağla” misraları nidaya çevrilib, yaddaşları təzələyir. Həzin layla kimi səslənən musiqi də 1990-cı ilin 20 Yanvarına elegiyadır. Uzaqlardan gələn bu hüzn dolu melodiya xalqımızın istedadlı oğul-qızlarının, sənət fədailərinin Vətənə sevgisini, azadlığa təşnəsini ifadə edir.

Ziyarətçilər yalnız 20 Yanvar günü deyil, əslində, il boyu xiyabana üz tuturlar:  sevib-seçilənlər də, İlhamla Fərizənin müqəddəs məzarları üstündə bir-birinə sədaqətli olacaqlarına and içən bəy-gəlinlər də.  Gələnlər  yalnız 20 Yanvar şəhidlərinin ailə üzvləri deyil. Respublikamızın ayrı-ayrı bölgələrindən də bura üz tutanlar var. Onların arasında  Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri, qazilərimiz də  kifayət qədərdir. Onlar faciədən 32 il ötməsinə baxmayaraq, 20 Yanvarı elə 1990-cı ildəki ağrı ilə xatırlayırlar.

O qanlı şənbə gecəsindən çıxaraq müstəqil Azərbaycanımızın inkişaf göstəricisi kimi tanınan, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilən, beynəlxalq tədbirlərə evsahibliyi ilə qürur duyan qədim Bakımız, nə yaxşı ki, sevənlərin səni sevməyənlərindən qat-qat çox olub!

Üstünə düşmən yeriyəndə, qapıların taybatay açılanda, “ağzından od-alov püskürən” ağır hərbi texnika üzərinə yürüyəndə al-qanları ilə Azadlıq yazan övladların şəhidlik zirvəsinə yüksəlməyi özünə şərəf bildi! Dağüstü parkın Şəhidlər xiyabanına - ziyarətgah və and yerimizə çevrilməsi də bunun bariz sübutudur. Səni yaralayan yağılar bilməzdilər ki, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” - deyib sənin övladların! Sən Vətənin döyünən qəlbisən, ruhumuza qida verən, dünyaya tanıdan canlı əfsanəsən, Bakı! Nələr yazılıbsa şərəfinə, şöhrətinə - layiqsən! Şairlərin qələmində - poeziya dilində bəslənən, bəstəkarların bəstələrində səslənən Bakı, taleyin yox, rüzigarın amansız sərt sınaqlarına sinə gərəndə həm sıravi əsgərə, həm də sərkərdəyə dönmüsən - döyüşmüsən! Sən qalibsən:  Qarabağda düşmənə layiqli cavab verib ərazilərimizi azad edən Müzəffər Ali Baş Komandan kimi! Bu qanlı və şanlı savaşlardan üzüağ çıxmısan, xalqımızı işıqlı səhərlərə, xoş və firavan gələcəyə yetirmisən...

30 ildən artıqdır ki, xiyaban insan selinə darlıq edir. Amma iki ildir bu müqəddəs ziyarətgaha qədəm basanlar qürurlu görünür, çünki “Qarabağ Azərbaycandır!”

 

Məhəmməd NƏRİMANOĞLU,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video