Qlobal siyasətdə liderlik böhranların idarəsi ilə yanaşı, qeyri-müəyyənliyi strateji imkanlara çevirmək bacarığı ilə ölçülür. Tarixən imperiyalararası rəqabət məkanı olmuş Cənubi Qafqazda Azərbaycan İlham Əliyevin balanslaşdırılmış və geoiqtisadi yanaşması nəticəsində geosiyasi obyektlikdən subyektliyə yüksəlib. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə bu strategiyanın effektivliyini təsdiqləyib və müharibədən sonrakı mərhələdə yeni regional reallıq enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilib.
Prezident İlham Əliyevin strategiyası enerji, nəqliyyat və təhlükəsizlik alətlərini birləşdirərək regionda yeni reallıq, geosiyasi coğrafiyanı yenidən düzənləyən, qlobal oyunçuların ziddiyyətlərini regional əməkdaşlıq mexanizmlərinə çevirən güclü liderliklə icra olunur. Bu liderlik strategiyası iki paralel xətdən ibarətdir: 1 - dövlətin gücünü, iqtisadi potensialını artırmaqla və beynəlxalq mövqelərini möhkəmləndirməklə milli suverenliyi təmin etmək. 2 - yumşaq güc və geoiqtisadi alətlər vasitəsilə böyük güclərin maraqlarını uzlaşdırmaq.
Bu strategiya və liderlik münaqişə coğrafiyasını iqtisadi əməkdaşlıq coğrafiyasına çevirir, səngərlərin yerini dəmir yolları, blokadaların yerini tranzit müqavilələri, qeyri-müəyyənliyin yerini isə institusional zəmanətlər tutur.
Ümummilli Lider Heydər Əliyevin geosiyasi qambiti: daxili sabitlikdən qlobal konsensusa strateji keçid
1990-cı illərin əvvəllərində Azərbaycan paralel şəkildə bir neçə fundamental təzyiq istiqaməti ilə üz-üzə qalmışdı: dövlət institutlarının zəifləməsi fonunda dərin daxili siyasi qeyri-sabitlik, separatizm meyilləri və ərazi bütövlüyünə yönəlmiş birbaşa təhlükələr, ardınca Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün probleminin yaranması, eyni zamanda regional güclər arasında rəqabətin kəskinləşməsi şəraitində beynəlxalq təcrid riski. Məhz bu mürəkkəb konfiqurasiyada Ümummilli Lider Heydər Əliyevin əsas strateji nailiyyətlərindən biri daxili siyasi sabitliyin bərpası ilə yanaşı, Azərbaycanın qlobal enerji bazarına inteqrasiyasını təmin etmək və ölkə ətrafında böyük güclərin maraqlarını tarazlaşdıran institusional xarakterli "zəmanətlər sistemi" formalaşdırmaq oldu.
Bu sistemin konseptual və praktiki mərkəzində 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" dayanırdı. Geosiyasi baxımdan müqavilənin əsas nəticəsi ondan ibarət idi ki, Azərbaycan ətrafında rəqabət aparan beynəlxalq aktorlar arasında ortaq məxrəc formalaşdı və onlar eyni platformada müəyyən edilmiş "oyun qaydaları" çərçivəsində fəaliyyət göstərməyə razılaşdılar. Beləliklə, Cənubi Qafqaz məkanında enerji əməkdaşlığı ilə təhlükəsizlik zəmanətlərini birləşdirən funksional model tətbiq olundu. Bu model çərçivəsində Rusiya üçün Bakı-Novorossiysk marşrutunun saxlanılması və konsorsiumda iştirak, Türkiyə üçün tranzit imkanlarının genişlənməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, Gürcüstan üçün iqtisadi resursların cəlbi və strateji əhəmiyyətin artması, Qərb şirkətləri üçün isə Xəzər hövzəsinin enerji ehtiyatlarına çıxış imkanları vahid paket məntiqi daxilində uzlaşdırıldı. Sonrakı proseslər göstərdi ki, bu yanaşma Xəzər hövzəsində yerləşən Qazaxıstan və Türkmənistan kimi dövlətlər üçün də presedent xarakteri daşıyan geoiqtisadi və geosiyasi modelə çevrildi.
