"İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikasına xain dron hücumu və bu məsələnin Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın Təhlükəsizlik Şurasının iclasında müzakirə olunması rəsmi Bakının dövlət təhlükəsizliyi məsələlərinə nə qədər önəm verdiyinin təsdiqidir. Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt mesajlar konkret hadisəyə münasibət olmaqla yanaşı, həm də İran başda olmaqla ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq idi".
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva qəzetimizə açıqlamasında bildirib. Deputat qeyd edib ki, coğrafi baxımdan blokada şəraitində yerləşən Naxçıvan eyni zamanda regionun mühüm geosiyasi hissəsi sayılır: "Belə bir əraziyə qarşı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum təkcə lokal insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhlükəli presedent kimi qiymətləndirilməlidir. Rəsmi Bakı bu hadisəyə dərhal siyasi və diplomatik reaksiya verdi. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələrinin birnömrəli səfərbərlik halına gətirilməsi bunu sübut edir. Bu mövqe həm ölkə daxilində təhlükəsizlik sisteminin gücləndirilməsini göstərir, həm də region ölkələrinə açıq mesajdır".
Deputat qeyd edib ki, Azərbaycan İran tərəfindən məsələnin ciddi şəkildə araşdırılmasını və izahat verilməsini tələb edir. Rəsmi Bakı öz təhlükəsizliyini təmin etmək üçün bir daha iradəsini ortaya qoydu. Burada əsas məqsəd potensial təhlükələrin qarşısını almaqdır. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri regional sabitliyin qorunmasıdır, lakin rəsmi Bakı açıq şəkildə göstərir ki, dövlət sərhədlərinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq.
Hadisənin Cənubi Qafqazda dəyişən geosiyasi balans fonunda baş verdiyini bildirən K.Nurullayeva vurğulayıb ki, Azərbaycanın son illərdə regionda artan siyasi və iqtisadi çəkisi, xüsusilə enerji və nəqliyyat layihələrində oynadığı rol yeni reallıqlar yaradıb: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəni Avrasiya məkanında mühüm strateji tərəfdaşa çevirib. Bu baxımdan regionda baş verən hər hansı təhlükəsizlik insidenti təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün də ağır nəticələrə səbəb ola bilər. Azərbaycan milli təhlükəsizlik məsələlərində prinsipial mövqe tutur. Prezident İlham Əliyevin çıxışı dövlətin milli maraqlarının qorunmasının prioritet olduğunu açıq şəkildə ortaya qoydu. Bu, bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təhlükəsizliyi yalnız diplomatik bəyanatlarla deyil, güclü siyasi iradə və effektiv müdafiə sistemi ilə təmin olunur".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"