Mayın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova 12 məsələnin müzakirə ediləcəyini, birinci məsələnin İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının olduğunu bildirib.
Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib. O bildirib ki, 2024-cü il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, "2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı", dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq aidiyyəti üzrə təqdim olunub.
Milli Koordinator diqqətə çatdırıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində mütəmadi olaraq əhali ilə görüşlər keçirilərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə məlumatlandırma işi aparılıb. Hesabat ilində dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, eləcə də məşğulluqlarının təmin edilməsi ilə bağlı yardımlar davam etdirilib. Bununla yanaşı, Azərbaycanda və əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraitinin öyrənilməsi məqsədilə 1265, himayədar ailələrə verilmiş uşaqlarla bağlı 231 monitorinq aparılıb. Aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınması təmin edilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.
Qeyd olunub ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması məqsədlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 60.000 manata yaxın vəsait ayrılıb.
Hesabat ilində insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, təyinat və mənbə ölkələrinin aidiyyəti dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi işi davam etdirilib. O cümlədən xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və ixtisaslaşmış beynəlxalq qurumlarla informasiya və təcrübə mübadiləsi aparılıb, habelə ABŞ-nin Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA), BMT-nin insan hüquqları üzrə müqavilə qurumları və İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində verilən tövsiyələr və sorğular cavablandırılıb.
Bildirilib ki, ötən il Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkə üzrə əmək müqavilələrinin elektron sənəd formasında bağlanılmasına, əmək müqavilələrinə xitam əmrlərinin elektron imza ilə işçinin şəxsi kabinetinə göndərilməsinə, əmək münasibətləri ilə bağlı əmrlərin elektron uçotunun aparılmasına, işçi və işəgötürən arasında yazışmaların elektron kabinetlər vasitəsilə həyata keçirilməsinə, qanunvericiliyin düzgün tətbiqi üçün xəbərdarlıqların və məhdudiyyətlərin tətbiqinə başlanılıb.Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 30 səyyar yoxlama zamanı 1.002 işçidən 57-nin əmək və ya xidməti müqaviləsinin olmadığı aşkarlanıb, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnib. Bununla yanaşı, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 məcburi əmək faktı üzrə cinayət işi başlanılıb və zərərçəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub. İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.
Cinayət təqibi və qurbanlarla iş sahəsində görülmüş iş barədə danışan Seyfulla Əzimov insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri faktı və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət faktının aşkarlandığını qeyd edib.
Nəzərə çatdırılıb ki, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq cinayət işləri başlanılıb, həmçinin aparılmış monitorinqlərlə insan alverinin təbliği ilə məşğul olan 156, cari ilin ötən dövründə isə 124 teleqram kanalı, "İnstaqram" və "TikTok" hesabı bağlanılıb.
Qeyd olunub ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olub. Onlardan 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-si Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.
Milli Koordinator vurğulayıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin icrası da diqqətdə saxlanılıb. Onlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi, sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban peşə kurslarına yönəldilib, 9 nəfəri işlə təmin edilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında kömək göstərilib, 44 qurbanın ailəsinə qayıdışı təmin olunub.
Diqqətə çatdırılıb ki, müvafiq sahədə davamlı hüquqi islahatların həyata keçirilməsi, insan alveri cinayətlərinin iştirakçılarının təqibi, qurbanların aşkarlanması üçün süni intellekt, rəqəmsal alətlərdən səmərəli istifadə edilməsi, müasir texnologiyaların tətbiqi ilə profilaktika işinin genişləndirilməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı barədə bu komitənin rəyini təqdim edib. O, insan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator institutunun yaradılmasının 20 ilinin tamam olduğunu qeyd edərək, hüquq-mühafizə orqanlarının dövlətçiliyə xidməti və sədaqətinin, Ulu Öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığının müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2003-cü ildə yenicə Prezident seçilən İlham Əliyev ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların birnömrəli müdafiəçisi olduğunu nümayiş etdirib.
Komitə sədri qeyd edib ki, Milli Məclisə təqdim edilən məlumat təkcə Baş İdarənin deyil, ölkə üzrə 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin nəticəsidir. Sənəd 4 istiqamət üzrə, o cümlədən cinayətin qarşısının alınması, qurbanlara yardım və müdafiə, cinayətkarların təqibi və beynəlxalq əməkdaşlıq tədbirlərini özündə ehtiva edir.
