14 Fevral 2026 09:45
182
Mədəniyyət
A- A+
Əli Vəliyev - hər zamanın yazıçısı

Əli Vəliyev - hər zamanın yazıçısı


Azərbaycan ədəbiyyatında elə əbədiyaşar isimlər var ki, onlar yalnız yaşadıqları dövrü ədəbi fakt kimi deyil, həm də mənəvi hadisə kimi dəyərləndirirlər. Bu adlar dövrün ideoloji çərçivəsindən, zamanın sınaqlarından çıxaraq, xalqın yaddaşında əbədi məskən salaraq  ölməzlik statusu qazanıb əbədi yaşayırlar. 

Xalq yazıçısı Əli Vəliyev məhz bu taleyi yaşamış, qələmi ilə dövrünün ağrılarını, ziddiyyətlərini, insan talelərini vicdanla ifadə etmiş sənətkarlardandir. O, nə pafoslu şüarların, nə də süni ideoloji qəlblərin yazıçısı idi. Əli Vəliyev üçün əsas ölçü insan, əsas meyar isə ədalət idi. O, yazıçı taleyini kabinet rahatlığında yox, həyatın özündə, xalqın arasında, zəhmətin, mübarizənin, bəzən də təhlükənin içində yaşamışdı. Onun qələmi süni pafosdan uzaq, səmimi, həyatın özündən doğan bir qələm idi. Əli Vəliyev yaşamaq üçün yazmırdı, yaşadığı üçün yazırdı.

1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağdü kəndində dünyaya göz açan ədibin uşaqlıq və gənclik illəri yoxsulluq, zəhmət və həyatın sərt sınaqları içində keçmişdi. Kənd mühitində formalaşan bu xarakter onun sonrakı yaradıcılığında torpaqla, zəhmətlə, kənd adamının taleyi ilə sıx bağlılıq yaratmışdı. Təhsil almaq, savad qazanmaq o dövrdə hər kəs üçün əlçatan deyildi. Əli Vəliyev bu çətin yolu əzmlə keçməyi bacarmışdı. O özünü tapana kimi  müxtəlif məktəblərdə oxudu, sonra Azərbaycan Dövlət Darülfünununda təhsil aldı. Yalnız diplom üçün oxumadı. Onu maraqlandıran əsas məsələ insanı, cəmiyyəti, zamanın ruhunu anlamaq idi. Elə buna görə də gənc yaşlarından jurnalistikaya üz tutdu. "Şərq qapısı", "Kommunist" qəzetləri, "Azərbaycan" jurnalı kimi nüfuzlu mətbuat orqanlarında çalışması ədibin dünyagörüşünü daha da genişləndirdi. Keçdiyi  mətbuat məktəbi Əli Vəliyevi yalnız peşəkar qələm sahibi yox, ictimai məsuliyyət daşıyan ziyalı kimi formalaşdırdı.

Əli Vəliyev ədəbiyyata gələndə zaman heç də sakit deyildi. Cəmiyyət dəyişirdi, ideologiyalar toqquşurdu, insan taleləri böyük mexanizmin mişar kimi dişliləri arasında əzilir, bəzən də sınırdı. Belə bir dövrdə söz demək cəsarət tələb edirdi. Əli Vəliyev bu cəsarəti göstərən yazıçılardandır. Onun ilk hekayələrindən başlayaraq, oxucu hiss edirdi ki, bu qələm sahibinin sözü süni deyil. "Nənəmin cəhrəsi", "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" kimi əsərlər sadə insanların taleyinə işıq salırdı. Bu əsərlərdə qəhrəmanlıq tribunadan səslənən şüarlarla yox, zəhmət, sədaqət və insan ləyaqəti ilə ölçülürdü.

1941-ci ildə başlayan müharibə Əli Vəliyevin həyatında və yaradıcılığında ayrıca bir mərhələdir. Əli Vəliyev könüllü olaraq cəbhəyə yollanır, müharibəni kabinetdən "izləmir", səngərdə döyüşçü həyatı yaşayanlardan olur. Təbii ki, bu fakt onun yaradıcılığına təsir etməyə bilməzdi. Elə bu səbəbdən də  müharibə mövzusunda yazdığı hekayə və publisistik yazılarda pafosdan çox insan ağrısını, ana həsrətini, yarımçıq qalan ömürləri inandırıcı və real şəkildə, özü də böyük peşəkarlıqla ön plana çıxarmağı bacardı. Əli Vəliyev üçün müharibə yalnız döyüş meydanı deyildi - hər gün minlərlə insanı ağuşuna alan yarımçıq qalan  talelərin, insanlığın sınağı idi.

1950-1970-ci illər Əli Vəliyev yaradıcılığının ən yetkin və məhsuldar dövrü hesab olunur. Həmin illər qələmə aldığı "Çiçəkli", "Gülşən", "Turaclıya gedən yol", "Budağın xatirələri" kimi əsərlər onun sənətkarlıq zirvəsini təsdiq edən yaradıcılıq   nümunələridir. Bu əsərlər ideoloji dövrün çərçivəsində yazılsa da, orada əsas xətt ideologiya yox, insan vicdanıdır. Əli Vəliyev insanı sistemin əlavəsi kimi yox, müstəqil mənəvi varlıq kimi təqdim edirdi.  "Gülşən" əsərinin motivləri əsasında Soltan Hacıbəylinin eyniadlı baleti bəstələməsi və bu baletin Bakı və Daşkənd səhnələrində tamaşaya qoyulması Əli Vəliyev yaradıcılığının sənət sərhədlərini aşdığını sübut edir. Həmçinin onun yaradıcılığının yalnız ədəbi yox, ümummədəni dəyərə malik olduğunu göstərir.

