12 Iyun 2022 00:40
1063
SİYASƏT

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq

 

Vətən müharibəsi əlilləri və şəhid ailələri Prezidentin mərhəmətindən razılıq edirlər

 

...Elvin dünyaya gələndə Qarabağ işğal altında idi. Ermənilər torpaqlarımızda mina əkib, ölüm becərirdilər. Torpaqlarımız yağı ayaqları altında qalıb əzildikcə şəhid ruhları Vətən deyib fəryad edirdi. Əsirlikdə qalan yurd yerlərimiz sahiblərinin həsrəti ilə inildəyib, ahu-fəğan edib qan ağlayırdı. Sinəmizdə Qarabağ boyda böyük dərd  var idi... Erməni cəlladları Xocalı qətliamını törətmişdilər. İnsanların içində qara bir kabus dolaşırdı...

Əvvəl gözyaşlarımızı qurutduq, ölümün gözünün içinə dik baxdıq, "yurd, Vətən əsirdisə, biz niyə yaşayaq?" dedik. İçimizdən bir səs gəlirdi - "torpağı qorumursan əkmə, əkirsən qoru".

Gələn səsin işığına rəvan olduq. Əvvəl sınmış qürurumuzu dirçəltməyə, sonra da Vətəni abad etməyə başladıq… Elvin məktəbə getdiyi ilk günü sinif müəllimindən Vətən kəlməsini eşitdi. Elə Qarabağ sözünü də onda duydu. Erməni cəlladlarının törətdikləri vəhşiliklər haqqında qorxulu nağılları dinlədi. Qarabağda qətlə yetirilmiş körpələrin, qanlarında boğulmuş insanların fəryadlarını eşitdi. Müəllimi dedi ki, "Vətən doğulduğun evdən, yaşadığın kənddən başlanır". Onunsa nə evi, nə də kəndi var idi... Qisas, qisas deyən torpaqların hayqırtısını, yandırılıb külə dönmüş yurd yerlərinin iniltisini duydu, Elvin. Dinlədikcə gözü yolda qalan Vətənin gözündə işıq, ürəyində təpər olmaq istədi. Qəzəblə yumruqlarını düyünləyib dişlərini bir-birinə sıxaraq qisas, qisas dedi… Yumruğu böyüdükcə içindəki nifrət də, qəzəb də böyüdü. Elə hey qarğı atına minib evlərindən uzaqlarda görünən başı qarlı dağlara doğru çapardı. Xəyalən o yerlərə gedər, dağılmış yurd yerlərini qarış-qarış gəzərdi. Şuşaya sarı irəliləyib bir zirvədə dayanıb üzü dağlara baxaraq “Ulu dağlar, çeşməli sulu dağlar, başınızı dik tutun. Tezliklə gələcəyik. Qisas qiyamətə qalmayacaq. Hər qarış torpağın, söndürülmüş hər ocağın, yandırılıb xarabazara çevrilmiş hər kəndin, hər bir evin hesabını soracağıq" deyərdi...

44 günlük Zəfər müharibəsi qəhrəmanlarından qazi Elvin Faiq oğlu Bəxtiyarlı ilə  Suraxanı rayonu yeni yaşayış kompleksində tanış olduq. Xatırladaq ki, bu yaşayış kompleksi əvvəllər qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulsa da, Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə və qazilərə verilib. Elvin də bu kompleksin yeni sakinlərindəndir... O, bizə öz həyat hekayəsini danışır:

- Əslən Laçın rayonunun Qurdhacı kəndindənəm. 1993-cü ilin may ayında Bakıda doğulmuşam. Nizami rayonunda şəhid Etibar Cəlilov adına 272 saylı orta məktəbi bitirmişəm. Ağlım kəsəndən ermənilərin törətdikləri vəhşiliklər haqqında çox eşitmişəm, söhbətlər dinləmişəm. Ürəyimdə həmişə  bir arzum olub: böyüyüb qisasımızı almaq! Bəzən bu, mənə gerçək görünməyib. Qorxurdum ki, arzularımı gerçəkləşdirə bilməyəm. İncəsənət Universitetinin Aktyorluq fakültəsində təhsil alırdım. Düşünürdüm ki, yaxşı aktyor olaram, həyatda edə bilmədiklərimi kinolarda, tamaşalarda gerçəkləşdirərəm. Heç olmasa ermənini yaratdığım qəhrəmanlıq obrazlarında yenərəm. Xoşbəxtəm ki, arzularım ürəyimdə qalmadı.

