02 May 2026 08:05
160
PARLAMENT
A- A+
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır


Mayın 1-də Milli Məclisin növbəti plenar iclası keçirilib.  Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova 9 məsələnin müzakirə ediləcəyini bildirib. Qeyd olunub ki, birinci məsələ Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti barədədir. 

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirdiyini deyən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlar ilə konstruktiv iş birliyini inkişaf etdiririk. Bu baxımdan ölkəmiz Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib.  

Bu da qeyd edilməlidir ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Strateji infrastruktur layihələrinin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər möhkəm təmələ əsaslanır və zəngin potensiala malikdir. 

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur. "Və bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarını pozmağa yönəlmişdir. 

Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur" - deyə Sahibə Qafarova bildirib.

Spiker xatırladıb ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnmişdi: "2015-ci ildə Azərbaycan Parlamenti Avropa Parlamentində ölkəmiz barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əlaqəni dayandırmağa məcbur olmuşdu. Milli Məclis Avropa Parlamentindən tələb etmişdi ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. 

Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti  ikitərəfli dialoqu bərpa etmək məqsədilə bir sıra addımlar atmış, o cümlədən öz deputatlarından ibarət səlahiyyətli nümayəndə heyətini Azərbaycana göndərmişdi. 

Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul etmişdi". 

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, ötən 10 il  Avropa Parlamentinin Azərbaycan əleyhinə hərəkətlərdən əl çəkmək niyyətində olmadığını göstərmişdir: "İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənmişdir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın otuzillik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul etmişdir. 

Bütün bunlar həmin qurumun, əslində, hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər.

Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozmuş, eyni zamanda konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurmuşdur. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlmişdir". 

Spiker Sahibə Qafarova çıxışının sonunda bildirib ki, Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və bu məsələ barəsində qəti mövqeyini bildirəcəkdir. 

Sonra məsələ ətrafında müzakirələr aparılıb. Milli Məclis Sədrinin müavini Musa Qasımlı, parlamentin komitə sədrləri Zahid Oruc, Şahin İsmayılov, Səməd Seyidov, Anar İsgəndərov, deputatlar Bəhruz Məhərrəmov, Zaur Şükürov, Elşən Musayev, Vüqar Bayramov, Azay Quliyev, Razi Nurullayev, Hikmət Məmmədov çıxış ediblər. Deputatlar Avropa Parlamentinin "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə aldığını, ölkəmizə qarşı səslənən riyakar iddiaların əsassız, mövcud reallıqdan uzaq olduğunu, sənəddə göstərilənləri qətiyyətlə rədd etdiklərini söyləyiblər. Qeyd edilib ki, qurumun regionda postmüharibə dövründə formalaşan sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi sülh prosesinə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir. 

Nəzərə çatdırılıb ki, Azərbaycan xoşməramlı niyyət nümayiş etdirərək məhbusların böyük əksəriyyətini Ermənistana geri qaytarıb. Hazırda həbsdə olanlar isə hərbi əsir deyil, terror, sabotaj və müharibə cinayətləri daxil olmaqla ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir. Millət vəkilləri qətnamədə Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması barədə cəfəng çağırışları qəbul etmədiklərini söyləyiblər. Vurğulanıb ki, Azərbaycan dəfələrlə konstitusiyaya və beynəlxalq öhdəliklərə uyğun olaraq erməniəsilli sakinlərin hüquqlarını, təhlükəsizliyini və reinteqrasiyasını təmin etməyə hazır olduğunu bildirib. 

Qeyd edilib ki, sənəddə bir milyon qaçqın və məcburi köçkün olan azərbaycanlıların hüquqlarını görməzdən gələrək, erməni sakinlərin qayıtmasının selektiv şəkildə göstərilməsi qərəzli yanaşmanın bariz nümunəsidir, həmçinin mədəni irsin məhv edilməsi ilə bağlı iddialar riyakarlıqdır. Ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə və digər bölgələrdə ayrı-seçkiliyə yol verilmədən müxtəlif tarixi və dini abidələrin qorunduğu nəzərə çatdırılıb. Təəssüflə bildirilib ki, Azərbaycan ərazilərinin uzun müddət işğal altında olduğu müddətdə Avropa Parlamenti tərəfindən hər hansı qətnamə qəbul edilməyib. Bu gün isə  artıq regionda sülhün formalaşdığı, əməkdaşlıqla bağlı imkanların yarandığı bir zamanda  Avropa Parlamentinin aktivləşdiyinin, qərəzli qətnamələr qəbul etməsinin şahidi oluruq.

