Martın 5-də İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edilməsi yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də hiddətlə qarşılandı. Bu hadisə İranın Azərbaycana qarşı növbəti riyakar davranışı oldu.
Prezident İlham Əliyev martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında bu hadisəni ölkəmizə qarşı törədilən terror aktı kimi qiymətləndirmişdir. «Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir» - deyə dövlətimizin başçısı bildirmişdir.
Prezident İlham Əliyev çıxışında bir daha vurğulamışdır ki, Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmamış və bundan sonra da belə hallara yol verilməyəcəkdir. Bu prinsip Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir və ölkəmizin regionda sabitliyin qorunmasına verdiyi töhfənin bariz nümunəsidir. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən təxribatların ilk dəfə olmadığını xüsusi vurğulamışdır. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Həmin hadisə zamanı səfirliyə silahlı hücum nəticəsində bir Azərbaycan vətəndaşı həlak olmuş, digər şəxs isə ağır yaralanmışdır. Bu hadisə diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin terror aktı uzun müddət davam etmiş, lakin İranın təhlükəsizlik və hüquq-mühafizə orqanları hadisəyə operativ reaksiya verməmişdir. Bu fakt Azərbaycanın haqlı olaraq həmin hadisənin arxasında İran dövlət strukturlarının dayandığı barədə ciddi şübhələrinin yaranmasına səbəb olmuşdur. Azərbaycan tərəfi həmin vaxt hadisəyə sərt reaksiya vermiş, Tehrandakı səfirliyini təxliyə etmiş və diplomatik əlaqələri dayandırmışdır. Nəticədə İran tərəfi üzr istəməyə və məsuliyyəti etiraf etməyə məcbur olmuşdur. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyi və dövlət maraqları məsələsində heç vaxt güzəştə getmir.
Prezident İlham Əliyev İranın bu hərəkətini həm də böyük nankorluq nümunəsi kimi qiymətləndirmişdir. Dövlət başçısı xatırlatmışdır ki, son hadisələr baş verən kimi Azərbaycan tərəfi İran rəhbərliyinə başsağlığı vermiş və dəstəyini ifadə etmişdir. Hətta İran tərəfinin müraciəti əsasında Livanda qalmış İran səfirliyinin əməkdaşlarının təxliyəsi üçün Azərbaycan tərəfindən yardım göstərilmişdir. Bu fakt Azərbaycanın humanitar dəyərlərə və dostluq münasibətlərinə sadiq olduğunu göstərir. Azərbaycan çətin vəziyyətə düşən hər bir qonşu dövlətə yardım etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirmişdir. Lakin bu cür xoş niyyətli addımların qarşılığında Azərbaycan ərazisinə qarşı hücumların həyata keçirilməsi qəbuledilməzdir. Bu hadisə bir daha göstərir ki, regionda sabitliyin qorunması üçün dövlətlər arasında qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət olunması vacibdir. Əks halda, belə addımlar yalnız gərginliyin artmasına və təhlükəsizlik risklərinin genişlənməsinə səbəb olur.
Qeyd edək ki, Azərbaycanın Silahlı Qüvvələri istənilən təhlükəyə qarşı lazımi cavabı verməyə qadirdir. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Bəli, Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək əzmindədir. Azərbaycanın mövqeyi isə aydındır: ölkəmiz sülh tərəfdarıdır, lakin öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir.
Təhlükəsizlik Şurasının iclasında dövlət başçısının səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm də Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsiplərinin bir daha bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı həm regiona, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj oldu: Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir və bu istiqamətdə qətiyyətli addımlar atmağa hazırdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşıya çıxan bütün təhlükələri hər zaman qətiyyətlə dəf edəcək, regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına bundan sonra da mühüm töhfələr verəcəkdir.
Şahin SEYİDZADƏ,
Milli Məclisin deputatı