Kikboks üzrə üçqat Azərbaycan çempionu Elvin Bəxtiyarlı həm 2016-cı ildə Aprel döyüşləri zamanı, həm də 2020-ci ilin yayında könüllü olaraq Qarabağda döyüşmək üçün Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə getmək niyyətində olduğunu bildirib. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsinin ilk günündən - 27 sentyabrda Füzuli rayonunun Alxanlı kəndində ermənilərlə döyüşə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevin komandanlığı altında Elvin Bəxtiyarlı Şuşaya kimi şərəfli bir döyüş yolu keçib. Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb.

- 2011-ci ildə Gədəbəydə həqiqi hərbi xidmətdə olmuşam. Hələ o zaman ermənilərin hər gün atəşkəsi pozduqlarının, bizi qorxu altında saxlamaq istədiklərinin şahidi idim. Onlara cavab veriləcək günü səbirsizliklə gözləyirdim. Demək, qismətimdə onlarla üz-üzə, göz-gözə döyüşmək varmış. 2020-ci il sentyabrın 27-də Füzuli rayonunun Alxanlı kəndində mövqelənmişdik. Gecə düşmən artilleriyası aramsız atəş açmağa başladı. Ermənilər illər idi ki, o yerlərdə "məskunlaşıb" keçilməz sədlər, dağılmaz istehkamlar yaratmışdılar. Amma bizdə də qətiyyət, Ali Baş Komandana inam və sevgi var idi. Onun hər kəlməsi döyüşçülərdə ruh, qələbəyə əminlik yaradırdı. Füzuli uğrunda gedən döyüşlərdə yaralansam da, dayanmadım. Qətiyyətlə döyüşmək niyyətimi bildirdim. Hər qarış torpaq alınanda, hər dəfə irəlilədikcə sevincimizin həddi-hüdudu olmurdu. Ölümün gözünə belə dik baxırdım. Nəyin uğrunda döyüşdüyümüzü gözəl bilirdik. 17 dəfə müxtəlif dərəcədə qəlpə yarası almışam. Amma bu yaralar döyüşmək istəyimə mane ola bilmədi. İtkilərimiz var idi. Yoldaşlarımız sayca az idi. Mənə elə gəlirdi ki, döyüşü dayandırıb canımın hayına qalsam, cəbhə yoldaşlarıma xəyanət etmiş olaram... Sonuncu dəfə Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Yanıma qrad mərmisi düşdü. Qəlpə 19 dişimi tokmuşdü... Çox təəssüf ki, Şuşaya qədər gedə bilmədim. Ora qədər qayalıqlarla, keçilməz dağ yolları ilə gəlmişdik. Bir yoldaşımız sıldırım qayaları qalxanda sürüşüb qayadan düşdü. Amma düşmən yerimizi bilməsin deyə səsini çıxarmadı. Beləcə şəhadətə qovuşdu. Anlayırsınızmı, biz ora hansı hisslərlə getmişdik? Şəhid olanda da qürurla "Vətən sağ olsun" deyirdi döyüş yoldaşlarımız.

Elvin müharibədən sonra ailə həyatı qurub. Dövlət tərəfindən üçotaqlı mənzillə təmin edilib. Səhhətində, sağlamlığında hələ də qüsurlar var. Amma...