Zahid Oruc deyib ki, məlumatda "2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın hazırlandığı bildirilir. Digər məsələ, gizli xarakterə malik transmilli cinayətin şəbəkə halında informasiya texnologiyaları-kiberməkanda qarşısının alınmasıdır. O, insan alveri-traffikinginin sosial şəbəkələr üzərindən yeni tranzit kanallarının aşkarlanması və təqibi, onlayn məkana köçən kibercinayətlərin qarşısının alınması sahəsinə də xüsusi diqqət göstərildiyinin təqdirəlayiq olduğunu söyləyib. İnsan alverinin yoxsulluq, əhalinin səmərəli məşğulluğu, təhsil, sosial müdafiə və digər sahələrə də təsir göstərdiyini qeyd edib. Bununla yanaşı, bildirilib ki, beynəlxalq hesabatlarda insan alveri sahəsində qlobal indeks və reytinqlərdə ölkəmiz müsbət indikatorlara malikdir.
Komitə sədri qeyd edib ki, Baş İdarəyə vətəndaşların etimadının mühüm göstəricilərindən biri "152" qaynar xəttinə 10.254 zəngin edilməsidir. Ötən illərlə müqayisədə müraciətlərin artması problemə həssas münasibətin göstəricisidir. O, nəzərə çatdırıb ki, son 20 ildə insan alveri üzrə cinayətlərin ümumi sayı 2.532 təşkil edib. Müxtəlif illərdə dinamika dəyişib, hazırda isə dövlətin sistemli tədbirləri hesabına sabit bir tendensiya müşahidə olunur.
Komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, təkliflərini səsləndirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb. O, 2024-cü il üzrə insan alverinə qarşı mübarizə haqqında məlumatın son Milli Fəaliyyət Planının yekunu olduğunu, yeni Fəaliyyət Planının hazırlanacağını söyləyib. Komitə sədri deyib ki, ötən illər ərzində Daxili İşlər Nazirliyi, digər dövlət orqanları bu sahədə sistemli, davamlı və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib və müsbət nəticələr əldə olunub. O, həm insan alverinə qarşı mübarizə sahəsində, həm də bütövlükdə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən peşəkar fəaliyyəti xüsusi vurğulayıb.
Əli Hüseynli bildirib ki, 2025-2030-cu illər üçün yeni Fəaliyyət Planında dünyada və regionda baş verən bir sıra münaqişələr insan alveri üçün yeni təhdidlər kimi qiymətləndirilməli və bu amillər gələcəkdə nəzərə alınmalıdır. Eyni zamanda rəqəmsal alətlərin və müasir texnologiyaların tətbiqi, insan hüquqlarının səmərəli müdafiəsi əsas vəzifələrdən olmalıdır.
Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Azər Allahverənov çıxış ediblər, qeyd və təkliflərini söyləyiblər.
Milli Məclisin Sədri Sahibə Qafarova məsələyə münasibət bildirərək, millət vəkillərinin seçicilərlə görüşləri zamanı maarifləndirmə işində fəallıq göstərməsinin əhəmiyyətindən danışıb.
Müzakirələrin sonunda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.
Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatlara dəstəyə görə təşəkkür edib, səsləndirilən təkliflərin gələcəkdə nəzərə alınacağını söyləyib.
Daha sonra iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri gündəliyin digər 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdimedilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təklif edilən dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.
Deputat Qüdrət Həsənquliyev məsələ barədə fikirlərini açıqladıqdan sonra konstitusiya qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "İstilik təchizatı haqqında" qanun layihəsini təqdim edib. O, sənədin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin, bu sahədə aparılan qanunvericilik islahatlarının tərkib hissəsi olduğunu qeyd edib. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın təkcə regionda deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, 7 fəsil, 26 maddədən ibarət qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Layihədə əsas anlayışlar verilir, qanunun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına, o cümlədən tənzimləyiciyə şamil olunduğu bildirilir.
Sənəddə istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimlənməsinin məqsədləri və dövlətin vəzifələri müəyyən edilir. Həmçinin istilik təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri, bu sahədə fəaliyyət növləri, istilik enerjisi istehsalçısının, paylayıcısının və satıcısının, habelə istehlakçının vəzifə və hüquqları müəyyənləşdirilir.