Qeyd olunub ki, Avropa dövlətlərinin liderləri Azərbaycan Prezidenti ilə görüşə can atdıqları bir şəraitdə, parlamentarilərin belə qətnamələri onları gözdən salır. Onlar Azərbaycanın qazandığı böyük Zəfəri qəbul edə bilmirlər. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanla hədə-qorxu, qərəzlə danışmağın perspektivi yoxdur. Azərbaycan yalnız bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir.

Millət vəkilləri hazırda Azərbaycanda güclü təməllərə əsaslanan, sarsılmaz iqtidar-xalq birliyinin olduğunu bildiriblər. Azərbaycanın müstəqil, suveren dövlət olaraq qarşılıqlı hörmət əsasında əlaqələri qurmağa həmişə hazır olduğunu söyləyiblər. Qeyd edilib ki, bu gün  Avropanın siyasi liderləri Azərbaycan Prezidenti ilə görüşlər keçirir, dövlət başçımızın gördüyü işləri geniş ictimaiyyətə təqdim edərək, ölkəmizin Avropa üçün enerji, logistika, təhlükəsizlik baxımından əhəmiyyətli tərəfdaş olduğunu vurğulayırlar. 

Sonra parlamentin Sədri Sahibə Qafarova bildirib ki, deputatların çıxışlarında Milli Məclisin qərarının qəbul edilməsinin zəruriliyi qeyd olunub. Spiker deyib ki, qərarın mətnini hazırlamaq üçün komissiya yaradılmalıdır. Təklif var ki, komissiyanın tərkibinə Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov, komissiyanın üzvləri olaraq deputatlar Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Æalə Əliyeva və Səbinə Xasayeva daxil edilsin.

Müzakirələrin yekununda Milli Məclisin Sədri məsələnin kifayət qədər müzakirə edildiyini, komissiyanın öz işini bitirdiyini və qərarın mətninin hazır olduğunu söyləyib.

Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarını oxuyub. (Qərarın mətni qəzetin bugünkü nömrəsində dərc edilib.)

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 3 məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və "Normativ-hüququ aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, regional müstəvidə çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixində Minsk şəhərində imzalanmış Konvensiyada iştirak edir. Ölkəmiz bu Konvensiyaya 1 sentyabr 1995-ci ildə qoşulub.

Diqqətə çatdırılıb ki, hazırda müzakirəyə təqdim edilən Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokol 2025-ci il iyunun 26-da imzalanıb. Sənəd iştirakçı dövlətlərdə yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmrlərinin tanınmasını təşviq etmək məqsədi daşıyır. Qeyd olunub ki, Konvensiyanın hüquqi yardımın həcmini müəyyən edən 6-cı maddəsinə "yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmri" sözləri əlavə edilir. Həmçinin qərarın tanınmasından və icrasından imtinanı nəzərdə tutan 55-ci maddəyə "məhkəmə əmri çıxarıldığı halda - borcluya məhkəmə əmrinin (onun surətinin) həmin məhkəmə əmrinin çıxarıldığı Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təqdim edilmədiyi və ya göndərilmədiyi halda" məzmununda yeni abzas əlavə edilir. Protokol Konvensiyanın 83-cü maddəsinə əsasən iştirakçılar tərəfindən ratifikasiya olunmalı və 3 dövlət depozitariyaya ratifikasiya fərmanlarını təqdim etdikdən sonra qüvvəyə minir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova məsələ barədə bu komitənin rəyini açıqlayaraq bildirib ki, qanun layihəsinin əsas məqsədi dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsidir. Vətəndaşların müxtəlif səbəblərdən fərqli ölkələrdə yaşadığını nəzərə alaraq, hüquqi məsələlərin beynəlxalq səviyyədə effektiv həlli xüsusi əhəmiyyət kəsb edir. O, uşaqların hüquqlarının qorunmasına yönəlmiş dəyişikliklərdə aliment öhdəlikləri ilə bağlı məhkəmə qərarlarının digər dövlətlərdə tanınmasının və icrasının sadələşdirildiyini qeyd edib.

Müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, deputat Bəxtiyar Əliyev sənədin əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra deputat Nizami Səfərov "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, 2002-ci il 7 oktyabr tarixində Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış Konvensiyaya Azərbaycan Respublikası 2004-cü il yanvarın 13-də qoşulub. Kişinyov Konvensiyasına təklif edilən dəyişikliklərin Minsk Konvensiyasına təklif olunan dəyişikliklərlə eyni olduğu qeyd edilib.

Millət vəkili diqqətə çatdırıb ki, Kişinyov Konvensiyasının 120-ci maddəsinin 3-cü bəndinə görə "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli  Minsk Konvensiyası və ona əlavə edilmiş 1997-ci il 28 mart tarixli Protokol Kişinyov Konvensiyasının iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Burada istisna 120-ci maddənin 4-cü bəndində nəzərdə tutulur və göstərilir ki, Minsk Konvensiyasının və ona əlavə edilmiş Protokolun Kişinyov Konvensiyasının iştirakçısı olan dövlətlər və  Konvensiyanın qüvvəyə minmədiyi iştirakçı dövlətlərlə münasibətlərdə tətbiqi davam edir. Bildirilib ki, Azərbaycan Respublikası Gürcüstan, Moldova, Türkmənistanla münasibətdə Minsk Konvensiyasını tətbiq etməkdə davam edəcək, MDB-nin digər iştirakçıları olan Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyası, Tacikistan ilə Kişinyov Konvensiyası rəhbər tutulacaq. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova təqdim olunan sənəd barədə bu komitənin rəyini açıqlayıb. O deyib ki, qanun layihəsi beynəlxalq hüquqi əməkdaşlığın inkişafının daha müasir mərhələsini əks etdirir və dövlətlər arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Millət vəkili bildirib ki, qanun layihəsinin qəbulu hüquqi məlumat mübadiləsinin effektivliyini artıracaq, məhkəmə qərarlarının tanınması və icrası prosedurunu sadələşdirəcək, səlahiyyətli orqanların koordinasiyalı əməkdaşlığını təmin edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Nizami Səfərov "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini də təqdim edib. Bildirib ki, 2025-ci il 26 iyun tarixində imzalanmış Saziş tərəf dövlətlərin məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının icrası zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının, dövlət və digər orqanların və təşkilatların qanuni mənafelərinin müdafiəsini təmin etmək, tərəflərin qanunvericiliyi ilə MDB iştirakçısı olan dövlətlərin həmin aktların məcburi icrası üzrə funksiyalarının həyata keçirilməsi həvalə edilmiş orqanlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyır.

Saziş icra sənədlərinin məcburi icra prosedurlarını həyata keçirərkən tərəflərin məcburi icra orqanlarının məlumat mübadiləsi üzrə əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir. Burada məqsəd icra sənədlərinin məcburi icrasının təmin olunması, habelə onların icrası zamanı hüquqi yardım mexanizmlərindən istifadənin səmərəliliyinin artırılmasıdır. Sənədə əsasən, tərəflər əməkdaşlıq çərçivəsində sorğu əsasında fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından və vəzifəli şəxslərdən məlumatların, arayışların, sənədlərin və ya onların müvafiq qaydada təsdiq edilmiş surətlərinin alınmasını təmin edirlər. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub. 

Daha sonra iclasda Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Spiker nəzərə çatdırıb ki, məsələ ilə bağlı iclasda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, komitənin sədr müavini Natiq Şirinov, Baş İdarənin rəisi Rövşən Namazov və  idarə rəisi Tural Həsənli iştirak edirlər. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə barədə məlumat verərək bildirib ki, sənəd yalnız normativ bazanın yenilənməsini deyil, bütövlükdə gömrük sisteminin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən konseptual yanaşmanı əks etdirir. Qeyd olunub ki, layihə Gömrük Məcəlləsini beynəlxalq ticarət münasibətlərinin müasir tələblərinə uyğunlaşdırır və nəticə etibarı ilə gömrük sistemində yeni bir səhifə açır. 