Azərbaycan Prezidentinin strateji doktrinası: balanslaşdırmadan regional transformasiyaya keçid
İlham Əliyevin liderliyinin mahiyyəti Heydər Əliyev dövründə qurulmuş "balanslaşdırma və konsensus" modelini daha geniş geoiqtisadi-geoenerji ekosisteminə çevirməkdədir. Bu ekosistemin strateji hədəfi Azərbaycanı təkcə enerji ixracatçısı kimi deyil, Avrasiyanın əsas əlaqələndirici platforması kimi mövqeyə sahib olmasını təmin etmək və bununla da Cənubi Qafqazın geosiyasi orientirlərini dəyişməkdir.
Henri Kissinger diplomatiyanı "gücün cilovlanması sənəti" kimi xarakterizə edirdi. Bu yanaşma kontekstində İlham Əliyevin geosiyasi doktrinası strukturlaşdırılmış və mərhələli mexanizmi ilə seçilir. Sözügedən doktrina üçpilləli ardıcıllıq üzərində qurulub: birinci mərhələdə enerji infrastrukturu vasitəsilə tərəfdaşlıq şəbəkəsi və dayanıqlı resurs bazası formalaşdırılır; ikinci mərhələdə nəqliyyat-logistika infrastrukturu inkişaf etdirilərək Azərbaycan geoiqtisadi çəkisi yüksək olan tranzit platformaya çevrilir; üçüncü mərhələdə isə postmünaqişə dövründə kommunikasiyaların açılması və iqtisadi inteqrasiya yolu ilə sülhün institusional dayaqları yaradılır. Bu ardıcıllıq strateji baxımdan "zəmanətlər arxitekturası" formalaşdırır. Azərbaycan üzərindən keçən marşrutlardan istifadə edən ölkə və şirkətlərin sayı artdıqca, həmin marşrutların davamlılığında, eyni zamanda regionun sabitliyində kollektiv maraq güclənir. Beləliklə, təhlükəsizlik klassik hərbi ölçülərlə yanaşı, iqtisadi və logistik qarşılıqlı asılılıq üzərində təmin olunur.
Prezident İlham Əliyevin strategiyası enerji, nəqliyyat və təhlükəsizlik alətlərini vahid çərçivədə birləşdirərək uzunmüddətli perspektivdə geniş regional kontekstdə yeni imkanlar açması ilə fərqlənir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" yeni geosiyasi reallıqda artan strateji dəyərə malikdir. BTC-nin əhəmiyyəti neft daşınması funksiyası ilə yanaşı, ixrac marşrutlarının diversifikasiyası, tranzit risklərinin azaldılması və alternativ enerji arxitekturasının formalaşdırılması ilə ölçülür. Eyni zamanda Gürcüstan və Türkiyənin regional çəkisi artır, digər Xəzər hövzəsi ölkələri üçün alternativ marşrut modeli praktik müstəviyə keçirilir. Qazaxıstan neftinin bir hissəsinin BTC vasitəsilə ixracı bu kəmərin uzunmüddətli strateji aktiv kimi aktuallığını təsdiqləyir və Azərbaycanın infrastrukturunun Avrasiya miqyasında funksional alternativə çevrildiyini göstərir.
Avropa İttifaqı (Aİ)-Azərbaycan enerji əməkdaşlığı 2022-ci ilin iyulunda imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu ilə keyfiyyətcə yeni mərhələyə keçdi. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ciddi risklərlə üzləşdiyi şəraitdə, Azərbaycanın etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi seçilməsi Bakının illər ərzində formalaşdırdığı balanslı xarici siyasətin məntiqi nəticəsi oldu. Bu razılaşma Azərbaycanı regional tədarükçüdən Avropanın enerji təhlükəsizliyinin struktur elementinə çevirdi və ölkəyə əlavə diplomatik resurslar qazandırdı.
Memorandumun əsas geosiyasi əhəmiyyəti Azərbaycanın böyük güclərin maraqlarını uzlaşdırmaq qabiliyyətini bir daha nümayiş etdirməsidir. Aİ ilə əməkdaşlıq genişləndirilərkən Rusiya ilə münasibətlərdə konfrontasiya xəttinə çıxılmadı, eyni zamanda Çinin Avrasiya enerji və logistika maraqları ilə ziddiyyət yaranmadı. Bakı göstərdi ki, düzgün planlaşdırılmış infrastruktur Avropaya enerji tədarükü ilə yanaşı, Mərkəzi Asiya resurslarının Qərbə inteqrasiyasına və regional sabitliyə xidmət edə bilər. Bu yanaşma İlham Əliyevin xarici siyasət fəlsəfəsini - balans və qarşılıqlı fayda prinsipini - praktik müstəvidə təsdiqlədi.
