05 Fevral 2023 01:37
644
Mədəniyyət
A- A+

İldırımlı yollardan keçən bəstəkar ömrü

 

O, Bakı şəhərində, 1918-ci il fevralın 5-də dünyaya gəlib. Atası Əbülfəz Qarayev adlı-sanlı həkim, professor, Əməkdar elm xadimi, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsinin məzunu idi. Sona xanım həm də fortepiano ifaçılığı üzrə təhsil almışdı. Qara Qarayev uşaqlıq illərindən anasının ifa etdiyi musiqiləri dinləyib. Bu ecazkar sədalar sanki israrla onu öz aləminə səsləyib. O da məşhur həkim olan atasının sənət yolunu deyil, musiqiçi olmağı seçib.
1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə daxil olub. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə qəbul edilib. Professor Georgi Şaroyevin sinfində oxuyub. Musiqi təhsilini davam etdirib, 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olub. Konservatoriyanın Bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.
İstedadı ilə müəllimlərinin diqqətini çəkən tələbələrdən olub. Onun parlaq gələcəyinə inanan müəllimlərindən biri isə dahi Azərbaycan bəstəkarı,  professor Üzeyir bəy Hacıbəyli idi. Qara Qarayev Üzeyir bəydən "Azərbaycan xalq musiqisinin əsasları" fənnindən dərs alıb. Üzeyir  bəy Hacıbəyli bütün istedadlı tələbələri kimi, Qara Qarayevə də qayğı ilə yanaşıb, onun musiqi sənətini dərindən öyrənməsinə, öz bacarığını göstərə bilməsinə çalışıb. Sonralar Qara Qarayev bildirib: "O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı".
Üzeyir bəy hər zaman olduğu kimi, Qara Qarayev barədə düşüncələrində də haqlı çıxmışdı. Dünya musiqisi ənənələrini dərindən öyrənən, yeniliklərə qarşı həssas və öncül olan bəstəkar Qara Qarayev yaradıcılığının bütün dövrlərində milli musiqi xəzinəmizə münasibətində diqqətli və həssas olub. O, hətta 1937-ci ildə respublikamızın rayonlarına gedən folklor ekspedisiyasına rəhbərlik edib. Səfər müddətində folklor musiqisi nümunələri ilə yaxından tanış olub. Geri döndükdən sonra "Şur" dəstgahını nota köçürüb.
Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqına 1937-ci ildə üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. İlk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün "Könül mahnısı" kantatasını da həmin il bəstələyib. 1938-ci il gənc bəstəkar Qara Qarayev üçün həm də Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirakı ilə yaddaqalan olub.
1941-ci ildə o, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub. 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirib. Təhsili bitsə də, dostluqları davam edib. 
Qara Qarayev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. Həmin ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. 
Qara Qarayev 1950-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləyib. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib. 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib. IV-IX çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Həmin il Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq kafedrasının professoru olub. Qara Qarayev 1954-cü ildən ömrünün sonunadək SSRİ Lenin və Dövlət Mükafatları Komitəsinin üzvü olub.
Musiqinin müxtəlif janrlarına müraciət edib. Operalar, baletlər, müzikllar, xor, solistlər və orkestr üçün kantata və oratoriyalar, orkestr üçün simfoniyalar, süitalar, solo alətlərlə orkestr, kamera-instrumental ansamblları, fortepiano, violino ilə fortepiano, xor və filmlər üçün musiqilər yazıb.
Qara Qarayev Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqi sənətinə ən böyük xidmətlərdən birini də pedaqoji fəaliyyəti ilə göstərib. Tələbələri ondan  yüksək peşəkarlığı, özünəməxsus dəstxəti ilə yazıb-yaratmağı, sənətinə hər zaman böyük hörmət və məsuliyyətlə yanaşmağı öyrəniblər.
Bəstəkar Qara Qarayev eyni zamanda iti zəkalı, ensiklopedik bilikli, geniş dünyagörüşlü alim idi. Dünya musiqisini, ədəbiyyatını, rəssamlığını, teatrını dərindən bilirdi. Öz bilik, fikir, düşüncə və elmi müddəalarını elmi-publisistik məqalələrində, resenziyalarında, məruzə və çıxışlarında, eləcə də müsahibələrində ifadə edirdi. Qara Qarayev məqalə və çıxışlarında, həmçinin Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin vəhdətindən, sintezindən söz açırdı. Bəstəkar müsahibələrindən birində qeyd edib: "...mən oxumağa Bakıda Hacıbəyovla başlamışam, Moskvada Şostakoviçlə isə təhsilimi bitirmişəm. Ona görə Qərb və Şərq lap əvvəldən məndə bir vəhdət təşkil etmişlər. Mən sanki iki ananın oğluyam".
Bu qədər gərgin işlər, çoxşaxəli yaradıcılığı onu çox sevdiyi fotoaparatından da ayıra bilmirdi. Bəstəkar fotoqrafiyaya maraq göstərirdi. Müxtəlif markalı fotoaparatları var idi. Asudə vaxtlarında, xarici səfərlər zamanı həvəslə şəkillər çəkirdi.
Bəstəkar, pedaqoq, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ Xalq artisti (1959), Azərbaycan SSR Xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), Azərbaycan Milli Elmlər Akademiyasının  akademiki Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub. Həmin il Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkar Qara Qarayevin adı verilib. Bakıda ev-muzeyi, onun adını daşıyan 8 illik orta musiqi məktəbi, metrostansiya, küçə var. Ayrı-ayrı illərdə Qara Qarayev adına beynəlxalq musiqi festivalları keçirilib. TÜRKSOY 2018-ci ili "Qara Qarayev ili" elan edib.
Xatirəsi daim yad edilən, əziz tutulan şöhrətli sənətkar dünyada musiqi var olduqca hər zaman anılacaq. Onun adını "Yeddi gözəl", "İldırımlı yollarla", "Leyli və Məcnun", "Don Kixot" baletləri, Cövdət Hacıyevlə birgə yazdığı "Vətən" operası, "Azərbaycan" süitası, kantataları, simfoniyaları və digər əsərləri daim yaşadacaq. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video