ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi Hörmüz boğazından neft idxalından demək olar ki, asılı deyil, lakin dünyanın qalan hissəsi üçün bu strateji marşrut mühüm əhəmiyyət kəsb edir.
Tramp qeyd edib ki, ABŞ gələcəkdə də bu boğaz vasitəsilə neft idxal etməyi planlaşdırmır. Onun sözlərinə görə, ABŞ hazırda neft və qaz hasilatında dünya lideridir və buna görə də müharibələrdən qaynaqlanan təchizat şoklarından nisbətən qorunur. Bununla belə, Prezidentin açıqlamaları ölkə daxilində artan yanacaq qiymətlərinə görə müzakirələrə səbəb olub. Belə ki, bir çox amerikalı 2022-ci ildən bəri ilk dəfə benzinin qiymətinin bir qallon üçün 4 dolları keçdiyinin şahidi olur.
Tramp, həmçinin bildirib ki, Hörmüz boğazından neft alan ölkələr bu keçidin təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyəti öz üzərlərinə götürməlidirlər. “Bu keçiddən istifadə edən dünya ölkələri onun qorunmasında öncül rol oynamalıdır. ABŞ kömək edəcək, lakin əsas məsuliyyət onlara məxsusdur”, - deyə Prezident əlavə edib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünya üzrə gündəlik neft istehlakının təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Bu marşrutla nəql olunan xam neftin böyük hissəsi əsasən Asiya bazarlarına yönəldilir.
Tramp müharibə başa çatdıqdan sonra boğazın yenidən açılacağını və yanacaq qiymətlərinin sürətlə aşağı düşəcəyini iddia etsə də, iqtisadçılar və analitiklər bu proqnozu bölüşmürlər. Ekspertlər bildirirlər ki, bölgədə enerji infrastrukturuna dəyən zərər və bununla bağlı fasilələr səbəbindən qlobal neft qiymətləri müharibə qısa müddətdə bitsə belə uzun müddət yüksək səviyyədə qala bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”