17 Mart 2024 08:15
19892
SİYASƏT
A- A+

Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir

 

Fransa əsrlərdir ki, müstəmləkəçilik siyasəti aparır. İşğal etdiyi ölkələrin sərvətlərini talayır, xalqları hüquq və azadlıqlarından məhrum edir, onlara zülmlər, işgəncələr verir. İnsanlıq əleyhinə cinayətlər törətməkdən əl çəkməyən Fransanın hökumət rəhbərləri əməllərindən utanmadan demokratiyadan, haqdan, hüquqdan danışırlar. 
XXI əsrdə də irqçi, ksenofob, islamofob, müstəmləkə siyasəti yürüdən Makron hökumətinə çirkin niyyətini rahatca həyata keçirə bilməsi üçün sülhün, sabitliyin, dostluğun, bərabərliyin bərqərar olduğu dünya lazım deyil. Odur ki, Cənubi Qafqazda da sülhün möhkəmlənməsini istəmir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlverişli şərait yetişdiyi bir vaxtda Makron hökuməti məkrli niyyətini verdiyi qərarlarla, atdığı addımlarla açıq şəkildə nümayiş etdirir. 
Cənubi Qafqazda sülhün bərqərar olmasının real göründüyü bir zamanda Fransa Ermənistana dəstək vermək adı ilə, əslində, onu münaqişə girdabına sürükləyir. Azərbaycan əleyhinə böhtan, iftira, qərəz dolu qətnamələr qəbul etməklə, Ermənistana hərbi texnika, silah-sursat göndərməklə bu iki ölkə arasında sülh sazişinin bağlanmasına mane olmağa cəhd göstərən rəsmi Parisin etdikləri sonunda İrəvanı çıxılmaz vəziyyətə sala bilər.
 Fransa başda olmaqla ermənipərəst Qərb ölkələri və bir sıra beynəlxalq təşkilatlar ikili standartlar, qərəz nümayiş etdirməkdə, iftiralar, böhtanlar atmağa çalışmaqda, Azərbaycan isə Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış etməkdə, multikulturalizm və tolerantlıq nümunəsi göstərməkdədir.
Ölkəmiz dünyanın diqqət mərkəzində olan bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. XI Qlobal Bakı Forumu həmin tədbirlərdən biri oldu. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Forumda mühüm məsələlərə toxunuldu. Yüksək, mötəbər tribunadan bir daha müstəmləkəçi Fransanın bəd əməlləri və məkrli niyyəti ifşa olundu.
Prezident İlham Əliyev martın 14-də forumun açılış mərasimindəki çıxışında "Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir" deyə vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın hər zaman sülh mövqeyində dayandığını bir daha diqqətə çatdırdı: "Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik".
Ermənistanın beynəlxalq hüquqa əməl etməməsi, intensiv olaraq təxribatlar törətməsi, beynəlxalq təşkilatların laqeyd yanaşması və ikili standartlar nümayiş etdirməsi nəticəsində müharibə qaçılmaz oldu. Dövlətimizin başçısının bildirdiyi kimi, biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.
Azərbaycan otuz ilə yaxın işğal altında qalmış ərazilərini artıq azad edib və suverenliyinin tam bərpasına nail olub. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq: "Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik".
Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibətinin tamamilə qeyri-adekvat olduğunu qeyd edən dövlətimizin başçısı vurğuladı ki, onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə: "Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".
 Azərbaycanı BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında cəzalandırmaq səyləri boşa çıxan Fransa bu uğursuzluğunun qisasını görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə yönəltməkdən də çəkinmədi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Dövlətimizin başçısının dediyi kimi, bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.
Bir neçə ay əvvəl Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin üzərinə qırmızı boya atılaraq vandallıq aktı törədildi. Fransa hakimiyyət orqanları üzərindəki boyanı təmizləmək və heykəli bərpa etmək əvəzinə onu bükdü, düz iki ay həmin vəziyyətdə saxladı. Azərbaycanın israrı ilə, bu il martın əvvəlində heykəl oradan təxliyə olundu. Lakin heykəlin Parisə gətirilməsi və Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması zamanı müəyyən edildi ki, üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə də qırmızı boya çəkilib, heykəlin burnu və barmaqları qırılaraq abidəyə zərər verilib.
Bu vandalizm aktına nə Fransa hökuməti, nə də şəhər meriyasının rəsmiləri tərəfindən heç bir reaksiya verilmədi. Makron hökuməti bununla bir daha azərbaycanofob siyasətini nümayiş etdirdi. Eyni zamanda Parisin mədəniyyət düşməni olduğunu göstərdi. Dünyaya yalnız gözəlliklər arzulayan bir şairin heykəlinə qarşı törədilmiş vandalizm aktı Fransanın tarixində həmişəlik utancverici səhifə kimi qalacaq. 
XI Qlobal Bakı Forumundakı çıxışında dövlətimizin başçısı qeyd etdi ki, bir çox halda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir və ikili standartların göstəricisidir: "Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video