26 Iyun 2022 02:25
284
CƏMİYYƏT

O, Zəngilan uğrunda gedən döyüşdə şəhidlik məqamına yüksəlib

 

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsinin qələbəsini qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Belə igid  oğullarımızdan biri də Ceyhun Akif oğlu Səfərovdur.

O, 1995-ci il iyunun 12-də Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Yeganə bacının 3 qardaşından biri, Səfərovlar ailəsinin sonbeşiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2012-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbini bitirib.

Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətini Goranboyda keçirib, 2015-ci ildə başa vuraraq ailəsinin yanına qayıdıb.

Ceyhun Səfərov uşaqlıq illərindən zəhmətkeş, fədakar, valideynlərinin qeydinə qalan, idmana meyilli bir gənc olub. Vətən müharibəsi başlayanda könüllü olaraq hərbi komissarlıqda qeydiyyatdan keçib və çağırışa sevinclə qarşılıq verərək müharibəyə yollanıb.

Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 2020-ci il oktyabrın 20-də qəhrəmancasına həlak olub. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılıb. Atası Akif kişi öz doğum günündə oğlunun şəhidlik zirvəsinə ucaldığını öyrənib.

Əsgər Ceyhun Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

Şəhidlik vətənə məhəbbətin zirvəsidir

 

Ceyhun Səfərov  ailənin sonuncu oğul övladı idi. Vətən müharibəsi başlamazdan əvvəl atasına "Mən cəbhəyə gedəcəyəm" deyib. Atası Akif Səfərov bildirir ki, oğlu Ceyhun uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirdi.  O, eyni zamanda idmanla məşğul olduğuna görə, bir sıra diplom və medallarla təltif edilib.

Ceyhun Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Lerik rayonunda anası Gülşən Səfərovanın yanında dəfn edilib. Atası oğlunun şəhid olduğu Zəngilan rayonuna gedəcəyini söylədi: "Heç vaxt özünü fikirləşmirdi. Bizimlə əlaqə saxladıqda ilk növbədə səhhətimizlə maraqlanırdı. Onsuz yaşamaq çox çətin olsa da, şəhid atası kimi qürurluyam. Oğlum beynindən və gözündən qəlpə yarası almışdı. Allahın köməyi ilə Zəngilana, oğlumun şəhidlik məqamına yüksəldiyi o torpağa getmək istəyirəm. Əsgər yoldaşları deyiblər ki, həmin yeri mənə göstərəcəklər. O torpaqdan bir ovuc götürüb Ceyhunun məzarına səpəcəyəm. Prezident İlham Əliyev oğlumu "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif etdi. Bu xəbəri eşidəndə çox sevindim. Həmin an daha da qürurlandım. Şükürlər olsun ki, Ceyhunun qanı yerdə qalmadı. Uzun illər işğalda olan torpaqlarımız belə igid oğullarımızın canı bahasına azad olundu. Şəhidlərimiz ölməyib, onlar həmişə yaşayırlar. Şəhid valideyni kimi çox istəyərdim ki, yaşadığımız küçəyə Ceyhun Səfərovun adı verilsin. Bu həm də həmin ərazidə yaşayan insanların arzusudur".

Bibisi Rəxşəndə Səfərova deyir ki, Ceyhun yola düşərkən sağollaşanda, içimdən qəribə bir hiss keçdi. Boynuna sarılıb ona müharibədən sonra gözəl bir toy edəcəyimizi bildirdim. Vətənpərvər oğul idi. Torpaqlarımızın işğaldan azad olunmasını çox istəyirdi. Yaxşı ki, Ceyhunun arzusu gerçəkləşdi.

Ailənin böyük oğlu Valeh Səfərov cəbhəyə gedən qardaşı ilə görüşə bilmədiyini çox təəssüflə söylədi: "Mən işdə olarkən yola düşmüşdü. Axırıncı dəfə sentyabrın 28-i axşam saatlarında evdə görüşmüşdüm. O, əvvəlcə Cəbrayıl, Füzuli ərazisində döyüşdüyünü bildirdi. Lakin məlumatları tam olaraq bizə demirdi. Hərbi sirr olduğuna görə biz də ondan nəyisə öyrənməyə çalışmırdıq. Ölümündən sonra bildik ki, Ceyhun Zəngilan istiqamətinə kimi gedib çıxıb və oradakı döyüşlərdə iştirak edib. Komandirləri də Ceyhunun igidliyi və qorxmazlığından danışırdı".

Ortancıl qardaşı Taleh Səfərov deyir ki, qonşuları Ceyhunun xatirəsini əbədiləşdirmək üçün yaşadıqları evin divarına şəhidin şəkli olan lövhə yerləşdiriblər: "Qardaşımla keçirdiyim hər an mənim üçün unudulmaz xatirədir. Bir-birimizlə məsləhət alıb, fikir mübadiləsi aparırdıq. O, mənim təkcə qardaşım deyil, həm də sirlərimi bölüşdüyüm dostum idi. Ceyhunun xatirəsini əbədi yaşadan hər kəsə ailəmiz adından təşəkkürümüzü bildirirəm. Onun arzuları çox idi..."

Səfərovlar ailəsinin ən kiçiyi Saleh Səfərov isə qardaşıyla bağlı xatirələrdən danışarkən kövrəldi, sözünü deyə bilmədi.

 

Tarixi qələbə bizim milli qürur mənbəyimizdir

 

Milli-mənəvi birliyimiz, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük Vətən müharibəsində özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin sadiq daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Hazırda ölkənin hər yerində onlara ehtiram olaraq abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün lazımi tədbirlər görülür. Bu gün Ümummilli Liderin ordu quruculuğu siyasəti möhtərəm Prezident tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu böyük qələbə ilə tarixdə yeni səhifə açdılar. İki ildir ki, 26 İyun Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar keçirilir.  44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə bizim milli qürur mənbəyimiz, şərəfli tariximizdir. Bu zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

 

Elşən YƏHYAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video