Bu gündən Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı 2026-cı il üzrə Ramazan təqviminə əsasən, orucluğun ilk günü fevralın 19-na təsadüf edir. Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələrinə təsadüf edir. Ramazan bayramı isə martın 19-da qeyd ediləcək.
İslam aləmində on bir ayın sultanı adlandırılan Ramazan ayı müsəlmanlar üçün əziz və müqəddəsdir. Səbəbi bu ayda baş vermiş mühüm dini hadisələrlə izah edilir. Onlardan biri islam dininin müqəddəs kitabı "Qurani-Kərim"in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır. Həmin gecə "Qədr" və ya "Əhyə" gecələri adlanır.
İslamın ibadətlərindən biri olan oruc Allah-Təala tərəfindən müsəlmanlar üçün Ramazan ayında fərz buyurulub. Ona görə bu ibadətə həm də "Ramazan orucu" deyilir.
Oruc ibadəti islamın beş sütunundan biridir və Ramazan ayı ərzində müsəlmanlar sübh azanından məğrib azanınadək oruc tuturlar. Orucluğun məqsədi nəfsi tərbiyələndirmək və Allaha yaxınlaşmaqdır. Bu mübarək ay hər bir müsəlman üçün yalnız ibadət deyil, eyni zamanda xeyirxahlıq, mərhəmət, paylaşma və yardımlaşma ruhunun daha da gücləndiyi bir dövrdür.
Azərbaycan xalqı tarixinin ayrı-ayrı dövrlərində çox böyük məşəqqətlərə məruz qalıb. Yadellilərin məmləkətimizə hücumu, torpaqlarımızı işğal etmələri xalqımızı ağır sınaqlarla üz-üzə qoyub. İşğalçıların qəsdi yalnız Azərbaycanın ərazilərində hökmranlıq etmək olmayıb. Onlar həm də xalqımızı milli-mənəvi köklərindən ayırmağa, adət-ənənələrini unutdurmağa cəhd göstəriblər. Azərbaycan 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra da belə olub. Azərbaycan ötən əsrin yetmiş ilini Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində qalmalı olub. O böyük imperiyanın əsas məqsədlərindən biri Azərbaycan xalqının milli yaddaşını zəiflətmək, tarixinin bir sıra mühüm səhifələrini kölgədə qoymaq və dini dəyərlərini arxa plana keçirmək idi. Bu məqsədyönlü siyasətin içində xalqımızı dini inanclarından uzaqlaşdırmaq səyləri də vardı.
Lakin həyata keçirilən siyasət və ideoloji təzyiqlər istədikləri nəticəni vermədi. Uzun illər boyu sovet hökumətinin davamlı olaraq həyata keçirdiyi qadağalara rəğmən, xalqımız öz milli-mənəvi irsini və dini inanclarını qoruyub saxlaya bilib. Ramazan bayramını da heç bir antitəbliğatla, qorxu, xof yaratmaqla yaddaşlardan silə, unutdura bilməyiblər. Müsəlman aləminin müqəddəs bayramlarından olan Ramazan bayramı həmin illərdə bütün məhdudiyyətlərə baxmayaraq hər il qeyd edilib.
1990-cı illərdə SSRİ adlı nəhəng imperiyanın çökməsi, sovet ittifaqının tərkibindəki respublikaların müstəqilliyə qovuşması yeni bir tarixi mərhələnin başlanğıcı olub. Yetmiş ildən sonra azadlığına qovuşan Azərbaycan da artıq müqəddəratını özü müəyyənləşdirməyə başlayıb. Keçmişdə qalan sovet hökumətinin qoyduğu qaydalar, qanunlar, qadağalar aradan qalxıb. Azərbaycan xalqı artıq azad nəfəs alıb. Öz adət-ənənələrini, dini inanclarını sərbəst şəkildə yerinə yetirməyə başlayıb. Ramazan bayramı da 1993-cü ildən Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunmağa başlasa da, bir müddət xalqımızın qəlbindən qubar, könlündən qüssə silinmədi. Çünki bu mübarək ayı, müqəddəs Ramazan bayramını ölkəmizin bütün ərazilərində qeyd edə bilmirdik. 1990-cı illərdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur əraziləri Ermənistanın işğalına məruz qaldı. İşğal otuz ilə yaxın davam etdi. Düşmən o torpaqlarda maddi-mədəni və dini irsimizə divan tutdu. Rəsmi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərmiş 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılıb. İşğal müddətində erməni vandalları məscidlərimizdə mal-heyvan saxlamaqla bütövlükdə müsəlman aləmini təhqir etməkdən, öz nifrətlərini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyiblər.
2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq torpaqlarımızın işğalına son qoydu. Müharibə başa çatdıqdan qısa müddət sonra Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlanıldı.
2023-cü ilin sentyabrında aparılan uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə abad edilmiş yurdlarına qayıdırlar. Artıq Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda da azan səsləri ucalır.
Müsəlmanlar üçün vacib ibadətlərdən biri olan orucun müddəti Ramazan təqvimləri, sübh və şamda azan vaxtları ilə müəyyənləşdirilir. Bu ibadətə əməl edənlər ay ərzində hər gün səhər dan yeri söküləndən axşam günəşin qürubunadək yemək yemir, su içmirlər. Ancaq oruc ibadəti, sadəcə, ac qalmaq deyil. Oruc tutanlar yalnız qidadan, sudan deyil, nalayiq davranışlardan, riyakarlıqdan, yalandan, qeybətdən, başqalarına zərər verməkdən, harama əl uzatmaqdan da çəkinməlidirlər.
Oruc ibadətinin məqsədi insanı pis əməllərdən çəkindirmək, doğru yola sövq etmək, xeyirxah işlərə yönəltməkdir. "Qurani-Kərim"in "əl-Bəqərə" surəsinin 183-cü ayəsində buyurulub: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".
Həzrət Məhəmmədin (s.a.v.) hədislərində bu barədə bildirilib: "Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz".
Ramazan ayı həm də birlik, bərabərlik, mehribanlıq ayıdır. Sübh açılan sahur və gün batımında qurulan iftar süfrələri bərəkət rəmzidir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"