10 Mart 2022 00:47
2702
SİYASƏT
A- A+

Qarabağ və Zəngəzur  yer üzündə cənnət nümunəsi olacaq

 

BMT İlham Əliyevin reallaşdırdığı layihələrə tam dəstək verərək əməkdaşlığa hazır olduğunu bəyan edir

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları geniş tikinti-quruculuq meydanına çevrilib. İşğaldan azad olunan torpaqlarımızda yol, enerji infrastrukturu yenidən qurulur, elektrik və su xətləri çəkilir, müasir yaşayış kompleksləri tikilir. Lakin br fakt xüsusi olaraq vurğulamalıyıq ki, bütün bu işləri Azərbaycan heç kimdən yardım almadan, yalnız öz gücünə həyata keçirir. Heç bir beynəlxalq təşkilat və fond bu işdə Azərbaycana yardım etmir.  

Bunu Prezident İlham Əliyev dəfələrlə dünyanın aparıcı siyasi və iqtisadi təşkilatlarının rəhbərləri, nümayəndələri ilə görüşdə səsləndirib. Son olaraq isə İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşündə bu məsələyə bir daha toxunub və təəssüfünü bildirib.

 

Beynəlxalq fondların Qarabağ və Zəngəzurda baş verənlərə göz yumması təəssüf doğurur

 

Öncə onu vurğulayaq ki, Maimuna Mohd Şərif  BMT-nin Məskunlaşma Proqramı - UN-HABİTAT-ın icraçı direktoru olaraq bərabərlik, yoxsulluğun azaldılması və urbanizasiya dəyərlərini təşviq edir.

Azərbaycana səfəri çərçivəsində diplomat işğaldan azad edilmiş əraziləri ziyarət edib. Ağdamda olan qonaq erməni barbarlığını, dağıntının miqyasını öz gözləri ilə görüb.

Prezident İlham Əliyev isə görüşü zamanı qonağın diqqətinə çatdırıb ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir.  Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində şəhərlər, kəndlər mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilib. Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılıb.

Prezident diplomatın diqqətinə çatdırıb ki, bu gün Azərbaycan dövləti qarşısında böyük çağırışlar var. Qalib dövlət müharibədən sonra yalnız öz gücünə şəhər və kəndlərini, tarixi-dini abidələrini bərpa edir. Amma indiyə qədər beynəlxalq təşkilatlardan, dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə alınmayıb: “Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin, əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur”.

 

Azərbaycan təzminat tələb edir

 

Azərbaycan Prezidenti qətiyyətlə vurğuladı ki, öz iqtisadi qüdrətinə arxalanan dövlət  əraziləri bərpa edəcək, Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi yaradacaq. Amma yenə də beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir.

İlham Əliyev ümidvar olduğunu bildirdi ki, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə Azərbaycanı dəstəkləyəcək, ölkəmizin dəstəyə ehtiyacı olduğu mesajını lazımi yerlərə çatdıracaq.

Əlbəttə ki, bütün bunlar həm də erməni barbarlığının dünyaya təqdimatı deməkdir. Bəşəriyyət Qarabağ və Zəngəzurda baş verənləri seyr etməli deyil, Ermənistanın cəzalandırılmasını tələb etməlidir. Prezident də dedi ki, təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır: “Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq”.

İlham Əliyev düşmənin minaladığı ərazilərlə bağlı da məlumat verərək dedi ki, hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir.

Bütün ərazilər minalardan təmizlənməli və bundan sonra öz torpağına geri qayıdacaq insanlar üçün layiqli şərait yaradılmalıdır. Azərbaycan dövləti bu prosesi də öz gücünə reallaşdıracaq.  Bu, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq.

 

Qarabağ və Zəngəzurun iqtisadi potensialı iqtisadiyyata böyük dividendlər gətirəcək

 

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı inkişaf proseslərinin, şəhər planlaşdırma və yüksəliş konsepsiyasının onda dərin təəssürat hissi yaratdığını deyib və və  qeyd edib ki, Ağdam şəhərinin inkişaf və urbanizasiya planı ilə yaxından tanış olub.

Maimuna Mohd Şərif Ağdam da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə səfər emissiyalı müasir eko-şəhər konsepsiyasının tətbiq edilməsini məmnunluqla vurğulayıb.

Diplomat qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində postmünaqişə şəraitində şəhərlərin qurulmasına, dayanıqlı şəhər inkişaf konsepsiyalarının yaradılmasına öz təcrübəsi ilə dəstək verir və bu xüsusda Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırdır.

Göründüyü kimi, BMT Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələrə tam dəstək verir və əməkdaşlığa hazır olduğunu bildirir. Çünki hər bir beynəlxalq təşkilat bu gün İlham Əliyevin işğaldan azad olunan torpaqlarımızda həyata keçirdiyi bütün layihələrdən xəbərdardır və Azərbaycanın bu prosesdə heç kimdən yardım almadığını yaxşı bilir. Ancaq prosesə seyrçi yanaşma, imkan olsa belə, Azərbaycana heç bir yardım göstərməmək sadəcə təəssüf doğrur. Yəqin ki, yaxın gələcəkdə Azərbaycan da həmin qurumlarla əməkdaşlığına, münasibətlərinə yenidən baxmaq barədə düşünəcək.

Görünən odur ki, Azərbaycanın iqtisadi qüdrəti yüksəldikcə, o, doğma torpaqlarını yağı tapdağından təkbaşına azad etdiyi kimi, orada cənnət yaratmağı da bacaracaq və dünyaya nümunə kimi göstərəcək. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı ölkə iqtisadiyyatına böyük dividendlər gətirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video