07 Fevral 2023 15:26
970
Qəbullar
A- A+

Prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Vyetnama səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı, bu səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müxtəlif bəyanatların qəbul edilməsi istiqamətində səylər göstərilərkən onların qəbul olunmasının qarşısının alınmasında Vyetnamın Qoşulmama Hərəkatının üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qoşulmama Hərəkatının digər üzvləri ilə birlikdə ölkəmizlə həmrəylik nümayiş etdirməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxundu, bu xüsusda Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ildə başa çatacağını vurğulayan dövlətimizin başçısı dedi ki, əsas məqsəd Azərbaycandan sonra sədrliyi öz üzərinə götürəcək üzvlərə şamil olunacaq işlək mexanizmin təsbit edilməsidir. Belə bir yanaşma sırf beynəlxalq ədaləti əks etdirəcək. Dövlətimizin başçısı, həmçinin gələn ay Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində zirvə görüşünün Azərbaycanda keçiriləcəyini dedi.

Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Prezident İlham Əliyev hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirdi. Dövlətimizin başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladı və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxundu, həmin şirkətləri bu işlərdə iştiraka dəvət etdi.

Azərbaycana səfir təyin olunmaqdan məmnunluğunu ifadə edən Danq Min Xoy Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Tronqun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam Kommunist Partiyasının Baş katibinə çatdırmağı xahiş etdi.

Səfir Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini bildirdi. O, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ Sovet İttifaqının rəhbərliyində olan zaman töhfələrini məmnunluqla xatırladı, Ulu Öndərin Vyetnama səfərinin münasibətlərimizin inkişafında böyük rol oynadığını qeyd etdi.

Dövlətimizin başçısı da Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə Vyetnama səfərini xatırladı, Ümummilli Liderin ölkələrimiz arasında münasibətlərin genişlənməsinə daim öz töhfəsini və dəstəyini verdiyini dedi. Prezident İlham Əliyev Vyetnam xalqının qəhrəmanlığına, əzminə həmişə böyük hörmətlə yanaşdığını qeyd etdi.

Diplomat Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini və Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırdı. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını bildirdi.

Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video