- Mən müharibəyə qisas üçün, Vətən üçün getmişdim. Bəzən məndən soruşurlar ki, hansı təltiflərin var. Deyirəm ki, mən vətənlə təltif olunmuşam. İndi mənim vətənim var. Ömrü boyu kirayədə yaşamışam, indi mənim evim var. Ömür boyu bizə qaçqın deyiblər... İndi mənim rayonum, atamın doğulduğu kənd var. Biz oraya maddi qazanc dalınca getməmişdik... Bizi oraya arzularımız aparmışdı. Gərək vətəni sevəndə də təmənnasız sevəsən. Onun yolunda  ölməyi belə bacarasan... Yoxsa gedib orada döyüşüb, gəlib burada dəsdəvuz edib, qapı-qapı gəzib insanları incitməyəsən. Onsuz da dövlətimiz növbə ilə hamının ehtiyacını ödəyir: işsizə iş, evsizə ev verir.

Qazinin dediyi kimi, 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin göstərişi və birbaşa nəzarəti altında şəhid, qazi ailələrinə və müharibə iştirakçılarına geniş istiqamətli sosial dəstək tədbirləri həyata keçirilir. Proqram çərçivəsində Prezidentin sərəncamı ilə 2021-ci ildə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı əvvəlki illərlə müqayisədə 5 dəfə artıb. Xatırladaq ki, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə 3 min mənzil və fərdi ev verilib. Ümumiyyətlə, şəhid, qazi ailələri və müharibə iştirakçıları həmişə dövlətin diqqətində olmaqla qayğı ilə əhatə olunublar. İndiyə kimi 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Qazilərimizin  digər sosial qayğılardan azad olunması istiqamətində də proqram çərçivəsində uğurlu tədbirlər həyata keçirilməkdədir. Son 4 ildə 1450 qazi, ümumilikdə isə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu gün də həmin proqram uğurla davam etdirilir. 2022-ci ildə sosial cəhətdən həssas olan ailələrə 500 mənzil verilib. Ümumilikdə isə, bu il belə ailələrə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Şəhid ailələri və qazilərin yaşayış kompleksində olarkən mənzillərdəki  mövcud şəraitlə tanış olmaq imkanımız da baş tutdu. Kompleksin ərazisində uşaq bağçası və geniş, yaraşıqlı, hər cür texniki vəsait və avadanlıqlarla təmin olunmuş məktəblər fəaliyyət göstərir. Mənzillər təmirlidir. İşıq, qaz, su və internet təminatında da heç bir problem yoxdur.

 

"Ata, səninlə fəxr edirəm"

 

Mənzillərdən birinin qapısını döyürük. Qapını üzümüzə Cəmal adlı, nur üzlü bir yeniyetmə açıb bizi köhnə tanışlar kimi mehribanlıqla qarşılayıb evə dəvət edir. İstər-istəməz Cəmalın əynindəki köynək diqqətimizi cəlb edir. Köynəyin döş hissəsinə şəhid olmuş tankçı atasının şəklini vurub. "Ata, səninlə fəxr edirəm" sözləri yazıb. Cəmalın dilli-dilavərliyi özünü dərhal göstərir:

- Uşaq vaxtı atam məni boynunda gəzdirməyi çox sevərdi. İndi mən onu ömrü boyu ürəyimin üstündə daşıyacağam. Atamla fəxr edirəm. Böyüyəndə hərbçi olacağam, atamın yolunu davam etdirəcəyəm. Atam Vətəni bizlərə əmanət edib getdi. Gedərkən anamızı qardaşımla mənə tapşırdı.

Tanış oluruq. Cəmal tankçı şəhid Ramil Mürşüd oğlu Yusifovun kiçik oğludur. Böyük qardaşı Ramiz Dəmiryolu Texnikumunda təhsil alır.

Ramilin şəxsi əşyalarının, fotoşəkillərinin, eləcə də canlı insana bənzər maketinin olduğu "ev-muzeyinə" keçirik. Söhbəti şəhidin həyat yoldaşı Zeynəb xanımla davam etdiririk.

