13 May 2026 08:05
42
PARLAMENT
A- A+
Heydər Əliyevin ömür yolu xalqa məhəbbət və sədaqət meyarına çevrilib

Heydər Əliyevin ömür yolu xalqa məhəbbət və sədaqət meyarına çevrilib


Mayın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə bağlı fikirlərini bildirib.

Xalqımızın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük qürurla, hörmət və ehtiramla qeyd etdiyini deyən spiker bildirib ki, mayın 10-da ölkə ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı ifadə etmək imkanı yaradır.

Spiker diqqətə çatdırıb ki, tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmişdir: "1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz böyük bir inkişaf yolu keçmişdir. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı. Bu illər tariximizə həm də mədəni intibah dövrü kimi daxil oldu". 

Milli Məclisin Sədri bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb problemlər qarşısında qalmışdı. "Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. 

Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin Sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi". 

Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndərin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. 

Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırıldı və həyata keçirildi. Müstəqil dövlətimizin Konstitusiyası hazırlanaraq qəbul olundu, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edildi. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb, Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi. 

Ümummilli Liderin başladığı möhtəşəm işlərin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyən Milli Məclisin Sədri son iyirmi üç ilin Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olduğunu bildirib: "Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir. 

Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırıldı". 

Spiker qeyd edib ki, ötən ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmaları Azərbaycan Prezidentinin sülh diplomatiyasının təntənəsinə çevrildi, onun irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi yolunda həlledici addım oldu. Bu hadisə ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açdı.

"Biz bir məqamı həmişə qürurla vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa Azərbaycan Parlamentinin Sədri vəzifəsində başlamışdır. Ulu Öndərin fəaliyyəti sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir" - deyə spiker Sahibə Qafarova diqqətə çatdırıb. 

Spiker bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olub. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və daim yaşayacaqdır.

 Sonra faşizm üzərində Qələbə Günü münasibətilə fikirlərini bölüşən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, mayın 9-da faşizm üzərində Qələbənin 81 illiyi qeyd olundu. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Müharibə dövründə Azərbaycandan 700 minə yaxın adam cəbhəyə çağırılıb. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradılıb. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Əsgər və zabitlərimiz döyüş meydanlarında misilsiz qəhrəmanlıq və şücaət göstəriblər. Həmvətənlərimiz 400 mindən çox döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. Azərbaycan yanacağı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır. 

Spiker qeyd edib ki, İkinci Dünya müharibəsinin veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. O, veteranlara möhkəm cansağlığı arzulayıb və bildirib ki, müharibə dövründə həlak olmuş həmvətənlərimizin əziz xatirəsini ehtiramla yad edirik.  

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, müharibədən 75 il sonra xalqımızın övladları qəhrəmanlıq ənənələrini İkinci Qarabağ müharibəsi günlərində də nümayiş etdiriblər. Nəsillər arasında əlaqə, milli-mənəvi dəyərlərə sədaqət və öz torpağı uğrunda fədakarlıq xalqımızın yenilməz ruhunun rəmzinə çevrilib. 

İclasda Milli Məclisin Sədri may ayının 6-dan 8-dək Monteneqroya işgüzar səfəri haqqında da məlumat verib. Bildirib ki, səfərdə məqsəd həmin ölkənin Budva şəhərində keçirilən Aralıq Dənizi Parlament Assambleyasının üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin 1-ci sammitində və assambleyanın 20-ci plenar sessiyasında iştirak etmək idi.  Bu nüfuzlu beynəlxalq parlament məclisinin Avropa-Aralıq dənizi və Körfəz ölkələrinin 34 parlamentini birləşdirdiyinin, fəaliyyətinin təhlükəsizlik, iqtisadi inteqrasiya, dinlərarası dialoq və digər məsələlərin həllinə kömək göstərməyə yönəldiyini deyən spiker qeyd edib ki, son bir ildə Azərbaycan Milli Məclisi ilə bu təşkilat arasında əlaqələr sürətlə inkişaf edib, müxtəlif qarşılıqlı səfərlər və görüşlər həyata keçirilib. 

Bu ilin yanvar ayında Aralıq Dənizi Parlament Assambleyasının Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və Milli Məclisə müşahidəçi statusu verməyi təklif etdiyini deyən spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, bu məqam Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisinin parlament diplomatiyasında fəal rolunu, beynəlxalq parlament təşkilatları ilə səmərəli əməkdaşlığını bariz şəkildə əks etdirir.

