Bu gün dünya əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir mərhələdədir. İndi müharibələr sadəcə döyüş meydanında getmir. İnternet resursları, sosial şəbəkələr, müxtəlif rəqəmsal informasiya platformaları informasiya müharibələrinin getdiyi meydana çevrilib. Hazırda informasiya daha böyük bir güc kimi özünü göstərir.
Azərbaycan da qlobal informasiya məkanının bir hissəsidir. İnternet, sosial şəbəkələr və süni intellekt əsaslı sistemlər gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bir tərəfdən bu, məlumatlara çıxışı asanlaşdırır, digər tərəfdən, vətəndaşlara yeni imkanlar yaradır. Eyni zamanda məlumat bolluğu içərisində həqiqəti seçmək getdikcə çətinləşir. Təhrif olunmuş xəbərlər, emosiyalara əsaslanan başlıqlar, manipulyativ videolar, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər insanlarda psixoloji təsir gücünə malikdir. Bu proses isə təsadüfi deyil.
Müasir dövrdə "hibrid müharibə" ifadəsi formalaşıb. Buraya dezinformasiya kampaniyaları, kiberhücumlar, iqtisadi təzyiq vasitələri, sosial şəbəkələr üzərindən psixoloji təsir, dini və ideoloji manipulyasiyalar daxildir. Bütün bunların məqsədi isə informasiya hücumu ilə cəmiyyəti zəiflətmək, çaşqınlıq yaratmaq və dövlətə olan etimadı sarsıtmaqdır.
Onu da vurğulamalıyıq ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mübarizə aparırdı. Sosial şəbəkələrdə və xarici media qurumlarında antiazərbaycançı şəbəkə tərəfindən ölkəmizin haqlı mübarizəsi ilə bağlı saxta xəbərlər tirajlanırdı. Bu məlumatlar, əsasən, erməni təəssübkeşləri, antimilli ünsürlər tərəfindən yayılırdı.
Həmin ərəfədə Prezident İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrində ölkəmizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdıraraq Vətən müharibəsinin hüquqi əsasları və gedişatı barədə dolğun məlumatlar təqdim edirdi. Dövlətimizin başçısının müxtəlif nüfuzlu media qurumlarına müsahibələri haqlı mövqeyimizi dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılaraq informasiya müharibəsindəki qələbəmizi təmin etdi.
44 günlük Vətən müharibəsi Azərbaycanın həm də informasiya strategiyası baxımından da uğurlu təcrübəsi kimi qiymətləndirilə bilər. Bu proses müasir dövrdə informasiya cəbhəsində qazanılan üstünlüyün inkişafın mühüm tərkib hissəsi olduğunun göstəricisidir.
Fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev kibertəhlükəsizlik məsələlərinə xüsusilə toxunaraq bildirib: "Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır". Dövlətimizin başçısının fikirlərinə əsaslanaraq deyə bilərik ki, kibertəhlükəsizlik dövlət təhlükəsizliyinin əsas sütunlarından biridir.
Ölkəmizdə təkmil siyasət informasiya təhlükəsizliyini uğurla təmin edir. Belə ki, informasiya təhlükəsizliyinin qorunması ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanda informasiya resurslarının mühafizəsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Həmçinin qanunvericilik bazası təkmilləşdirilir, qabaqlayıcı mexanizmlər tətbiq olunur və beynəlxalq əməkdaşlıq genişləndirilir. Bütün bunlar mümkün informasiya təhdidlərinin vaxtında qarşısını almağa xidmət edir.
Görülən işlər Azərbaycanın informasiya məkanında daha güclü və təhlükəsiz mövqe tutmasına imkan yaradır. İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi isə ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və milli maraqlarının qorunmasına töhfə verir. Buna görə də informasiya məkanını bundan sonra da göz bəbəyi kimi qorumaq lazımdır. Mükəmməl qanunvericilik, effektiv kibertəhlükəsizlik sistemi və məsuliyyətli vətəndaş mövqeyi bu sahədə əsas dayaqlardır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"