29 Mart 2024 08:50
200
SİYASƏT
A- A+

Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var

 

Aİ və ABŞ regionda sülhə əl uzatmaqdansa sabitliyin və sülhün bərqərar olmasına qarşı çıxırlar 

 

Artıq aydın olur ki, Avropa İttifaqı (Aİ) və ABŞ-nin qərəzli mövqeyi Qafqazda sülhün möhkəmlənməsinə deyil, münaqişənin yenidən dərinləşməsinə xidmət edir. Əks halda aprelin 5-də Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılmaz, bu məqsədlə Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi nəzərdə tutulmazdı. Bu isə regionda sanki Azərbaycana qarşı üçtərəfli ittifaqın qurulması təəssüratını doğurur.
Azərbaycanın Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin təşəbbüskarı kimi ölkəmizin çıxış etdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca iki dövlət arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş edilmişdi. 
Amma təəssüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinin şahidi oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan anormal bəyanatlarla müşayiət olunur. Onu da xüsusi qeyd edək ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilmişdir. 
Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara dair yeni vədlərin yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar vermişdir. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Halbuki Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmələrin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 
4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada dəstək almamışdır.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirir ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmalara əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoşniyyətli danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır. Münaqişə həllini tapmaq əvəzinə dərinləşir. 
Siyasi ekspertlər bildirirlər ki, ABŞ-nin və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bu günədək sərgilədikləri davranışlar Vaşinqton və Brüsselin əsl niyyətlərinin sülh prosesinə töhfə verməkdən ibarət olduğunu söyləməyə əsas vermir. Onlar belə hesab edirlər ki,  missiya fəaliyyətə başladığı ilk gündən Azərbaycan əleyhinə əsassız iddiaları qanadlandırmaqla məşğuldur. Hər dəfə de-fakto olaraq NATO-nun Ermənistandakı missiyası rolunu yerinə yetirən AİEM-in "müşahidəçi"lərinin sayının artırılması rəsmi İrəvanın sülh prosesindən yayınmaq üçün yeni iddialarla çıxış etməsinə, pozuculuq fəaliyyətini genişləndirməsinə zəmin yaradır. Ekspertlərin fikrincə, Aİ-nin və ABŞ-nin məqsədi Ermənistanı yenidən azərbaycanlılara qarşı soyqırımı cinayətləri, vandalizm aktları törətməyə sövq etməkdən ibarətdir. Bir tərəfdən sülh prosesini dəstəklədiklərini ifadə edən, digər tərəfdən isə regionda yeni müharibənin alovlanması üçün Ermənistanı birbaşa və ya Hindistan kimi ölkələr vasitəsilə silahlandıran ölkə və dövlətlərin davranışlarından belə başa düşülür ki, onların sülhlə bağlı öz "yanaşma"ları var. Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransda müzakirə olunacaq mövzular sırasında hərbi komponentlərin yer alması barədə məlumatlar da bir daha Azərbaycanın bu günədək Aİ və ABŞ-nin regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq Ermənistanın revanşist meyillərinin güclənəcəyi və real təhlükəyə çevriləcəyi halda baş verənlərin məsuliyyəti istisnasız olaraq həm də Aİ və ABŞ-nin üzərinə düşəcək. Sirr deyil ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasının yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək tərəfsiz və qərəzsiz mövqe sərgiləməkdən, sülh səylərinə maneə yaradan addımlardan çəkinməkdən keçir və bunu həm Aİ, həm də ABŞ nəzərə almalıdır. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video