Son iki onillikdə Azərbaycan nəqliyyat sahəsini iqtisadi fəaliyyət istiqaməti ilə yanaşı, strateji geosiyasi alət kimi formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat geosiyasəti regionu rəqabət və bloklaşma məkanından əməkdaşlıq zonasına transformasiya edir. Orta dəhliz, "Şimal-Cənub" marşrutu və Trans-Xəzər bağlantıları eyni anda Aİ-nin enerji və ticarət təhlükəsizliyi maraqlarına, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə, eyni zamanda Mərkəzi Asiya ölkələrinin çıxış imkanlarının genişlənməsinə xidmət edir. Bu marşrutların inklüziv və açıq xarakteri Azərbaycanın böyük güclər üçün zəruri tranzit tərəfdaş statusunu möhkəmləndirir.
Azərbaycanın nəqliyyat habına çevrilməsi təhlükəsizlik zəmanətlərinin yeni modelini yaradır. Marşrutlar Avropanın enerji təhlükəsizliyini, Mərkəzi Asiyanın dünya bazarlarına çıxışını, Asiyanın Avropa ilə birbaşa əlaqəsini təmin etdikcə, onların təhlükəsizliyi bütün tərəflərin ortaq marağına çevrilir və eskalasiya riskləri azalır. Bu siyasət qısa müddətli qazancdan daha çox sabitlik və əməkdaşlıq mexanizmlərinə əsaslanır. Zəngəzur dəhlizi ideyası da regional inteqrasiyanı tamamlamaq məqsədi daşıyan bu yanaşmanın məntiqi davamıdır. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhlizin quru komponentini gücləndirən əsas layihə kimi xüsusi əhəmiyyət kəsb edir. Qlobal təchizat zənciri böhranları fonunda marşrut üzrə yük və konteyner daşımalarında artım Azərbaycanın vaxtında qurduğu infrastrukturun qeyri-müəyyənlik dövrlərində strateji üstünlük yaratdığını göstərir.
Nəticə etibarilə Prezident İlham Əliyevin geosiyasi doktrinası böyük güclərin rəqabətini idarə olunan formata salaraq regional sabitliyi möhkəmləndirir. Bu doktrina enerji, nəqliyyat və təhlükəsizlik alətlərinin sintezi üzərindən Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirən rasional və uzunmüddətli strateji model kimi çıxış edir.
Postmünaqişə sülh quruculuğunda kommunikasiyalar vasitəsilə təhlükəsizlik
Postmüharibə mərhələsində Azərbaycanın əsas strateji hədəfi əldə edilmiş hərbi-siyasi qələbəni dayanıqlı və institusional sülhə çevirməkdir. Bu kontekstdə İlham Əliyev strategiyası kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanı sülhün praktiki mexanizmi kimi irəli sürür. İqtisadi əməkdaşlıq imkanları genişləndikcə münaqişənin yenidən başlama ehtimalı azalır, eyni zamanda sülhün real dividendləri formalaşır.
Bu yanaşma Cənubi Qafqazda uzun müddət xarici güclər tərəfindən formalaşdırılmış, zor tətbiqinə əsaslanan təhlükəsizlik modellərini dəyişmək potensialına malikdir. Azərbaycanın sülh gündəliyi blokadadan tranzitə, təcriddən ticarətə, hərbiləşmiş xətlərdən kommunikasiyalara keçidi təmin edən transformativ məzmun daşıyır. Zəngəzur dəhlizi bu transformasiyanın konseptual simvolu kimi Naxçıvanla quru əlaqəsini bərpa edir, Türkiyənin Azərbaycan və Mərkəzi Asiya ilə fiziki bağlantısını gücləndirir, Ermənistan üçün isə regional iqtisadi layihələrə inteqrasiya imkanları yaradır. Azərbaycanın eyni vaxtda "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarında qovşaq funksiyasını möhkəmləndirməsi regionun geoiqtisadi çəkisini artırır; bu çəki təhlükəsizlik kapitalına çevrilərək sabitliyi obyektiv marağa çevirir və sülh gündəliyini struktur səviyyəsində stimullaşdırır.