- Ramil 25 il idi ki, orduda xidmət edirdi. Baş gizir idi. Qanunla 20 il xidmət etdikdən sonra təqaüdə çıxa bilərdi. Amma o qədər vətənpərvər idi ki, komandanlıqdan xahiş edib xidməti müqaviləsini 5 il də artırmışdı. Naxçıvanda, Goranboyda xidmətdə olmuşdu. Son xidməti qulluğunu Tərtərdə edirdi. Biz də onunla birgə yerlərdə "qulluq" keçirdik. Ermənilər tez-tez atəşkəsi pozduqları üçün döyüş bölgəsində yaşayan adamlar kimi, qulağımız güllə səsinə öyrənmişdi. Ramil əsl hərbçi idi. Vətən üçün canından keçərdi... Keçdi də... Ağzı bərk adam idi. Evdə söz danışmazdı. Sonuncu dəfə döyüşə gedəndə də bizə heç nə deməmişdi. Sənədlərini, maaş kartını komandirinə verib deyib ki, başıma bir iş gəlsə, bunları ailəmə çatdırarsınız. Sentyabrın 27-də günorta Ramilin tankını Suqovuşanda  vurublar. Ramil tankda olan iki nəfəri xilas edə bilib. Özü isə ağır dərəcəli yanıq yarası almışdı. Yaralanmasını da bizə deməmişdilər. Komandiri bu xəbəri zəng vurub anasına demişdi. Anası mənə zəng edib dedi ki, Bakıya gəlin, Ramil Bakıda xəstəxanadadır. Döyüş bölgəsindən  onu helikopterlə  təcili 5 nömrəli xəstəxanaya gətirmişdilər. Daha sonra Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Təəssüf ki, oktyabrın 4-də əməliyyatdan çıxmadı. Biz yanında olanda tez-tez döyüş yoldaşları ilə telefonla danışırdı... Arzusu yenidən döyüşə qayıtmaq, savaşı davam etdirmək, düşmən üzərində qələbə qazanmaq idi. Heyif ki, qələbəmizi görmədi. Oktyabrın  5-də  doğulduğu İsmayıllı rayonunun Ağbulaq kəndində dəfn edildi.

Ömrü boyu arzusu olmuşdu ki, Qarabağ azad, bizimsə öz evimiz olsun. Bütün ömrümüzü kirayə mənzillərdə keçirmişik. İndi bizə Prezident ev bağışlayıb. Çox gözəldir, rahatıq. Şükür ki, Qarabağ da Azərbaycandır. Ramilin arzuları həyata keçib. İndi o, özü burada olmasa da, ruhunun başımızın üzərində olmasına çox inanıram. Bəlkə evimizi işıqlandıran da onun ruhudur. Bizi görür, bizə nəzarət edir, qoruyur. Yəqin səsimizi də eşidir. Söz verirəm ki, övladlarını onun adına layiq böyüdəcəyəm. Həmişə özü alnıaçıq gəzdiyi kimi, oğulları da başlarını dik tutub qürurlu bir ömür yaşayacaqlar.

 

"30  ilin qisasını almağa gedirəm"

 

Şəhid Ramil Yusifovun ailə üzvləri ilə xüdahafizləşib başqa bir mənzilin qapısını döyürük. Qapını açan xanım özümüzü təqdim etməyi gözləmədən çox mehribanlıqla bizi evə dəvət edir. Eyni zamanda ömür-gün yoldaşını səsləyir:

- Seymur, Dostəlinin qonaqları gəlib. Dur, bura gəl.

Ev sahiblərini narahat etdiyimizi düşünüb üzrxahlıq edirik. Sözümüz ağzımızda qalır:

- Çox yaxşı edib gəlmisiniz. Evimizə hər gün çoxlu gedib-gələn olur. Oğlumuzu itirsək də, gözəl dostlar tapmışıq. Bizi tək qoymurlar.

Öyrənirik ki, həmsöhbət olduğumuz ev sahibləri  şəhid Dostəli Məmmədovun valideynləri Əzimə xanımla Seymur kişidir.

