18 Dekabr 2021 00:11
558
Səfərlər, SİYASƏT

Naxçıvanda yeni istehsal müəssisələrinin təqdimatı olub 

 

Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 17-də Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud resurslar istehsala cəlb edilir. Ötən dövrdə özəlləşdirilmə nəticəsində müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, yeni istehsal sahələri yaradılıb. Həmin müəssisələrdə istehsalın canlanması muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirib. Bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi məqsədilə nazirliyin sərəncamına verilmiş “Xalça” Açıq Səhmdar Cəmiyyətinin balansında olan tikililər sahibkarlıq subyektləri tərəfindən özəlləşdirilib. Cəmiyyətin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcək.

İşlə təmin olunan Mahir Dünyamalıyev kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahibkar unutmamalıdır ki, o, həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”, – fikrini xatırladaraq deyib: Bu gün istifadəyə verilən müəssisələrdə həm sahibkarın, həm də dövlətin mənafeyi qorunur. Sahibkarlar bazarı araşdıraraq investisiya qoyulacaq sahələri müəyyənləşdirmişdir. Dövlət isə müəyyən güzəştlər tətbiq etmiş, investisiya təşviqi sənədləri vermiş, ərazi ayrılmış, nəticədə, yeni istehsalat sahələri yaradılmışdır. Bütün bunlar isə ümumxalq işinə böyük töhfədir. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması tələbatın idxal deyil, yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Bir sözlə, həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə iqtisadi inkişafın və sabitliyin təmin olunması, ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi işğal altında olan torpaqlarımızın azad olunmasına imkan verdi. Bu gün həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkəmizin digər bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq sahibkarlıq fəaliyyəti də dövlət siyasətinin əsas istiqaməti kimi dəstəklənir, sahibkarlar dövlətin, dövlət isə sahibkarların mənafeyini qoruyur. Yeni iş yerlərinin açılması isə ölkəmizdə əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına töhfə verir.

Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, istehsalat sahəsində 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcəkdir. Bunlar tullantıların təkrar emalı, mebel istehsalı sahəsi, ərzaq və məişət avadanlıqlarının saxlanması anbarı, ərzaq məhsullarının paketlənməsi və logistik mərkəz, 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması və mebel istehsalı sahələridir. Müəssisələrdə, ümumilikdə, 215 iş yeri yaradılıb. Ümumilikdə, müəssisələrin qurulmasına 6 milyon 509 min manat investisiya qoyulub ki, bunun da 730 min manatı dövlət maliyyə dəstəyidir.

Məlumat verilib ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Burada qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri yaradılıb.

Ali Məclisin Sədri müəssisəni işə salıb.

İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, 57 çeşiddə məhsul istehsal olunacaq. İstehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidməti otaqlar da vardır. Müəssisədə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanması təmin ediləcək ki, bu da əhalinin və yerli istehsal müəssisələrinin bu məhsullara olan tələbatının fasiləsiz təmin edilməsinə və daxili bazarın qorunmasına töhfə verəcək. İstehsal olunan məhsulların muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulub.

Mebel istehsalı sahələrində qonaq, yataq və yumşaq mebel dəstləri, qapı-pəncərə istehsal ediləcək. “Güvən Qida” topdansatış müəssisəsində anbar və digər xidmət sahələri yaradılıb. Burada, xüsusilə ailə təsərrüfatı məhsullarının qablaşdırılması üçün bölmə ayrılıb.

Sahibkar Firdovsi Cabbarov yaradılan şəraitə görə minnətdarlıq edib.

“Soliton” mağazalar şəbəkəsi tərəfindən ərazidə anbar yaradılıb. “Naxçıvan Təmiz Şəhər” Məhdud Məsuliyyətli Cəmiyyətində 1 növdə əridilmiş xammal istehsalı, kağız tullantıların, pet butulkaların və alüminium taraların yığılması və kiplənməsi nəzərdə tutulub. Ay ərzində 120 ton doğranmış plastik və polietilen torbaların əridilməsi, 130 ton kiplənmiş məmulatlar istehsal olunacaq. Bu da ekoloji təmizliyin qorunmasına mühüm töhfə verəcəkdir. 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması sahələrinə baxış zamanı bildirilib ki, müəssisədə dəqiqədə 350 ədəd olmaqla, 6 ölçüdə uşaq bezi istehsal olunur.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov sahibkarlar adından minnətdarlıq edib.

Ali Məclisin Sədri istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, qablaşdırmaya diqqət yetirilməsi, yeni biznes layihələrinin təqdim olunması, yerli xammalla işləyəcək müəssisələrə üstünlük verilməsi və daxili bazarın qorunması barədə tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video