Milli Məclisin Sədri bildirib ki, tədbir çərçivəsində təşkil olunmuş mərasim zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Parlament Şəbəkəsinin sədri kimi Milli Məclisin Sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar. 

Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib. 

Parlament sədrlərinin 1-ci sammitində parlament diplomatiyası ilə bağlı məsələlər müzakirə olunub. Milli Məclisin Sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, parlament diplomatiyası etibarlı, inklüziv olmalı və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmalıdır. "Bildirdim ki, Azərbaycan Milli Məclisi çoxtərəfli parlament platformaları çərçivəsində iş birliyinə xüsusi önəm verir. Biz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edirik. Xatırlatdım ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü ilə yaranması və təşkilatın fəaliyyəti də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir", - deyə spiker diqqətə çatdırıb. 

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın Monteneqro parlamentinin Sədri Andrija Mandiç ilə görüşü olub. Spiker qeyd edib ki, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin inkişafında parlamentlərarası təmasların mühüm rolu qeyd olunub və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova çıxışının sonunda Monteneqroya işgüzar səfərin uğurlu olduğunu bildirib. 

Sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib. Milli Məclisin komitə sədrləri Şahin İsmayılov, Zahid Oruc, deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Nizami Səfərov, Fəzail İbrahimli, Mahir Süleymanlı, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev bir sıra məsələlər barədə fikirlərini bölüşüblər. Çıxışlarda Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdan sakinlərlə görüşünün xüsusi siyasi və mənəvi əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial media paylaşımında vurğuladığı kimi, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, böyük qürur hissi keçirərdi. Bildirilib ki, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun aparıcı siyasi və iqtisadi güclərindən birinə çevrilib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk postsovet münaqişə ölkəsi kimi yeni regional reallıq formalaşdırıb. Bu inkişaf modeli Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının davamı və bugünkü güclü Azərbaycan həmin siyasi kursun nəticəsidir.

Qeyd olunub ki, bəzi dövlətlər və ayrı-ayrı beynəlxalq dairələr regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı görünmür, siyasi və hüquqi baxımdan qərəzli yanaşmalar nümayiş etdirirlər. Çıxışlarda Fransanın regionla bağlı siyasəti, Ermənistanın hərbiləşdirilməsi, regional sabitləşdirici prosesləri pozmaq, siyasi təzyiq cəhdləri tənqid olunub.

Deputatlar xüsusilə Fransanın bəzi rəsmilərinin çıxışlarına toxunaraq qeyd ediblər ki, Fransa Senatında səsləndirilən fikirlərdə regionda baş vermiş hadisələr təhrif olunmuş şəkildə təqdim olunub, Azərbaycanın mövqeyi və işğal dövründə ölkəmizin məruz qaldığı dağıntılar isə diqqətdən kənarda saxlanılıb. Onların fikrincə, bu cür yanaşmalar beynəlxalq münasibətlərdə ikili standartların və selektiv münasibətin növbəti təzahürüdür.

Deputatlar bildiriblər ki, işğal dövründə yüzlərlə tarixi, dini və mədəni abidə dağıdılıb, məhv edilib. Buna baxmayaraq, həmin dövrdə bir sıra beynəlxalq təşkilatlar və bəzi Qərb dairələri susqun mövqe sərgiləyiblər. Çıxışlarda Azərbaycanın öz ərazisində yerləşən bütün dini və tarixi abidələri qoruduğu xüsusi vurğulanıb.

Sonra iclasın gündəliyindəki məsələlərə baxılıb. Parlamentin Sədri Sahibə Qafarova birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib. Spiker bu məsələ ilə əlaqədar olaraq plenar iclasda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun və daxili işlər nazirinin müavini Fazil Quliyevin iştirak etdiyini deyib. 

Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib. Milli Koordinator bildirib ki, hesabat ölkədə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələrini əhatə edir və dövlət qurumlarının məlumatları əsasında hazırlanıb. Hesabatda həmçinin qeyri-hökumət təşkilatlarının materialları və aidiyyəti beynəlxalq qurumların təhlil və qiymətləndirmələri də nəzərə alınıb.