Bildirilib ki, gömrük qanunvericiliyinin yenilənməsi zərurəti həyata keçirilən genişmiqyaslı institusional islahatlardan irəli gəlir və gömrük sistemində nəzərdə tutulan dəyişikliklər özlüyündə məqsəd deyil, səmərəli iqtisadi idarəetmənin qurulması, müasir gömrük inzibatçılığının formalaşdırılması, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından mühüm vasitə kimi çıxış edir. Qeyd olunub ki, təklif edilən dəyişikliklərin əsas fəlsəfəsi gömrük prosedurlarının liberallaşdırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına və ticarətin asanlaşdırılmasına yönəlib. 

Qeyd edilib ki, təqdim olunan layihə gömrük sistemində bir sıra mühüm yenilikləri nəzərdə tutur və ilk növbədə gömrük tənzimlənməsinin fəlsəfə və konsepsiyasını yeniləyir. Əvvəlki model əsasən sərhəddə nəzarətə söykənirdisə, yeni yanaşma ticarətin asanlaşdırılması ilə effektiv idarəetmə, tənzimləmə və nəzarət arasında balansın təmin olunmasına yönəlib. Bu modeldə nəzarət zəiflədilmir, əksinə daha hədəfli və səmərəli şəkildə həyata keçirilir. Diqqətə çatdırılıb ki, risk əsaslı yanaşma, postaudit mexanizmləri və elektron məlumat mübadiləsinin tətbiqi nəticəsində sərhəddə fiziki yoxlamaların həcmi azalır, ləngimələr aradan qaldırılır və qanunvericiliyə riayət daha effektiv təmin edilir. Eyni zamanda layihə çərçivəsində gömrük sistemi üzrə anlayışlar yenilənir, onların əhatə dairəsi genişləndirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. 

Əsas yeniliklərdən biri gömrük təmsilçiliyi institutunun modernləşdirilməsidir. Klassik broker modelindən fərqli olaraq layihədə birbaşa və dolayı gömrük təmsilçiliyi mexanizmləri müəyyən edilir. Bu yanaşma xidmət bazarında rəqabətin artmasına, sahibkarların seçim imkanlarının genişlənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və xərclərin azalmasına şərait yaradır. Eyni zamanda elektron prosedurların genişləndirilməsinə xidmət edən tətbiqlər gömrük rəsmiləşdirilmələrini sürətləndirən,  şəffaflığı artıran mühüm innovativ dəyişikliklər kimi dəyərləndirilib.

Azər Əmiraslanov deyib ki, layihənin əsas hədəflərindən biri ölkənin logistika və tranzit imkanlarının genişləndirilməsidir. Təklif olunan dəyişikliklər tranzit prosedurlarının sadələşdirilməsini, daşımaların daha sürətli və fasiləsiz həyata keçirilməsini təmin edir. Dəyişikliklər Azərbaycanın tranzit imkanlarının genişlənməsinə, yükdaşımaların həcminin artmasına və ölkənin regional logistik mərkəz kimi rolunun daha da güclənməsinə hesablanıb. 

Layihənin müzakirəsində komitə sədrləri Zahid Oruc, Əli Hüseynli, deputatlar Rövşən Muradov, Elçin Mirzəbəyli, Razi Nurullayev, Hikmət Məmmədov çıxış ediblər, dəyişikliklər haqqında fikirlərini və qeydlərini bildiriblər. 

Komitə sədri Azər Əmiraslanov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən, döyüş əməliyyatları, eləcə də digər fövqəladə hallarda müxtəlif xəsarətlər alırlar və ya digər risklərlə üzləşirlər. Vurğulanıb ki, bu kimi vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ müəyyən edilməsi, barələrində zəruri məlumatların əldə olunması həyati əhəmiyyət daşıyır. Bu səbəbdən də qanunvericiliyə hərbi qulluqçuların fərdi identifikasiya mexanizminin  - "şəxsi jeton" anlayışının və ondan istifadə qaydalarının əlavə edilməsi təklif olunub.

