02 Aprel 2026 09:20
208
Mədəniyyət
A- A+
Hələ sağlığında məktəb idi

Hələ sağlığında məktəb idi


Azərbaycan aşıq sənətinin formalaşmasında və  inkişafında bu günlər 205 illiyi qeyd olunan Aşıq Ələsgərin əvəzsiz xidmətləri olmuşdur. Böyük söz sərrafı, adı dillərdən düşməyən, səsi-sorağı ölkələri dolaşan Aşıq Ələsgər sənətin ucalığından heç zaman enməmiş, ona yeni çalarlar və rənglər qatmış, özündən sonra istedadlı aşıqların meydana çıxmasına böyük təsir göstərmişdir. Bu təsirin dalğası  Azərbaycanın hər tərəfinə yayılmışdır.

Qoşduğu təcnisləri, qoşmaları, gözəlləmələri, gəraylıları, dodaqdəyməzləri, dildönməzləri dillər əzbəri olan Aşıq Ələsgər aşıq şeirinin bütün janrlarına baş vuraraq sanki istedadını sınaqdan keçirmiş və böyük uğurlar qazanmışdır. 

1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açan Ələsgər ailənin böyük övladı olub. Ailə maddi çətinliklər içində yaşadığına görə atası 14 yaşından onu varlı torpaq sahibi olan  Kərbəlayı Qurbanın həyətində fəhlə işləməyə verib. Buna görə də ona başqa yaşıdları kimi təhsil almaq nəsib olmayıb. 

Tarixi mənbələrdə qeyd olunan məlumatlara görə, dülgər işləyən atası Alməmməd kişi təkcə sənəti ilə deyil, düzüb-qoşduğu, zümzümə etdiyi gəraylı, qoşma və bayatıları ilə də el-obada tanınmışdır. Təbiidir ki, bu mühit Ələsgərin aşıq kimi formalaşmasına güclü təsir göstərmişdi. O, hələ kiçik yaşlarından güclü hafizəsi ilə başqalarından seçilmişdi. Uşaqlıqdan aşıq dastanlarının çoxunu yaddaşında saxlamışdı. Ələsgərin bədahətən şeir söyləməsi də hamını heyrətləndirmişdir. Onu yaxından görmüş, apardığı məclislərdə iştirak etmiş şahidlərin söylədiklərinə görə, Ələsgər yeri gələndə sazı sinəsinə basar, şeiri elə oradaca bədahətən söyləyərmiş. 

Oğlunun qeyri-adi istedadını görən atası aşıq sənətinin sirlərini öyrənmək üçün onu el-obada yaxşı tanınan Aşıq Alının yanına qoyur. Beləcə, Ələsgərin aşıqlıq sənətinə gedən yolu başlayır. Müəllimindən aldığı dərslər onun peşəkar aşıq kimi formalaşmasında mühüm rol oynayır. Bir müddət sonra Aşıq Ələsgərin böyük məharətlə apardığı məclislərin səsi-sorağı qonşu el-obalara yayılır. Buna görə də onu yalnız doğma yurdu Göyçədə deyil, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər bölgələrdə keçirilən toy mərasimlərinə dəvət edirlər. Günlər keçdikcə Aşıq Ələsgərin şan-şöhrəti sərhədləri aşır. Çox keçmir ki, onun sorağı Türkiyədən, İrandan, Dağıstandan və başqa diyarlardan gəlir.

Həftələr, aylar bir-birini əvəz etdikcə Aşıq Ələsgər aşıqlıq sənətinin zirvəsinə gedən yollarda daha da inamla addımlayır. Onun bədahətən dediyi qoşmalar, gəraylılar, təcnislər dillərə düşərək el-obalara yayılır. Ustad sənətkar aşıqlıq sənətinin zirvəsini heyrət doğuran qeyri-adi istedadı, bacarığı ilə pillə-pillə fəth edir. 

Aşıq Ələsgər yalnız yaradıcılığı ilə deyil, yaşadığı bütün ömrü boyu özünün əxlaqlı davranışı ilə də hamıya nümunə olmuş, şeirlərində insanlara düzgün yol göstərmiş, bəşər övladlarını ədalətli olmağa, həmişə haqqın tərəfini saxlamağa çağırmışdır. Buna görə də yaxından tanıyanlar haqlı olaraq onu "Haqq aşığı" adlandırmışlar. Bu böyük sənətkara pərəstiş etmiş, hansısa bir çətinliklə üzləşəndə ondan kömək, məsləhət istəmişlər. Bütün bunlar xalqın Aşıq Ələsgərə verdiyi yüksək dəyərin göstəricisidir.