Bu strategiyanın ardıcıllığı İlham Əliyevin liderliyində mərhələli şəkildə reallaşdırılmış layihələrdə aydın görünür: 1994-cü ildə "Əsrin müqaviləsi" ilə qlobal enerji konsensusu formalaşdırıldı, Bakı-Tbilisi-Ceyhan xətti ilə alternativ ixrac arxitekturası yaradıldı, Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhlizin quru komponentini gücləndirdi, "Cənub qaz dəhlizi" Avropa ilə strateji enerji tərəfdaşlığını institusional səviyyəyə yüksəltdi, Ələt limanı və Orta dəhliz daşımaları Azərbaycanın tranzit platforma statusunu möhkəmləndirdi. Bu ardıcıllıq onu göstərir ki, sözügedən təşəbbüslər ayrı-ayrı layihələr deyil, İlham Əliyevin uzunmüddətli, təkamül edən strateji dizaynının mərhələləridir. Burada liderliyin əsas keyfiyyəti açıq şəkildə üzə çıxır: gündəliyi hadisələr deyil, siyasi iradə və strateji baxış formalaşdırır.
Liderlik və strateji ardıcıllıq, risk idarəçiliyi və uzaqgörənlik
İlham Əliyevin liderlik modeli balans, ardıcıllıq və uzunmüddətli strateji planlama üzərində formalaşmış idarəetmə konsepsiyasıdır. Bu modeldə ilkin mərhələdə uzunmüddətli məqsədlər dəqiq müəyyənləşdirilir, strategiya sistemli dizayn olunur və icra prosesi tərəfdaşların, eyni zamanda rəqiblərin davranışlarına uyğun adaptasiya edilir, bununla yanaşı, əsas strateji xətt dəyişməz saxlanılır. Sözügedən yanaşma klassik strateji idarəetmədə ardıcıllıqla davamlı adaptasiyanın tarazlığını təmin edən optimal model kimi səciyyələnir.
Modelin ikinci əsas elementi risklərin qabaqlayıcı idarə olunmasıdır. Qlobal enerji bazarlarında volatillik, regional rəqabətin dərinləşməsi, beynəlxalq sanksiyalar və silahlı münaqişələr alternativlərin strateji dəyərini yüksəldir. Alternativlərin əvvəlcədən formalaşdırılması böhran anlarında dövlətə geniş seçim imkanları qazandırır. Avropaya qaz ixracının genişləndirilməsi, Bakı-Tbilisi-Ceyhan marşrutunun alternativ ixrac xətti kimi aktuallığını qoruması və Orta dəhlizin cəlbedici tranzit platformasına çevrilməsi bu "seçim azadlığı"nın praktik nəticələridir.
Üçüncü element strateji uzaqgörənlikdir. Azərbaycan öz infrastrukturunu yalnız cari iqtisadi ehtiyaclar üçün deyil, gələcək geosiyasi ssenarilər nəzərə alınmaqla inşa etmişdir. Məhz bu səbəbdən 2022-ci ildən sonra geosiyasi turbulentlik artdıqca Azərbaycanın enerji, nəqliyyat və sülh gündəliyinə xidmət edən layihələrinin dəyəri daha aydın şəkildə üzə çıxmış, institusional dayaqlar artıq mövcud vəziyyətdə fəaliyyət göstərməyə başlamışdır.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq əhəmiyyətli dərəcədə Prezident İlham Əliyevin strateji vizyonunun nəticəsidir. Heydər Əliyevin "Əsrin müqaviləsi" ilə əsasını qoyduğu qlobal konsensus platforması İlham Əliyev dövründə enerji, nəqliyyat və təhlükəsizlik alətlərinin inteqrasiyası vasitəsilə inkişaf etdirilmiş, regionun Avrasiyanın əsas əlaqələndirici qovşaqlarından birinə çevrilməsi üçün real potensial formalaşdırılmışdır.
İlham Əliyevin tarixi missiyası Cənubi Qafqazda münaqişə yaradan struktur şərtləri transformasiya etməkdən ibarətdir. Bu miqyasda dəyişiklik yalnız uzunmüddətli vizyon, güclü siyasi iradə və qlobal prosesləri dərindən təhlil edə bilən liderlik modeli ilə mümkün ola bilər. Azərbaycanın həyata keçirdiyi meqalayihələr ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə və İran kimi əsas aktorların maraqlarını vahid geoiqtisadi müstəvidə uzlaşdırır, eyni zamanda regionun sülh və əməkdaşlıq məkanına transformasiyası üçün yeni imkanlar pəncərəsi yaradır.