Arzu Nağıyev layihədə əksini tapan dəyişikliyin digər mühüm istiqamətinin çağırışaqədərki hazırlıq sahəsinin təkmilləşdirilməsi olduğunu söyləyib. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əlavə edilən 9.4-cü maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunması nəzərdə tutulur. Vurğulanıb ki, bu dəyişiklik çağırışaqədərki hazırlıq sahəsində vahid və sistemli yanaşmanın formalaşdırılmasına, idarəetmədə çevikliyin artırılmasına və məsuliyyət bölgüsünün daha dəqiq müəyyən olunmasına, nəticə etibarilə gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Komitə sədri Siyavuş Novruzovun məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. 

Gündəliyin sonuncu məsələsi olan "Vətəndaşların müraciətləri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Diqqətə çatdırılıb ki, müzakirəyə çıxarılan qanun layihəsinə edilən dəyişikliklər dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, şəffaf və nəticəyönümlü təşkilinə, həmçinin müasir idarəetmə tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müraciətlərin hüquqi əsaslara daxil edilməsi rəqəmsal idarəetmənin normativ bazasını genişləndirir. Sənəd əyani vətəndaş qəbullarını nəinki istisna etmir, əksinə fiziki görüş və ünsiyyətin daha operativ, sistemli və effektiv təşkilinə əlavə imkanlar yaradır və bu istiqamətdə rəqəmsal və ənənəvi kommunikasiya formalarını paralel şəkildə gücləndirir. 

Dəyişiklikləri maddələr üzrə təqdim edən Zahid Oruc diqqətə çatdırıb ki, 3-cü maddə üzrə edilən dəyişikliyə əsasən, elektron müraciət anlayışının genişləndirilməsi və EHİS üzərindən təqdim olunan müraciətlərin hüquqi çərçivəyə daxil edilməsi nəzərdə tutulur. Bildirilib ki, bu dəyişiklik dövlət orqanlarına edilən müraciətlər zamanı vətəndaşların müxtəlif sistemlər arasında vaxt itkisini aradan qaldırır, xidmətlərə əlçatanlığı artırır. 6-cı maddədə təklif olunan dəyişikliklər isə daha geniş və əhatəlidir.  Xüsusilə 6.3-cü maddəyə əlavə edilən yeni bəndlərlə vətəndaşlara müraciətin cavablandırılma üsulunu seçmək hüququnun verilməsi, eləcə də FİN və VÖEN kimi identifikasiya məlumatlarının daxil edilməsi müraciətlərin daha dəqiq və ünvanlı baxılmasına xidmət edir. Maddə 6.7 və 7.6-da təklif olunan dəyişikliklər isə artıq müraciətlərin yalnız göndərilməsi deyil, həm də cavablandırılması mexanizmini yeni mərhələyə keçirir. Vətəndaşa cavabın hansı formada təqdim ediləcəyini seçmək hüququnun verilməsi - məmur məsuliyyətinə və vətəndaş məmnuniyyətinə təsir edən çox mühüm addımdır.

Sənəddə müraciətin baxılmamış saxlanılması əsaslarının dəqiqləşdirilməsi hüquqi müəyyənlik baxımından müsbət haldır və tətbiq zamanı yaranan qeyri-müəyyənlikləri aradan qaldırır. Anonim müraciətlərə belə münasibət tamamilə qanunidir. Maddə 11.4 üzrə dəyişikliklərin vətəndaşların qəbula yazılma mexanizmini müasirləşdirdiyi, artıq bu prosesin həm fiziki, həm də elektron qaydada həyata keçirilə bildiyi vurğulanıb. 

Təqdim olunan qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın artırılmasına, vətəndaş müraciətlərinin vahid platforma üzərindən effektiv idarə olunmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm islahat xarakterli sənəd olduğu diqqətə çatdırılıb.

Müzakirədə komitə sədri Fazil Mustafanın, deputatlar Razi Nurullayevin, Nigar Məmmədovanın, Bəhruz Məhərrəmovun və Elman Nəsirovun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Rəşad CƏFƏRLİ

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!