Vurğunu olduğu gözəlin sevgisinə qovuşmaq yolunda aşiqin qarşılaşdığı keçilməz sədlər, üz-üzə gəldiyi və ağrı-acısını yaşadığı əzablar, ürəkləri yandıran həsrət və iztirabların bənzərsiz təsviri Aşıq Ələsgərin məhəbbət mövzusunda yaratdığı qoşmaların əsas aparıcı xəttini təşkil edir. Böyük ustadın heyranı olduğu el gözəllərinin tərifinə qoşduğu şeirlərində qəm, kədər duyulmur. Çünki həmin əsərlərin ruhuna nikbinlik, şənlik, şux və gözəl bir ovqat hakimdir. Aşıq Ələsgərin məhəbbət mövzusunda olan bu şeirlərində el qızlarının yalnız zahiri gözəlliyi deyil, saf, incə təbiəti, vəfalı, düz ilqarlı olmaları da bədii əksini tapır. Yazıldığı zamandan dillər əzbəri olan "Güləndam", "Bəyistan", "Düşdü" və başqa şeirlərində Azərbaycan gözəllərinin mənəvi-əxlaqi keyfiyyətləri də geniş şəkildə tərənnüm olunur. Sanki sənətkar dəyərli sözlərlə bu qızların bədii portretini çəkir, onların gözəlliyini vəsf edir.


Səni gördüm, əl götürdüm dünyadan, 

Qara gözlü, qələm qaşlı Güləndam! 

Alma yanağına, bal dodağına, 

Baxan kimi ağlım çaşdı, Güləndam!


Aşıq Ələsgərin təbiətin təsvirinə həsr olunmuş şeirlərində onun el-obaya, ata-baba yurduna bağlılığı özünü qabarıq şəkildə göstərir. Böyük ustadın "Yaylaq", "Gördüm", "Dağlar" rədifli qoşmaları doğma yurdumuzun gözəlliyinə həsr olunmuş ən heyrətamiz əsərlərdir. 

Aşıq sənətini daha da zənginləşdirən, bu sənətdə yeni yollar, cığırlar açan, ona bənzərsiz yeniliklər gətirən Aşıq Ələsgər Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan ustadlardandır. Onun heç bir şairin, aşığın zəngin poetik irsinə bəzəməyən yaradıcılıq yolu özündən sonra yazıb-yaradan aşıqlar üçün böyük sənətkarlıq məktəbi olmuş və olaraq da qalır. Aşıq Ələsgərin yazdığı şeirlər zaman-zaman bəstəkarların da diqqətini cəlb etmişdir. Böyük ustadın sözlərinə bəstələnmiş mahnılar bu gün də sevgi ilə dinlənilir. 

Ötən əsrin 1918-1919-cu illərində erməni şovinistləri İrəvanda yaşayan azərbaycanlılara qarşı qırğın törətdilər. Bu qırğının nəticələri çox ağrılı oldu. Başqa bölgələrdə olduğu kimi, Göyçə mahalında da azərbaycanlıların var-yoxu daşnaklar tərəfindən əllərindən alındı. Yerli əhali dədə-baba yurdlarından baş götürüb qaçmaq məcburiyyətində qaldı. Aşıq Ələsgər Kəlbəcərin Yanşaq kəndinə üz tutdu. Bir müddət sonra isə Tərtərə köçdü. Bu yerlərin dağ vüqarlı insanları aşığı hörmətlə qarşıladılar. Böyük sənətkar iki ilə yaxın burada qalmalı oldu. Amma bu illər ərzində ürəyi Göyçədə idi. Həsrətlə, intizarla doğma yurdlarına qayıdacaqları günü gözləyir, o çağları görməyi arzulayırdı. Nəhayət, 1921-ci ildə aşığın arzuları çin oldu. Həmin il Ağkilsəyə qayıtdı, ömrünün son illərini doğma kəndində yaşadı. Aşıq Ələsgər 1926-cı il martın 7-də vəfat etdi və kənddəki qəbiristanlıqda dəfn olundu. Görkəmli sənətkarın  ölümündən sonra Azərbaycan folklorçuları böyük ustadın dillərdə dolaşan, yaddaşlarda yaşayan nadir sənət incilərini toplayaraq nəşr etdirdilər. 

Aşıq Ələsgərin yaradıcılığı daim xalqımızın və dövlətimizin diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə  böyük sənətkarın anadan olmasının 150 illiyi həm keçmiş ittifaq miqyasında, həm də Azərbaycanda böyük təntənə ilə qeyd olunmuşdur. Azərbaycan Elmlər Akademiyası bu münasibətlə Aşıq Ələsgərin əsərlərini çap etmişdir. Həmçinin anadan olmasının 150 illiyi münasibətilə Ağkilsə kəndindəki qəbrinin üzərində əzəmətli abidə ucaldılmışdır. Təəssüflər olsun ki, 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra erməni vandalları Aşıq Ələsgərin qəbri üzərindəki abidəsini vəhşicəsinə dağıtmışlar.

Aşıq Ələsgərin ədəbiyyatımız, xalqımız qarşısında göstərdiyi xidmətlər həmişə yüksək qiymətləndirilmişdir. 2021-ci il fevralın 18-də Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi" haqqında sərəncam imzalamışdır. Sərəncam həm Aşıq Ələsgərin bədii irsinə, həm də aşıq sənətinə olan hörmət və qayğının təzahürü idi. Bundan əlavə, Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il sentyabrın 30-da Bakıda böyük el sənətkarının abidəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir: "Ancaq eyni zamanda bu abidə bütün qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!