Bununla yanaşı, qanunda tikinti obyektlərinin şəbəkəyə qoşulması şərtləri, istilik təchizatının dayandırılması halları, istilik təchizatı sektorunda hesablaşma ilə bağlı müddəalar yer alıb. Habelə bərpaolunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, ətraf mühitin mühafizəsinə dair maddələr də öz əksini tapıb.
Məsələ ətrafında müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Məlahət İbrahimqızı, Vüqar Rəhimzadə çıxış edərək qeyd və təkliflərini açıqlayıblar.
İclasda iştirak edən energetika nazirinin müavini Orxan Zeynalov, "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər, verilən sualları ətraflı cavablandırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov gündəliyin onuncu məsələsi - Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, qanun layihəsinə təklif edilən dəyişikliklər ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyət və ictimai qaydanın daha effektiv formada cinayətkar qəsdlərdən qorunması məqsədilə hazırlanıb.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə (Cinayət Məcəlləsi, maddə 74) halının da əlavə edilməsi təklif olunur. Bundan başqa, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılmasına və az ağır cinayət hesab edilməsinə səbəb olur.
Eyni zamanda Cinayət-Prosessual Məcəlləsi üzrə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif edilir. Digər dəyişikliyə əsasən, cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur. Həmçinin son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, sənəd sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə bir sıra cinayət əməllərinin sanksiyalarında dəyişiklik edilərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla və bu əməllərə görə sağlamlığa vurulan ağır nəticələr tövsifedici əlamətlər kimi ayrı maddələrdə nəzərdə tutulmaqla cəzalar sərtləşdirilir. Bildirilib ki, səhiyyə sahəsində islahatlar aparılaraq tibb fəaliyyəti ilə məşğul olmağı tənzimləyən yeni qaydalar qəbul edilib. Layihədən göründüyü kimi, həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilərək səhiyyə qanunvericiliyində müəyyən edilmiş yeni qaydaların pozulması bu hüquqpozmaların obyekti kimi nəzərdə tutulub.
Layihə ilə bağlı deputat Rəşad Mahmudovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələni - Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri bildirib ki, layihədə 4 hüquqi akta ümumilikdə 12 maddə üzrə 34 adda dəyişiklik təklif olunub. Layihədə adıçəkilən digər qanunlara ediləcək dəyişikliklər "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Qeyd olunub ki, layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi işinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
O, layihə hazırlanarkən istifadə olunmuş dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən "Davamlı peşəkar inkişaf (DPİ)" anlayışının mütərəqqi əhəmiyyətini vurğulayıb. Sənəddə təsbit olunan tibb işçilərinin sertifikasiyası prosesi ilə bağlı əsas yenilikləri, mövcud qaydalara təklif olunan müddəaları və digər mütərəqqi dəyişiklikləri diqqətə çatdıran komitə sədri DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Mütəxəssislər bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il minimum 50 bal olmaqla, ümumilikdə 250 bal təşkil edir. Yəni mütəxəssislərin bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ mexanizm tətbiq olunacaq. Sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Bu məqsədlə də qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə terminoloji dəqiqləşdirmə məqsədilə "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 47-ci və 48-ci maddələrində "tibb və əczaçılıq ixtisasları" sözləri "tibb və ya səhiyyə ixtisasları" sözləri ilə əvəz edilib. Həmçinin tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə dair müddəanın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda ləğv edilməsi təklif olunub.
Çıxışının sonunda Əhliman Əmiraslanov vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran peşə sahiblərinin inzibati resurslarla deyil, davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov məsələ barədə komitənin müsbət rəyini bildirib.
Qanun layihəsinin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev, Səyyad Salahlı, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova, Rəşad Mahmudov, Əminə Ağazadə çıxış ediblər, qeyd və suallarını səsləndiriblər.
Müzakirələrin sonunda səhiyyə naziri Teymur Musayev çıxış edib, sənədə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb. Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimləmələr tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdıracaq, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaradacaq. O, layihədə təklif olunan "Davamlı peşəkar inkişaf (DPİ)" anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. Bildirilib ki, layihədə təsbit olunan daha bir yenilik isə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılmasıdır. Bu müddəanı ölkə rəhbərliyinin hər zaman tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirən nazir vurğulayıb ki, davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək. Nəticədə tibb mütəxəssisləri tərəfindən vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin ediləcəkdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"