13 Avqust 2026 01:17
1329
Sərəncamlar
A- A+
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.  

Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında yeni istilik-elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında", "Naxçıvan Sənaye Parkının yaradılması haqqında", "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilmişdir.

Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılmışdır. 

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılmışdır və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır. 

Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq "Naxçıvan", 154/110/10 kV-luq "Babək", Culfa rayonunda 132/110/10 kV-luq "Culfa" və Babək rayonunda 110/35/10 kV-luq "Çeşməbasar" elektrik yarımstansiyalarının inşası başa çatdırılmışdır və 400/330/110 kV-luq "Naxçıvan çevirici qovşaq" yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.

Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində "yaşıl enerji zonası" elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan "Şəms 1" və "Üfüq" günəş- elektrik stansiyalarının, habelə gücü 36 MVt olan "Ordubad" və 15,6 MVt olan "Tivi" su- elektrik stansiyalarının inşası davam etdirilir. 

Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır. 

Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni hotel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılması nəzərdə tutulsun, o cümlədən:

1.1. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su-Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 66,0 (altmış altı) milyon manat;

1.2. ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 

5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70,0 (yetmiş) milyon manat (yolların siyahısı əlavə olunur);

1.3. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat;

1.4. Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15,0 (on beş) milyon manat;

1.5. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20,0 (iyirmi) milyon manat;

1.6. şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53,0 (əlli üç) milyon manat;

1.7. Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış  binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9,0 (doqquz) milyon manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə və İqtisadiyyat nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

18:30
20 Avqust

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

18:25
20 Avqust

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

18:20
20 Avqust

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir

18:18
20 Avqust

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

18:11
20 Avqust

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

18:04
20 Avqust

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

17:57
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!