Söhbətə Əzimə xanım başlayır:

 - Dostəli evin tək oğlu idi, gözümüzün işığı, evimizin nuru... 1998-ci  ildə Yeni Suraxanıda doğulmuşdu. Evimizin yanındakı 101 saylı orta məktəbi bitirmişdi. Hərbi xidmətini 2016-2017-ci illərdə Naxçıvanda çəkmişdi. Əsgərlikdən sonra özəl şirkətlərdən birində alpinist kimi təmizləyici işləyirdi. 2020-ci ilin yayından tez-tez deyirdi ki, "Əgər müharibə olsa, gedib Qarabağda könüllü döyüşəcəyəm". Sentyabrın 30-da Nasosnıda yerləşən hərbi hissəyə getdi. Oktyabrın 2-də gecəykən Füzuliyə apardılar. Oktyabrın 3-də döyüş bölgəsindən zəng etmişdi. Oraya gedəndən tez-tez bizimlə telefonla danışar, qələbəmizə əmin olduğunu deyərdi. Sonuncu dəfə oktyabrın 9-da danışmışdıq. Ondan sonra balamın səsini eşitmədim.

Söhbətə atası Seymur qoşulur:

- Oktyabrın 18-də hərbi səfərbərlik idarəsindən zəng edərək dedilər ki, "Dostəli Füzulidə yaralanıb. Oraya gedirik. Sən də gəl bizimlə birlikdə gedək". Yolda mənə heç nə demədilər. Füzulinin Qaraxanbəyli kəndinə getdik. Hospitalın həyətində çadır qurulmuşdu. Çadıra girəndə Dostəlinin nəşini gördüm. Zəng edib Əziməyə dedim ki, oğlumuz şəhidlik zirvəsinə yüksəlib. Hazır ol, gəlirik.

Dostəli Sumqayıtda olanda yanına getmişdim. Dedim Dostəli, bala, evin tək uşağısan, gözümüzü sənə dikmişik. Hələ gec deyil, gəl gedək evimizə. Söylədi ki, "Onda bir yaylıq tapaq, bağlayaq başımıza, adam içinə çıxmayaq. 30 ilin qisasını almağa gedirəm. Şəhid olsam, haqqınızı halal edin". Oğlum bizim çırağımızı söndürsə də, vətənin çırağını yandıranlardan oldu. Bu, onun seçimi idi. Biz nə edə bilərdik ki?

- Mən anayam, bağrımın başı yanır. Amma düşünəndə ki, oğlum canından çox sevdiyi vətəni yolunda özünü fəda edib, indi onların sayəsində Qarabağ azaddır, onunla təsəlli tapıram. Dostəli Vətənin şərəfini qorumaq üçün getmişdi... İndi Prezident bizə ev verib. Sağ olsun. Minnətdarıq. Bəlkə Dostəli sağ olsaydı, bu evi almağımıza da razılaşmazdı. Vətənə xidmət təmənnasız olmalıdır. Vətən onun yolunda canını fəda edib susanları sevir. Elə biz də o cür insanları sevirik. Dövlətimizdən, Prezidentimizdən çox razıyıq. Mən bir məsələyə toxunmaq istəyirəm. Bəziləri hay-həşir salıb dövlətdən imtiyazlar tələb edirlər. Gördüyünüz bu kompleksdə yaşayanların hamısı - şəhid ailələri, qazilər, sosial qayğıya ehtiyacı olan əlillərdir. Səbri olan Allahın dostu olar. Şərlə, böhtanla iş görməzlər. Elələri var ki, hərəkətləri ilə bizləri də utandırırlar... Xahiş edirəm etməsinlər...

Biz şəhid ailələri və qazilərin yaşadıqları Ramana qəsəbəsindəki yaşayış kompleksindən geri qayıdanda  gün buludların arxasına keçirdi. Günəş göyü al-əlvan rəngə boyamışdı. Sanki üçrəngli bayrağımız göydə əks olunurdu. Yerdə isə balaca, şən, atalarının qəhrəmanlıqları ilə fəxr edən körpələr, yeniyetmələr gəzişirdilər, oynayıb şənlənirdilər. Əllərində bayraq olanlar da var idi. Şəhərciyin həyətində Şəhidlər bulağı da tikilib. Canlarını Vətənin azadlığı yolunda qoymuş qəhrəmanların övladlarının yaşadıqları mənzilləri, rahatlığı görüb, şəhid bulağından su içib "Allah şəhidlərimizin məqamını uca, övladlarının yaşadıqları mənzilləri rahat etsin" dedik.

 

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video