Bu günün  prizmasından baxanda 1937-ci il düzgün və tam qiymətləndirmək olduqca çətindir. Ümumilikdə 30-cu illər insan talelərinin sanki görünməz bir "ət maşını"ndan keçirildiyi, "xalq düşməni" adlı damğanın plan üzrə paylandığı, qorxunun dövlət siyasətinə çevrildiyi bir zaman idi. "Xalq düşməni planı"nı yerinə yetirmək üçün sosializm yarışının getdiyi bu amansız sistemdə bəzən bir cümlədə, bəzən bir yazıda yol verilmiş kiçik bir hərf səhvi belə insanın taleyinə hökm kəsilirdi. Ziyalı, söz sahibi olmaq təhlükəli peşəyə çevrilmişdi. Qələm, düşüncə və vicdan bir anda ittiham aktına sübut kimi təqdim olunurdu. Məhz belə bir dövrdə susmaq çoxları üçün xilas yolu, yaşamaq strategiyası idi. Lakin Əli Vəliyev bu "təhlükəsiz sükut"u seçənlərdən olmadı. O, rəhbər mövqedə mətbuat və ədəbi mühitə təsir imkanına malik olduğu illərdə qələm yoldaşlarını qorumağı bacaran ziyalılardan biri kimi tarixə düşdü. Hər kəsin ehtiyatla addımladığı, hər sözün ölçülüb-biçildiyi, riskin həyatla ölçüldüyü bir zamanda kiminsə müdafiəsinə qalxmaq adi cəsarət deyil, taleyini təhlükəyə atmaq demək idi. Əli Vəliyev bu riski üzərinə götürdü. O, sistemin dişliləri arasında insanı itirməməyə çalışan, qorxu üzərində qurulmuş mexanizmə vicdanla müqavimət göstərən bir ziyalı mövqeyi nümayiş etdirdi. Zamanın ən sərt, qorxulu illərində belə, vicdanını kresloya qurban vermədi. 

Əli Vəliyev yazıçı olmaqla yanaşı, möhkəm xarakterli bir insan idi. Ədibi tanıyanlar yaxşı bilirdi ki, o, haqsızlıq qarşısında susanlardan deyildi. Səməd Vurğun kimi böyük bir şairin təqib edildiyi dövrdə onun müdafiəsinə qalxmaq böyük risk idi. Əli Vəliyev bu riski gözə aldı. Çünki onun üçün insan taleyi, sənət namusu və ədalət hər şeydən üstün idi. Bu cəsarət onun yazılarında olduğu kimi, həyat mövqeyində də özünü göstərirdi.

Dövlət Əli Vəliyevin əməyini yüksək qiymətləndirdi. O, Xalq yazıçısı fəxri adına layiq görüldü, müxtəlif orden və mükafatlarla təltif olundu. Lakin Əli Vəliyev üçün bunlar əsas məqsəd deyildi. Onun ən böyük mükafatı oxucunun etimadı, xalqın sevgisi idi. Çünki o, sadə oxucu ilə eyni dildə danışan yazıçı idi. Onun əsərlərini oxuyan insan qəhrəmanın, obrazın taleyini kənardan izləmirdi - öz həyatını oxuyurdu.

Əli Vəliyevin şəxsiyyəti ilə yaradıcılığı arasında ziddiyyət yox idi. O, yazdığı kimi yaşayan, yaşadığı kimi yazan yazıçı idi. Onun məşhur "Ən böyük biclik düzlükdür" - fikri əslində yazıçının həyat fəlsəfəsi idi. Bu fikir həm yazıçının sənət prinsipini, həm də insani mövqeyini ifadə edirdi. O, dövrə uyğunlaşmaq üçün əyilmədi, zamanla razılaşmaq üçün susmadı, vicdanını qorumağı bacardı.

1983-cü ildə Əli Vəliyev bu dünyadan köçdü. Amma onun gedişi son olmadı. Çünki belə insanlar fiziki olaraq getsələr də, sözləri ilə tarixə iz salırlar. Onun əsərləri bu gün də oxunur, təhlil olunur, gənc nəsillərə örnək göstərilir. Çünki Əli Vəliyev təkcə keçmişin yazıçısı deyil, hər zamanın yazıçısıdır. İnsan ləyaqəti, ədalət, zəhmət, vicdan kimi anlayışlar köhnəlmir.

Bu gün Əli Vəliyev yaradıcılığına qayıtmaq təkcə ədəbi maraq deyil, mənəvi ehtiyacdır. Onun əsərləri bizə bir daha xatırladır ki, söz məsuliyyətdir. Yazıçı olmaq təkcə yazmaq deyil, mövqe ortaya qoymaqdır. Əli Vəliyev bu prinsipi ömrünün sonuna qədər qorudu.

Zaman dəyişir, ideologiyalar gəlir-gedir, amma xalqın sevdiyi yazıçılar qalır. Çünki onlar xalqın dilində danışır, onun dərdini yazır, vicdanını oyadır. Əli Vəliyev məhz belə yazıçılardandır. O, Azərbaycan ədəbiyyatında sözlə insanlıq arasında körpü salan nadir qələm sahiblərindən biri kimi yaşayır və yaşayacaq.

Əli Vəliyev yazıçı taleyini şərəflə yaşadı. Çünki o, nə zamana satıldı, nə də insanlığı unutdu. Belə yazıçılar üçün ölüm son deyil. Onlar xalqın yaddaşında, kitabların səhifələrində, vicdanlı sözün ünvanında yaşayırlar.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil  

10:54
14 Fevral

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı  

10:18
14 Fevral

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

10:17
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq  

09:13
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!