19 Mart 2024 08:40
1010
İQTİSADİYYAT
A- A+

İqtisadi inkişafımızın yeni dayaq nöqtəsi - Qarabağ və Şərqi Zəngəzur

 

Ermənistan tərəfindən torpaqlarımızın 30 il işğal altında saxlanması ölkə iqtisadiyyatına milyardlarla manat ziyan vurub. İşğal dövründə bölgədə fəaliyyət göstərən bütün sahələr düşmən tərəfindən talan edilib. Ən çox zərər isə kənd təsərrüfatına dəyib.
Ermənilər həmin illərdə torpaqlarımızı heç bir əkin normalarına əməl etmədən vəhşicəsinə istismar ediblər. Üstəlik, işğal altındakı ərazilərimiz saysız-hesabsız mina və partlamamış sursatlarla çirkləndirilib. Bununla yanaşı, həmin bölgədəki təbii sərvətlərimiz talan olunarkən texniki qaydalara riayət edilmədiyi üçün bərəkətli torpaqlarımıza ciddi ziyan dəyib. 
44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra işğal altındakı torpaqlardan yenidən onun əsl sahiblərinin faydalanması üçün imkan yarandı. Prezident İlham Əliyev əhalinin arzusunu nəzərə alaraq, 2021-ci il 27 aprel tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzaladı. Həmin fərmanın icrası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 270 hektar örüş), Qubadlıda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə (11 ay) icarə müqavilələri bağlanıldı. Həmin təsərrüfatlarla 2022-2023-cü təsərrüfat ilində icarəyə verilən 68,5 min hektar əkin sahəsi üzrə icarə müqaviləsinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün müqavilələrə xitam verildi və 2023-2024-cü təsərrüfat ili üzrə qısamüddətli icarə müqaviləsi bağlandı. 
Belə ciddi nizam-intizamın yaradılması torpaqlardan səmərəli istifadəyə nəzarət olunması ilə bağlıdır. Eyni zamanda icarədarın torpaqdan istifadə edərkən əkin-biçin normalarına əməl etməsinə ciddi nəzarət edilir. Çünki uzun illər ermənilər tərəfindən vəhşicəsinə istismar edilən torpaqlara daha çox diqqət və qayğı lazımdır. Bununla yanaşı, paralel olaraq icarəyə verilən ərazilərdə kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə faktiki əkin yerlərinin Məlumatlar Bazasına daxil edilərək xəritələnməsi təmin olunur.
İşğaldan azad edilən ərazilərdə əhalinin məskunlaşması ilə paralel olaraq bu torpaqlardan səmərəli istifadə etmək üçün dövlət fermerlərə daim dəstək verir. Məqsəd bu bərəkətli torpaqlarda daha çox kənd təsərrüfatı məhsulunun istehsal edilməsinə nail olmaqdır. Təkcə ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilər üzrə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsulu istehsalçısına 73,5 min hektar sahədə becərdikləri əkinlərə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 16 milyon 701,3 min manat məbləğində əkin subsidiyası verilib.
Məlumdur ki, müasir texnika və texnologiyalardan istifadə aqrar sektorda yüksək məhsul götürülməsində önəmli rol oynayır. Son dövrlər ölkəmizdə kənd təsərrüfatı işlərində yüksək texnologiyalardan daha çox istifadə edilməsinin səbəbi də budur. Dövlət bu sahədə də fermerlərə dəstək verir. Belə ki, ötən il dövlət tərəfindən Tərtər rayonunun Çaylı kəndi ərazisində və Xocavənd rayonunun Məmməddərə kəndi ərazisində salınmış meyvə bağları üçün Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ümumi dəyəri 2,75 milyon manat olan 2 dəst damlama suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədilə 1 milyon 44,1 min, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində ümumi dəyəri 322,5 manat olan 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsi üçün 999,2 min manat güzəşt ayrılıb. Həmçinin hesabatda bildirilir ki, il ərzində ümumi dəyəri 525 min manat olan 15 ədəd kənd təsərrüfatı texnikasının alışının maliyyələşdirilməsi məqsədilə 86,1 min manat məbləğində kredit verilib və qiymətdə 183,5 min manat güzəşt edilib.     
Onu da vurğulayaq ki, işğaldan azad olunan ərazilərə göstərilən dövlət dəstəyi öz müsbət nəticələrini verir. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən il Qarabağ və Şərqi Zəngəzurda 2022-ci illə müqayisədə ət istehsalı 6,1, süd istehsalı isə 7 faiz artıb. 2022-ci ildə ümumilikdə işğaldan azad olunmuş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 21 min 270 ton ət, 12 min 7786 ton süd istehsal olunub. Bu dövr ən çox ət (6 min 523 ton) Kəlbəcərdə, süd isə (43 min 727 ton) Ağdamda istehsal edilib.
Bu yazını Prezident İlham Əliyevin andiçmə mərasimində işğaldan azad edilmiş ərazilərdə görüləcək işlər barədə dediyi sözlərlə tamamlamaq istərdik: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video