Məlumatda qeyd olunub ki, insan alveri təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda sosial-iqtisadi və informasiya təhlükəsizliyi baxımından da ciddi qlobal problemdir. Diqqətə çatdırılıb ki, hesabat dövründə Azərbaycanda bu sahədə fəaliyyət çoxsəviyyəli və sistemli şəkildə həyata keçirilib, qabaqlayıcı tədbirlər, cinayət təqibi, qurbanların müdafiəsi və sosial reabilitasiyası ardıcıl şəkildə davam etdirilib.

İnsan alverinə qarşı mübarizənin əsas prioritet istiqamətlərindən olan institusional mexanizmlərin təkmilləşdirilməsinə hesabat ilində də önəm verilərək aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Eyni zamanda 2026-2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planı layihəsi razılaşdırılaraq aidiyyəti üzrə təqdim olunub.

Beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrlə təcrübə mübadiləsi aparıldığı, beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alındığı və müxtəlif əməkdaşlıq sənədlərinin imzalandığı bildirilib.

Cinayət təqibi və qurbanlarla iş üzrə qeyd olunub ki, hesabat dövründə insan alveri cinayətlərinin əksəriyyəti açılıb, cinayətkar qruplar zərərsizləşdirilib, təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub. Qurbanların sosial müdafiəsi, reabilitasiyası və reinteqrasiyası istiqamətində konkret tədbirlər həyata keçirilib.

Sonda vurğulanıb ki, insan alveri Azərbaycanda geniş yayılmış cinayət xarakteri daşımır və bu sahədə mövcud olan risklər sistemli dövlət siyasəti nəticəsində nəzarətdə saxlanılır. Qarşıdakı dövrdə isə institusional mexanizmlərin təkmilləşdirilməsi, preventiv tədbirlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər olacaq.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini təqdim edib. Komitə sədri Azərbaycanın postmüharibə dövründə dövlət suverenliyini tam bərpa etməsi fonunda təhlükəsizlik və hüquq-mühafizə sisteminin güclənməsi ilə insan alverinə qarşı mübarizənin daha effektiv mərhələyə keçdiyini diqqətə çatdırıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət nəzarətinin tam təmin edilməsi isə bu sahədə risklərin minimuma endirilməsinə mühüm töhfə verib. 2025-ci il üzrə beynəlxalq hesabat və qiymətləndirmələrdə müharibələr, silahlı münaqişələr, iqtisadi böhranlar və beynəlxalq təhlükəsizlik problemlərinin insan alverinin yayılmasına birbaşa təsir göstərdiyi xüsusi olaraq vurğulanıb.

Məlumatda yer alan Azərbaycan üzrə statistik göstəriciləri təhlil edən komitə sədri diqqətə çatdırıb ki, insan alveri cinayətləri ümumi cinayətlərin 1 faizindən azını təşkil edir və son 20 ildə azalma tendensiyası müşahidə olunur. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb. O bildirib ki, təqdim olunan məlumat həyata keçirilmiş kompleks tədbirləri sistemli və lakonik şəkildə əhatə edir və burada insan alverinin yalnız hüquq-mühafizə deyil, eyni zamanda sosial-iqtisadi və müasir mərhələdə informasiya təhlükəsizliyi problemi kimi xarakterizə olunması düzgün yanaşmadır. Komitə sədri bir sıra hüquqi aspektlərə də toxunaraq insan alverinə qarşı cinayətlərin açılması üzrə göstəricinin 97 faizə çatmasını mühüm nailiyyət kimi xarakterizə edib. 

Çıxışda həmçinin qeyd olunub ki, son yeddi illə müqayisədə 2025-ci ildə insan alveri qurbanlarının sayında təxminən iki dəfə azalma müşahidə edilib. Bu tendensiya effektiv cinayət təqibi siyasətinin və kompleks preventiv tədbirlərin nəticəsi kimi qiymətləndirilib. Əli Hüseynli vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyünün təmini ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edib. O əlavə edib ki, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı tədbirlər, həmçinin cəmiyyətin mövcud müsbət sosial dəyərləri bu sahədə mühüm rol oynayır. Nəticə etibarilə ölkədə insan alveri cinayətlərinin geniş yayılmasının qarşısı alınıb və bu istiqamətdə daha dayanıqlı və effektiv mexanizmlərin formalaşdırılması prosesi davam etdirilir.

Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Razi Nurullayev, Azər Allahverənov qeyd və təkliflərini söyləyiblər.

Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov dəstəyə görə deputatlara təşəkkür edib, səsləndirilən təkliflərin gələcəkdə nəzərə alınacağını söyləyib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini təqdim edib.  Bildirib ki, sənəddə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması təklif edilir. Komitə sədri təklifin tarixi ədalətin bərpasına, milli toponimik irsin zənginləşdirilməsinə və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirildiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti məsələni "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri layihədə təklif olunan dəyişikliklərin əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliliyinin artırılmasına, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət etdiyini söyləyib. Qeyd edilib ki, sənəd kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılmasını nəzərdə tutur.

Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, qanunun əsas anlayışlar maddəsinə "ağac" və "kol" anlayışları əlavə edilir. Bununla yanaşı, qanunun 13-cü maddəsində yaşıllıqların götürülməsinin prosedur qaydalarını özündə ehtiva edən müvafiq dəyişikliklər təklif olunur. Layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların kənd təsərrüfatına mane olması halının yaşıllıqların götürülməsinə əsas verən hallar sırasına daxil edilməsi, həmin torpaqlarda olan kolların kəsilməsi üçün ümumi icraatdan fərqli olan daha sadələşdirilmiş icraatın (məlumatlandırma icraatının) tətbiqi, əkin təyinatlı torpaqlardakı ağaclara münasibətdə yaşıllıqların götürülməsinin ümumi qaydalarının tətbiq edilməsi, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsi üçün bərpa dəyərinin ödənilməməsi ilə bağlı məsələlər öz əksini tapıb. 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb. O, təqdim edilən məsələnin kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal prosesinə mane olan, aqrotexniki baxımdan fayda verməyən, sahələrin homogenliyini pozan yaşıllıqların hüquqi tənzimlənməsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, bu gün kənd təsərrüfatı yüksək texnologiyalar əsasında inkişaf edir və bu, əkin sahələrinin maneəsiz və düzgün strukturlaşmasını tələb edir. Lakin bir çox hallarda əkin torpaqlarında nizamsız şəkildə yerləşmiş kol və ağaclar texnologiyaların tətbiqinə mane olur, məhsuldarlığı azaldır, əlavə yanacaq sərfiyyatına səbəb olur. Layihədə məhz kənd təsərrüfatı fəaliyyətinə mane olan, istehsal məqsədlərinə xidmət etməyən yaşıllıqların götürülməsi ilə bağlı dəyişikliklər ehtiva edilir. 

Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Azər Badamov, Asif Əsgərov, Əziz Ələkbərov, Erkin Qədirli  fikirlərini və təkliflərini səsləndiriblər. Komitə sədrləri Tahir Rzayev və Sadiq Qurbanov millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Komitə sədri ötən il ölkə Prezidenti tərəfindən təqdim edilmiş "Diplomatik xidmət haqqında" qanunun qəbul edildiyini, bir müddət sonra isə "Dövlət qulluğu haqqında" qanuna müvafiq dəyişikliklərin edildiyini nəzərə çatdırıb. Bildirilib ki, təqdim olunan qanun layihəsində yuxarıda adıçəkilən qanunlarla dövlət qulluğuna xitam verilməsinin əsasları, bu zaman dövlət qulluqçusuna və onun vərəsələrinə dövlət məvacibinin hesablanıb ödənilməsi, dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin yenidən formalaşdırılması istiqamətində edilən dəyişikliklərə uyğun olaraq diplomatik xidmətin xüsusiyyətləri nəzərə alınmaqla "Diplomatik xidmət haqqında" qanunda da müvafiq dəyişikliklərin edilməsi təklif edilir. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söylədikdən sonra, qanun layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minsk qrupunun iflası ikili standartlara vurulmuş zərbədir

08:10
13 May

Heydər Əliyevin ömür yolu xalqa məhəbbət və sədaqət meyarına çevrilib

08:05
13 May

Zəngilandan verilən mesajlar

08:03
13 May

Xalqımızın Ulu Öndərə ehtiramı sonsuzdur

08:00
13 May

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:16
13 May

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

01:02
13 May

"Qaradağ Maşınqayırma" ASC-nin səhmdarlarının nəzərinə

00:51
13 May

“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb

23:50
12 May

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

22:28
12 May

“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib

22:22
12 May

Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır

21:48
12 May

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur

21:07
12 May

ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

20:59
12 May

ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu

20:43
12 May

Prezident İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb VİDEO

20:35
12 May

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

20:16
12 May

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

20:15
12 May

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

19:58
12 May

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

19:51
12 May

YAP nümayəndə heyəti Çində səfərdədir

19:48
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!