13 Fevral 2026 08:10
1095
SİYASƏT
A- A+
Etibarlı tərəfdaş

Etibarlı tərəfdaş


Bu gün Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması dövlətimizin yürütdüyü düşünülmüş və ardıcıl siyasətin məntiqi nəticəsidir. Ölkəmiz təkcə regionda deyil, qlobal miqyasda da sabitlik, təhlükəsizlik və əməkdaşlıq platforması kimi çıxış edir. 

Azərbaycan beynəlxalq münasibətlər sistemində verdiyi sözə sadiqliyi, üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi ilə etimad qazanan dövlətdir.  Ölkəmiz qarşısında duran vəzifələri hər zaman yüksək intizam və peşəkarlıqla icra edib ki, bu da ona olan beynəlxalq inamı daha da möhkəmləndirib. 

Ən ümdəsi Azərbaycan hər zaman sübut edib ki, ona etimad olunan hər bir missiya,  istər sülh, istər enerji, istərsə də humanitar sahədə,  ən yüksək səviyyədə və ləyaqətlə yerinə yetirilir. 


"... Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular"


Azərbaycanın Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyində oynadığı strateji rol onun etibarlı tərəfdaş imicini gücləndirir. Şaxələndirilmiş enerji marşrutları, uzunmüddətli müqavilələr və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli ölkəmizi qlobal enerji xəritəsində mühüm aktora çevirib. Bununla yanaşı, ölkəmizin beynəlxalq humanitar təşəbbüsləri, təbii fəlakətlər və böhranlar zamanı göstərdiyi yardımlar Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olduğuna bariz nümunələrdir. Həmçinin tolerantlığın unikal ünvanı olan ölkəmizin multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası dialoqa verdiyi töhfələr də bu qəbildəndir. Xüsusilə beynəlxalq sülh missiyalarında fəal iştirakı qlobal səviyyədə  Azərbaycana olan etimadı daha da möhkəmləndirib. 

Cari il fevralın 10-da Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey.Di.Vens mətbuata bəyanatlarla çıxış ediblər. Həmin zaman bəyanatında Cey.Di.Vens də Azərbaycanın dünyada örnək olacaq etibarlı tərəfdaşlığına xüsusi vurğu edib: "Fikrimcə, bir çox amerikalı bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar". 

ABŞ-nin vitse-prezidenti fikirlərinə əlavə edib: "Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik".

Xatırladaq ki, 2002-ci il noyabrın 20-dən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

2015-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıblar. İlkin mərhələdə 94 nəfərlik kontingentlə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb.

Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda Azərbaycan hərbçilərinin peşəkarlıqla xidmət göstərməsi, təhlükəsizlik və sabitliyin təmininə real töhfə verməsi ölkəmizin qlobal təhlükəsizlik sistemində məsuliyyətli tərəfdaş olduğunu bir daha sübut edib. 


Qarşılıqlı maraq və iradənin nəticəsi


Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq münasibətlərinin 33 ildən artıq tarixi var. Bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması ilə iki ölkə arasında əlaqələrdə yeni səhifə açıldı. Ancaq müstəqilliyini yenicə qazanan ölkəmizin işğal faktı ilə üz-üzə qaldığı ağır dövrdə "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəliş kimi ədalətsiz qərar ötən dövrdə Vaşinqton-Bakı münasibətlərinə kölgə salmışdı. Bu münasibətlər Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə siyasi böhran həddinə çatmışdı. Bayden adminstrasiyası dövründə ABŞ-nin yaxın Şərqlə, Cənubi Qafqaz regionu ilə bağlı yürütdüyü siyasət Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilmişdi. Həmin vaxt 907-ci düzəliş yenidən canlandırılmış və bundan Bakıya qarşı təzyiq və təsir mexanizmi kimi istifadə edilməyə çalışmışdı.

 Amerika ilə Azərbaycan arasında ikitərəfli əlaqələr məhz Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi  dönəmində müsbət dinamika qazandı. 

Bakıda Prezident İlham Əliyevin ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens ilə geniş tərkibdə görüşü zamanı Ağ Ev təmsilçisi iki ölkə arasında əlaqələrə zərbə vuran məqama toxundu: "Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram".

Ötən ilin 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Donald Trampın rəsmi dəvəti ilə Vaşinqtona işgüzar səfəri zamanı ABŞ liderinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi, "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi rəmzi məna daşıyırdı. 

Cey.Di.Vens ilə geniş tərkibdə görüşdə Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə vurğu etdi: "Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir".


Humanizm prinsipləri 


Azərbaycan həm də münaqişə edən tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazır olan etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz sülh təşəbbüslərini dəstəkləyir, qonşularla münasibətlərdə qarşılıqlı hörmət və etimad prinsipinə sadiq qalır, eyni zamanda ərazisindən üçüncü qüvvələrin istifadə edərək regionda yeni gərginlik ocaqları yaratmasına qətiyyətlə imkan vermir. 

Qlobal problemlərin həllində fəal iştirak edən, onların dialoq yolu ilə aradan qaldırılması üçün əməli iş görən, çağırışlar edən Azərbaycan həm də ehtiyacı olan ölkələrə maliyyə və humanitar yardımlar göstərməsi ilə diqqət çəkir.

Ölkəmiz pandemiya dövründə 100-ə yaxın ölkəyə humanitar kömək edib. Həmin çətin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan tərəfindən Afrika qitəsi ölkələrinə çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar və inkişafa yardım xarakterli yardımlar göstərilib.

Humanizm prinsiplərinə söykənərək dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərən Azərbaycan Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Ukrayna xalqına da mütəmadi olaraq humanitar yardımlar göndərir.

Bütün bunlar göstərir ki, Azərbaycan bu gün yalnız regional güc deyil, həm də qlobal miqyasda etimad göstərilən, sözü ilə əməli üst-üstə düşən məsuliyyətli dövlətdir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qazandığı nüfuzu konkret fəaliyyətləri, ardıcıl siyasəti və prinsipial mövqeyi ilə möhkəmləndirib.

Sülh missiyalarında nümayiş olunan peşəkarlıq, enerji təhlükəsizliyinə verilən davamlı töhfə və humanitar təşəbbüslərdə göstərilən fəallıq Azərbaycanın etimadı doğrultmaq bacarığını praktik şəkildə təsdiqləyir. Bu gün dünya birliyi yaxşı bilir ki, Azərbaycanla qurulan əməkdaşlıq uzunmüddətli, qarşılıqlı hörmətə və real nəticələrə əsaslanır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır

08:10
14 Fevral

Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir

08:05
14 Fevral

İki ilin uğur salnaməsi və yeni strateji hədəflər

08:00
14 Fevral

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

02:12
14 Fevral

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

02:11
14 Fevral

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

02:08
14 Fevral

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!