03 Dekabr 2021 14:08
826
Mədəniyyət
A- A+

Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib

 

Moskvada M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası çıxış edib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova təntənəli tədbiri açıq elan edərək bildirib ki, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzi 10 il bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. O deyib: “Bizim üçün doğma evə çevrilmiş bu Mərkəzdə arasında Azərbaycan rəssamlarının sərgiləri, ədəbi gecələr keçirilib, kinofilmlər nümayiş etdirilib. Biz bu evə həmişə məmnuniyyətlə gəlirik və qonaqpərvərliyə görə çox minnətdarıq”.

Mədəniyyət Mərkəzinin ilk günlərdən başlayaraq öz missiyasını yerinə yetirdiyini vurğulayan T.Əhmədova deyib: “Mədəniyyət bir-birimizə ürək sözlərimizi söyləməkdə, bir-birimizi daha yaxşı anlamaqda, bir-birimizə yaxın olmaqda bizə kömək edən universal açardır. Rusiya-Azərbaycan münasibətlərinin strateji, mehriban qonşuluq münasibətləri olması hamıya çoxdan məlumdur və bu münasibətlərdə humanitar tərkib hissə heç də sonuncu yerdə deyil. Bu səbəbdən, bizim Mədəniyyət Mərkəzi həm bugünkü Azərbaycanın təqdim edilməsinə, həm də Azərbaycanın gələcəyi barədə məlumatlandırma işinə öz töhfəsini verir”.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva çıxışında qeyd edib ki, 2011-ci ildə yaradılmış Mərkəz bu il yubileyini qeyd edir. N.Mustafayeva deyib: “Bu əlamətdar tarixlə əlaqədar, biz uğurlarımız, nailiyyətlərimiz və gələcək üçün planlarımız barədə fikir mübadiləsi aparmaq üçün dostlarımızı bu ədəbi-musiqili gecəyə dəvət etməyi qərara aldıq. Lakin bütün bunlar Heydər Əliyev Fondunun, Fondun Rusiyadakı nümayəndəliyinin və şəxsən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın daimi dəstəyi sayəsində mümkün olub. Leyla xanım bizim bütün təkliflərimizi, arzularımızı böyük maraqla qəbul edir, bizi fəal dəstəkləyir. Əlbəttə, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasına da dərin təşəkkürümüzü bildiririk. Onlar Azərbaycan mədəniyyətinə çox səmimi münasibət bəsləyir. Axı mədəniyyət də bir növ diplomatiyadır və bizim Mədəniyyət Mərkəzi Rusiya ilə Azərbaycan arasında özünəməxsus körpü rolu oynayır”.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin kitabxananın da bu il öz yubileyini qeyd etməsini xatırladıb. O deyib: “On il mühüm tarixdir, xüsusən ona görə ki, bu müddət Xarici Ədəbiyyat Kitabxanasının 100 illiyinin tamam olduğu tarixlə eyni vaxta düşür. Bizim məqsədimiz mədəniyyətlərarası, millətlərarası dialoqu inkişaf etdirmək, xalqlarımızın xeyirxah xatirəni qoruyub saxlamasına, bu xatirənin, bu ənənələrin gənc nəslə çatdırılmasına kömək etməkdir. Müdrik əcdadlarımız yaxşı deyiblər, ənənə ocağın külünə ehtiram deyil, ocağın odunu nəsildən-nəslə ötürməkdir. Azərbaycan Mədəniyyət Mərkəzi artıq 10 ildir ki, sizin gözəl ölkənizin böyük və rəngarəng mədəniyyətini təbliğ etməklə məşğuldur”.

P.Kuzmin bu yaxınlarda Bakıda səfərdə olması barədə söhbət açaraq deyib: “Möhtəşəm Heydər Əliyev Fondunda gözəl görüş oldu. Leyla xanımla çox yaxşı qarşılıqlı münasibətlərimiz var. O da bizim kitabxanada olub. Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq barədə böyük proqramımız var”.

Kitabxananın baş direktoru ikitərəfli humanitar dialoqun inkişafı naminə çoxillik əməkdaşlığa görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürnamələr və kitabxananın 100 illiyinə həsr edilmiş medal təqdim edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova Mədəniyyət Mərkəzini 10 illik yubileyi münasibətilə təbrik edib, ona yeni uğurlar arzu edib.

Təntənəli tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin və filologiya elmləri doktoru, professor Abuzər Bağırovun “Azərbaycan Turanın incisidir” kitabının təqdimatı olub. Kitabda Azərbaycan poetik irsinin tarixinin müxtəlif dövrlərinə həsr edilmiş monoqrafik araşdırmalar toplanıb. Monoqrafiya-antologiya beş il (2015-2019) ərzində məşhur “Literaturnaya qazeta”nın səhifələrində dərc edilmiş yeddi xüsusi buraxılışın materialları əsasında tərtib edilib.

Təntənəli tədbir beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadənin çıxışı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video