Cənubi Qafqazın gələcək yol xəritəsi və Azərbaycanın rolu
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər yalnız hərbi-siyasi uğur deyil, həm də son üç onillikdə qurulan enerji və nəqliyyat geopolitikasının nəticəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin strategiyası müharibə dövründə xarici güclərin birbaşa müdaxiləsinin qarşısını almağa imkan verdi. Bu uğur təsadüfi deyildi. İllər boyu Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına, Rusiya üçün regional sabitlik təminatçısına, Türkiyə ilə strateji müttəfiqə və Mərkəzi Asiya üçün çıxış qapısına çevrilmişdi. Beynəlxalq aktorlar üçün bu status-kvo dəyişməsi risk yox, yeni reallığın qəbul edilməsi zərurəti kimi dəyərləndirildi.
Müharibədən sonra Azərbaycan Zəngəzur dəhlizi və regional kommunikasiyaların açılması kimi təşəbbüslərlə sülh gündəliyini geoiqtisadi mexanizmə çevirərək revanşizmə deyil, qarşılıqlı asılılıq və inteqrasiya üzərində təhlükəsizlik konsepsiyasına üstünlük verdi. Qarabağ və ətraf rayonların azad olunması ilə daxili kommunikasiya xəritəsi bərpa olundu, Şərqi Zəngəzur və Qarabağ isə nəqliyyat, logistika və "yaşıl enerji" mərkəzləri kimi planlaşdırıldı. TRIPP layihəsi və digər meqalayihələr yalnız fiziki infrastruktur deyil, onlar Cənubi Qafqazda geoiqtisadi model və inteqrasiya platformasıdır, qarşıdurma yerinə kommunikasiyalar, blokada yerinə əməkdaşlıq, təhlükə yerinə qarşılıqlı faydalılıq təklif edir. Prezident İlham Əliyev qalib ölkənin lideri kimi riskləri üzərinə götürərək regionun uzunmüddətli sabitliyinə yönəlmiş cəsarət nümayiş etdirdi.
Beləliklə, İlham Əliyev strategiyası regionun təhlükəsizlik arxitekturasını dəyişən "zəmanətlər paketi" yaradır - enerji tədarükü, tranzit imkanları və kommunikasiya gündəliyi bir-birini tamamlayır, böyük güclərin maraqlarını uzlaşdırır və Cənubi Qafqazı əməkdaşlıq və sabitlik məkanına çevirir.
ABŞ-dən etiraf: İlham Əliyevin liderliyi Azərbaycanı regional reallığı formalaşdıran aktora çevirib
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Ermənistan və Azərbaycana səfəri bir daha Cənubi Qafqaz regionunun formalaşmaqda olan yeni dünya nizamında yeri və roluna Vaşinqtonun baxışını sərgilədi. ABŞ Azərbaycanın təklif etdiyi, Prezident İlham Əliyevin müəllifi olduğu "Dayanıqlı sülh gündəliyi ilə Cənubi Qafqazın transformasiyası" strategiyasını əsas tutur, Vaşinqton regionun gələcəyi, onun potensialının reallaşdırılması, enerji, nəqliyyat və təhlükəsizlik alətlərini birləşdirməklə yeni reallıq yaradılması ilə əlaqədar Bakı ilə eyni baxışa malikdir.
Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti ilə birgə mətbuata açıqlamasında ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens bunu belə ifadə etdi: "Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!
Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq, ABŞ-nin iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar.
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək".
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Azərbaycan Prezidentinin Münxendə ustad geosiyasət dərsi, yaxud Azərbaycan Aİ-nin baxışını necə dəyişir?
Cənubi Qafqaz regionu və onun Şərq-Qərb bağlantılarında rolu, potensialı, Azərbaycanın meqalayihələr ilə yeni reallıq yaratması, regionu transformasiya etməsi, Avrasiyanın nəqliyyat hablarından birinə çevrilməsi perspektivinin açılması fevralın 13-15-də keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransında əsas mövzulardan biri oldu.
