Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən “M.F.Axundzadə adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyəti” əhatə dairəsini genişləndirib.
Cəmiyyətin rəhbəri Rövşən Namazov AZƏRTAC-a bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, tədris materialları və mədəniyyət mərkəzləri vasitəsilə tarixi vətənlə sıx əlaqələrin saxlanılmasında mühüm rol oynayır. Bu minvalla yeni fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti kimi yerli təşkilatlar dil kursları, mədəni tədbirlər və gənclərlə iş vasitəsilə soydaşlarımızın bir araya gəlməsinə və milli şüurun güclənməsinə dəstək verir.
Bu təşəbbüs yalnız dil və mədəniyyətin qorunması ilə məhdudlaşmır, həm də Batumidə yaşayan soydaşlarımızın sosial-iqtisadi və ictimai həyatda daha fəal iştirakına zəmin yaradır. Gürcüstanın çoxmədəniyyətli mühitinə uğurla inteqrasiya edən azərbaycanlı gənclər, eyni zamanda öz köklərinə və milli dəyərlərinə bağlılıqlarını bu kimi platformalar vasitəsilə daha da möhkəmləndirirlər.
Onun sözlərinə görə, Cəmiyyətin yaxın dövr üçün müəyyənləşdirdiyi fəaliyyət proqramı genişmiqyaslı tədbirlər kompleksini əhatə edir. Tədbirlər proqramına ana dilinin eləcə də, yerli cəmiyyətə inteqrasiyanı asanlaşdırmaq məqsədilə gürcü dili və xarici dil kurslarının təşkili, Azərbaycanın zəngin tarixi və mədəniyyətini tanıdan sərgilər, ədəbi-bədii gecələr və milli bayramların birgə təntənəli qeyd olunması, regionda yaşayan ehtiyacı olan soydaşlarımıza, eləcə də Batumidə təhsil alan tələbələrə sosial və mənəvi dəstəyin göstərilməsi nəzərdə tutulub.
"Atılan bu addım Azərbaycan və Gürcüstan arasında əsrlərə söykənən dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mədəni-humanitar müstəvidə daha da dərinləşməsinə xidmət edir. “M.F.Axundzadə adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyəti” də regionda mədəni dialoqun inkişafına və iki xalq arasındakı sarsılmaz tellərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir" - deyə Rövşən Namazov bildirib.