28 Mart 2024 08:40
329
SİYASƏT
A- A+

Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu 

 

"Prezident İlham Əliyev martın 18-də Xankəndidə Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Dövlət başçısı təbrik çıxışında bildirdi ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqallarını yandırmaq böyük xoşbəxtlikdir". 
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O, dövlət başçısının çıxışını xatırlatdı: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
Dövlətimizin başçısı bunu Azərbaycan xalqının böyük qələbəsi kimi qiymətləndirərək vurğuladı ki, biz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, amma həmin dövrə qədər Azərbaycana müxtəlif dairələrdən siqnallar göndərilirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, əgər münaqişənin dinc həlli həyata keçirilmirsə, onda torpaqlarını hərbi yolla işğaldan azad edə bilər. 
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan hər zaman keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarı olub, danışıqlar prosesində səmimiyyətlə iştirak edib.  Hər zaman dünyaya çağırış edib ki, Ermənistana təzyiq göstərilsin ki, o Azərbaycan torpaqlarından çıxsın. Lakin bəlli dairələrin davranışları aydın göstərirdi ki, onlar keçmiş status-kvo vəziyyətinin qalmasında maraqlıdırlar və Ermənistana zaman qazandırmağa çalışırlar. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi ilə deyil, idarə olunması ilə məşğul olurdu, bu da Azərbaycan torpaqlarının gələcəkdə hüquqi mənsubiyyətini dəyişdirmək üçün Ermənistana imkan yaratmaq idi. Azərbaycan bütün bunların qarşısını sərt şəkildə alaraq öz gücünü göstərdi. 
Prezident İlham Əliyev çıxışında məhz bu məqamlara işarə etdi. "Eyni zamanda vurğuladı ki, antiterror tədbirlərinin keçirilməsinə ehtiyac qalmayacaqdı. Ermənistanın Azərbaycan ərazisindən silahlı qüvvələrini geri çəkməsi, separatçıların silahlarını yerə qoyması və beynəlxalq dairələrə onlara təzyiq etmələri üçün yenə çağırış etdik. Ölkə rəhbəri bunları xatırlatmaqla bir daha göstərdi ki, 2020-ci ilə qədər baş verənlərlə 2023-cü ilin sentyabrına qədər cərəyan edən proseslər arasında bir oxşarlıq mövcud idi. Yəni hər iki halda Azərbaycan çağırış edirdi, məsələni dinc vasitələrlə həll etməyə çağırırdı, lakin ölkəmizin çağırışlarına düzgün reaksiya verilmirdi. Belə olan halda Azərbaycan güc tətbiq edərək təhlükəsizliyinə mövcud  təhdidləri aradan qaldırmalı oldu", - deyə o əlavə edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bu gün Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul olunduğunu vurğulayıb. Yəni Azərbaycanın dostlarının, əməkdaşlıq edənlərin sayı çoxdur, əməkdaşlıq etmək istəyənlərin də sayı durmadan artır. Bütün bunlar Azərbaycanın haqlı olduğunu  göstərir. 
O qeyd edib ki, Azərbaycan bu gün formalaşdırdığı yeni geosiyasi reallıqlar şəraitində güc mövqeyində inamla dayanır: "Azərbaycanın beynəlxalq nüfuzu, təsiri, rolu durmadan artır.  Dövlət başçısı xüsusilə vurğuladı ki, Xankəndidə binalar sovet dövründə azərbaycanlı memarlar tərəfindən öz vəsaitimiz hesabına inşa olunub. Yəni orada erməni izi heç vaxt mövcud olmayıb. Separatçılar Xankəndinin görkəmini dəyişdirməyə, erməniləşdirməyə çalışıblar. Amma indi ermənilərin şəhərin simasının dəyişdirilməsi istiqamətində yaratdıqları elementlər tam aradan qaldırılır. Azərbaycan ərazilərində separatizmin əlamətləri bir daha olmayacaq. Bundan sonra işğaldan azad olunmuş ərazilərimiz davamlı, sürətlə inkişaf edəcək, effektli məskunlaşma həyata keçiriləcək.". 
Prezident İlham Əliyev Xankəndidə bayram tonqalını yandırmaqla təcavüzkar, işğalçı Ermənistanın, xüsusi olaraq separatçıların bütün ümidlərinə od vurdu.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video