Fevralın 14-də Konfrans çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə iştirak edən Prezident İlham Əliyev bir daha ölkəmizin böyük Xəzər regionu (Mərkəzi Asiya, Cənubi Qafqaz) ilə Qara Dəniz regionu arasında regional bağlantıların qurulması, Çin-Avropa nəqliyyat-logistika sistemində yeni imkanlar, alternativlər yaratmasını geniş təhlil elədi və gələcəyin necə şəkilləndirilməsi ilə bağlı atılan addımları vurğuladı: "Bir məqamı da vurğulamaq istəyirəm, biz region ölkələri haqqında danışdıq və Xəzər dənizinin o tayında Mərkəzi Asiyadakı qonşularımızı unutmamalıyıq. Çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropa - coğrafiya budur və Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə çox fəal qarşılıqlı əlaqədədir. Ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edildi, Mərkəzi Asiya beşliyi altılığa çevrildi. Bu, misli görünməmiş bir hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma Mərkəzi Asiya Məşvərət Şurasının üzvüyük.
Biz bağlantı sahəsində çox işlər görürük, Mərkəzi Asiya ölkələri ilə Çin arasında da bağlantı sahəsində çox işlər görülür. Xanım Helqanın vurğuladığı mövcud yollarla yanaşı, Çin tərəfindən tikilməkdə olan və maliyyələşdirilən başqa bir yol da var - Xəzərə aparan daha bir yol. Çindən Qazaxıstan vasitəsilə Xəzərə uzanan mövcud yoldan əlavə olaraq. Çin hazırda Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yolunu maliyyələşdirir. Yenə də yol Xəzər dənizinə gedir. Bu o deməkdir ki, o, Azərbaycana və sonra Cənubi Qafqazdan keçərək Avropaya çatacaq. Beləliklə, xeyli geosiyasət, xeyli beynəlxalq münasibətlər, xeyli diplomatiya həyata keçirilir. Azərbaycan bir çox ölkələrin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq".
Prezident İlham Əliyevin bu təhlili Azərbaycanın regional siyasətini yalnız milli kontekstdə deyil, Avrasiyanın dəyişən geoiqtisadi arxitekturası kontekstində oxunmasının vacibliyini diqqətə çatdırdı. Azərbaycan dövlət başçısı bu vizyon və təşəbbüslərlə Aİ-nin də baxışını dəyişir və daha geniş, strateji düşünməyə vadar edir. Artıq Aİ-də qəbul edirlər ki, Prezident İlham Əliyevin "böyük güclərin maraqlarını cilovlamaq" strategiyası ilə Azərbaycan klassik qarşıdurma və bloklaşma modelini deyil, maraqların qarşılıqlı asılılıq üzərindən idarə edilmə yanaşmasını seçməklə regional geosiyasətdə yeni ölçülər və baxış formalaşdırıb. Bu strategiyanın hədəfi böyük güclərin maraqlarını Cənubi Qafqazın nəqliyyat-logistika, qovşaq potensialını reallaşdırmaqla uzlaşdırmaq, rasional maraqlar balansı yaratmaqdır.
İlham Əliyevin bu strategiyasının əsas nəticələrindən biri Azərbaycanın geosiyasi subyekt kimi mövqeyinin möhkəmlənməsidir. Cənubi Qafqazın gələcəyi, Mərkəzi Asiyanın Avropaya çıxışı, enerji təhlükəsizliyi və əsas nəqliyyat marşrutları ilə bağlı bütün real planların mərkəzində Azərbaycan amili dayanır. Bu gün Azərbaycanın addımları təkcə mövcud vəziyyətə deyil, gələcək onilliklərə hesablanan geosiyasi reallıqlara uyğun qurulur.
Azərbaycan Prezidentinin analizlərindən sonra Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos sözügedən panelin sonuna yaxın verdiyi açıqlama rəsmi Bakının mərhələ-mərhələ Aİ-nin strateji yanaşmasının dəyişməsinə, daha obyektiv olmasına necə nail olduğunu nümayiş etdirir: "Əsrlər keçir, lakin biz bu dəyişikliklər haqqında indidən düşünməliyik. Bəlkə də bizə keçmişdə bu, inanılmaz görünürdü, lakin gələcək üçün yollar açılır və region liderləri bunu anlayırlar ki, biz bundan necə faydalana bilərik, Avropa necə faydalana bilər və bu baxımdan, əlbəttə ki, Azərbaycan üçün də bu, faydalıdır. Bu, belə də olmalıdır. Bu, Avropa üçün yaxşıdır, çünki Çinə daha yaxşı çıxış əldə olunacaq. Bu çıxış Mərkəzi Asiya vasitəsilə təmin ediləcək. Bütün bu münaqişələrin və geosiyasi çağırışların həlli asan məsələ deyil".
Sadiq QURBANOV,
Milii Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri