23 Yanvar 2022 00:52
389
DÜNYA

İran Qərbdən, əsasən də ABŞ-dan möhkəm zəmanət istəyir

 

Qərb diplomatları xəbərdarlıq ediblər ki, İranın nüvə sövdələşməsinin bərpasının vaxtı sürətlə bitir. Bu məsələ ilə bağlı danışıqların yekunlaşmasının rəsmi tarixi yoxdur, lakin yanvarın sonuna qədər tərəflər razılığa gəlməsələr, bundan sonrakı cəhdlər mənasız olacaq.

Danışıqların iflasa uğramasının nəticəsi isə Yaxın Şərqdə növbəti gərginliyə səbəb ola bilər.

 

Danışıqlar qısa müddətə dayandırılıb

 

Vyanada bir tərəfdən Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ın (müşahidəçi kimi), digər tərəfdən isə İran İslam Respublikasının iştirakı ilə “4+1” formatında aparılan danışıqlar qısa müddətə dayandırılıb.

Nümayəndə heyətləri öz ölkələrinin hökumətləri ilə məsləhətləşmələr üçün vətənlərinə qayıdıblar. Danışıqların doqquzuncu raundu yaxın günlərdə başlanmalıdır. Lakin qeyd edilir ki, prosesin bir çox iştirakçısı bədbin əhvali-ruhiyyədədir.

Sövdələşmə (rəsmi adı - Birgə əhatəli fəaliyyət planı - BƏFP) 2015-ci ildə Barak Obama administrasiyası dövründə Vaşinqtonla Tehran arasında baş tutub və əslində, İranı iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində öz nüvə proqramını inkişaf etdirmək imkanından məhrum edib.

2018-ci ildə ABŞ-ın növbəti prezidenti Donald Tramp öz ölkəsini müqavilədən çıxarıb və bunu onunla əsaslandırıb ki, İran əslində nüvə proqramından imtina etməyib, əksinə, Qərb tərəfindən iqtisadi təzyiqlərdən yaxa qurtararaq, bu proqramı gücləndirib. Həmin vaxtdan bəri İran nüvə sahəsində öz işini davam etdirmək üçün rəsmən sərbəstlik qazanıb və Co Bayden Ağ Evə gəldikdə tərəflərin danışıqlar masası arxasına dərhal qayıtması təşəbbüsü ilə çıxış edib. Lakin Qərb nümayəndələrinin sözlərinə görə, müsbət nəticənin əldə olunacağına ümid qalmayıb.

Ötən həftə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Fransanın Brest şəhərində İran məsələsinin də müzakirə olunduğu sammiti başa çatdıqdan sonra Fransanın xarici işlər naziri Jan-İv Le Drian Tehranla danışıqların uzun müddət davam etdiyini bildirib: “Seçim belədir: ya tezliklə BƏFP-yə qayıtmaq, ya da bizim yenidən İranın nüvə proqramı ilə bağlı böhranın episentrində olduğumuzu etiraf etməkdir”. Le Drianın fikrincə, İran tezliklə öz nüvə silahının yaradılmasına yaxınlaşa bilər.

 

İranın düşünülmüş strategiyası

 

Vyanada danışıqlar bir neçə aydır ki, davam edir. Amerika tərəfi Vyanada ölkənin ali rəhbərliyi deyil, yalnız ABŞ-ın Avstriyadakı diplomatik missiyasının əməkdaşları ilə təmsil olunur.

Əvvəlcə bir çoxları məhz bunu İran tərəfinin kompromisə razı olmamasının səbəbi hesab edirdilər. Tehranın sövdələşmənin bərpası üçün əsas şərtləri ABŞ-a aiddir və belə görünürdü ki, iranlılar Vaşinqtonun daha yüksək rütbəli nümayəndələrindən zəmanət almaq istəyirlər.

Amma baş tutmuş raundların nəticələrinə görə, Qərb diplomatları belə qənaətə gəlirlər ki, rəsmi Tehran deyəsən, ümumiyyətlə, sövdələşmənin bərpasına can atmır. Məsələn, ötən il noyabrın sonlarında Vyanada keçirilmiş danışıqların yeddinci raundu İran tərəfinin əslində əvvəlki altı mərhələdə edilmiş kompromislərdən imtina etməsi ilə əlamətdar olub.Yeni il ərəfəsində isə danışıqlar demək olar ki, başlanğıc nöqtəsinə dönüb.

Amma indi istisna deyil ki, Fransanın xarici işlər naziri Jan-İv Le Drian haqlıdır və iranlılar nüvə silahı sahəsində öz məqsədlərinə ciddi yanaşıblar. Əgər belədirsə, onda iqtisadi narahatlığın əhəmiyyəti onlar üçün ikinci dərəcəli olacaq.

Bununla yanaşı, İran mətbuatı, məsələn, mərkəzi gündəlik “Ebtekar” və “Esteglal Javan” nəşrləri İran hökumətinin BƏFP-yə qayıtmaqda maraqlı olduğunu, danışıqların doqquzuncu raundunda ciddi nikbinliklə irəliləyişlər gözlədiyini bildirirlər. Lakin Tehran Qərbdən, əsasən də ABŞ-dan möhkəm zəmanətlər gözləyir.

 

Bu zəmanətlər hansılardır?

 

İran tərəfinin bildirdiyinə görə, Tehranın sövdələşmə şərtlərinə əməl etməsinə nəzarət  üçün MAQATE kimi nəhəng təşkilat olduğu halda, Qərb tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən konkret orqan yoxdur.

“ABŞ-ın yenidən BƏFP-dən çıxmayacağına dair kifayət qədər ciddi zəmanət olmalıdır”, - deyə İranın xarici işlər naziri Əmir Abdollahyan bir müddət əvvəl bildirib. Qərb tərəfdaşları İranın arqumentləri ilə qismən razılaşırlar və yaxın günlərdə İran təmsilçilərindən konkret təkliflər gözləyirlər.

Ekspertlərin fikrincə, variant kimi bu cür nəzarət orqanı ABŞ Maliyyə Nazirliyi yanında Xarici aktivlərə nəzarət idarəsi ola bilərdi. Bu quruma İranla işin necə aparılacağına dair ümumi təlimatın işlənib hazırlanmasını, həmçinin sanksiyaların ləğvinə nəzarəti həvalə etmək olar.

Lakin çətin ki, Tehran sazişin şərtlərinə əməl edilməsinə nəzarətin Amerikanın dövlət orqanına həvalə olunmasına razılıq versin. BƏFP üçün xüsusi olaraq müstəqil bir struktur yaratmağa sadəcə vaxt yoxdur.

Belə bir fikir var ki, hazırkı mərhələdə ABŞ-ın xoşməramlı addım kimi sanksiyaları qismən aradan qaldırması Tehran üçün kifayət qədər zəmanət ola bilər. Lakin çətin ki, İranla birbaşa rəsmi danışıqlar aparmayan Vaşinqton belə bir addım atsın.

 

Yaxın Şərqdə vəziyyət dəyişə bilər

 

İsrail dəfələrlə bəyan edib ki, əsas regional rəqibinin maneəsiz olaraq nüvə potensialını artırmasını sakitcə müşahidə etməklə kifayətlənməyəcək.

BBC-nin xəbərinə görə, ölkənin Baş naziri Naftali Bennet vurğulayıb ki, İsrail Vyana danışıqlarının nəticəsinə rəğmən İrana qarşı sərbəst hərəkət etmək hüququnu özündə saxlayır.

Bennet bildirib ki, İsrail BƏFP-nin iştirakçısı deyil və onun qaydalarına əməl etməməlidir. Vaxtilə İsrail ABŞ-in sazişdən çıxmasını dəstəkləyib. Çünki heç vaxt inanmayıb ki, İran şərtləri yerinə yetirir və həqiqətən də nüvə proqramını qapadıb. İsrail hökumətinin rəsmi mövqeyi dəyişməz olaraq qalır: ABŞ-ın İranla razılaşması İsrailin təhlükəsizliyinə təhdiddir.

İran məsələsində İsrail digər iki güclü regional oyunçu - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından dəstək almağa çalışır.

Beləliklə, ABŞ-ın Yaxın Şərqdəki bütün əsas müttəfiqləri İran məsələsində Vaşinqtona müxalif olub. Doğrudur, ABŞ-ın yeni Prezidenti Co Bayden dəfələrlə bildirib ki, keçmiş administrasiyanın Yaxın Şərqlə bağlı sıx əlaqələrini irsiyyət kimi qəbul etməyəcək və region ölkələri ilə öz münasibətlərini quracaq.

İsraildə də müdafiə sahəsində ekspertlər arasında belə bir fikir səslənir ki, ola bilsin BƏFP o qədər də əhəmiyyətsiz deyil və ən azı mümkün müharibənin təxirə salınmasına səbəb ola bilər.

ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, sövdələşməyə qayıdış yalnız Yaxın Şərq ölkələrinin deyil, həm də ABŞ-ın təhlükəsizlik tələblərinə cavab verir. “Amma alınmasa, biz digər mümkün addımları, variantları nəzərdən keçirəcəyik”, - deyə Blinken qeyd edib.

Lakin bir çox müşahidəçi dövlət katibinin əvvəlki açıqlamalarına və digər variantların məhdudluğuna əsasən belə nəticə çıxarırlar ki, söhbət vəziyyətin hərbi inkişafından gedə bilər. Təbii ki, belə bir addım heç bir tərəf üçün arzuolunan deyil.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video