22 Aprel 2026 08:20
337
SİYASƏT
A- A+
Ermənistanda seçki gərginliyi: ritorika sərtləşir

Ermənistanda seçki gərginliyi: ritorika sərtləşir


Paşinyan seçki proqramını revanşist qüvvələrə qarşı mübarizə platformasına çevirib 


Ermənistan Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki proqramını açıqlayıb. Baş nazir vurğulayıb ki, proqramın ideoloji əsası "Real Ermənistan" ideologiyası və ölkənin iqtisadi, institusional transformasiya doktrinasıdır. Proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib. Qeyd olunub ki, Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması hökumətin 2021-ci il seçkilərində üzərinə götürdüyü ən böyük missiya idi. Baş nazir bu missiyanın yerinə yetirildiyini, Azərbaycanla sülhün bərqərar olduğunu, Ermənistan üçün inkişaf dövrünün açıldığını deyib. 

Paşinyan cəmiyyətə açıq müraciət edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra onların əsas vəzifəsi sülhü qoruyub saxlamaqdır: "Çünki sülh yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və "Vətəndaş Müqaviləsi" Partiyasına səs verərək sülhü qoruyun". Hökumət başçısı həmçinin 2026-2031-ci illər üçün əsas görüləcək işləri də ictimaiyyətə təqdim edib. 

Ermənistanın siyasi xəttində baş verən fundamental dəyişiklik özünü açıq şəkildə büruzə verir. Paşinyanın "Real Ermənistan" ideologiyası İrəvanın onilliklər boyu davam edən utopik və qondarma iddiallardan imtina edərək, beynəlxalq səviyyədə tanınmış mövcud sərhədləri daxilində inkişaf niyyətini simvolizə edir. O, bu doktrina ilə cəmiyyətə çatdırır ki, ölkənin gələcəyi ərazi iddialarında deyil, daxili islahatlarda və iqtisadi tərəqqidədir. Sülh prosesinin 2021-ci il vədlərinin yerinə yetirilməsi kimi qələmə verilməsi isə hakim partiyanın seçki platformasını "müharibəni bitirən və sabitlik gətirən qüvvə" imici üzərində qurmaq strategiyasıdır. Paşinyan haqlı olaraq sülhü tam möhkəmlənməmiş, kövrək bir nailiyyət kimi təqdim edir. Baş nazir sülhü kövrək adlandırmaqla erməni ictimaiyyətinin müharibə qorxusuna xitab edir, hakim partiyanı sülhün yeganə təminatçısı kimi göstərir.

Baş nazir müxalifətin mövqeyini sərt şəkildə tənqid edərək bildirib ki, bəzi siyasi qüvvələrin ölkənin sərhədlərini genişləndirmək çağırışları Ermənistanı yeni müharibə riskinə sürükləyə bilər. O vurğulayıb ki, Qarabağla bağlı simvol və xəritələrin gündəmə gətirilməsi təhlükəli yanaşmanın davamıdır və ölkə bu cür siyasətin ağır nəticələrini artıq yaşayıb: "Seçkilərdə "üçbaşlı müharibə partiyası"nın uğur qazanması bunun doğuracağı nəticələrlə birlikdə "Qarabağ hərəkatı"nın davamı deməkdir". Baş nazir "üçbaşlı müharibə partiyası" dedikdə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" bloku, rusiyalı oliqarx Samvel Karapetyanın "Güclü Ermənistan" və Qagik Çarukyanın "Çiçəklənən Ermənistan" partiyalarını nəzərdə tutur. Paşinyan açıq mesaj verir ki, köhnə ideologiyaya qayıdış Ermənistan üçün dövlətçiliyin itirilməsi və yeni fəlakətli müharibə deməkdir. 

Nikol Paşinyan Qarabağ ermənilərinin geridönüşü məsələsinin müzakirə predmeti olmadığını vurğulayıb və əlavə edib ki, onlar Ermənistanda məskunlaşmalıdırlar. Qarabağda yaşamış ermənilərin geri qayıtması məsələsinin birdəfəlik qapadılması və onların Ermənistanda inteqrasiyası çağırışı keçmiş münaqişənin bütün siyasi qalıqlarından qurtulmaq cəhdidir. Paşinyan Azərbaycanla gələcəkdə yarana biləcək potensial gərginlik nöqtələrini sıfırlamağa, ən əsası isə bu mövzunun müxalifət tərəfindən siyasi alət kimi istifadə edilməsinin qarşısını almağa çalışır. 

Hökumət başçısı həmçinin hesab edir ki, yeni konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Konstitusiya dəyişikliyi məsələsi sülhün hüquqi fundamentallığı baxımından ən kritik məqam kimi təqdim olunur. Baş nazir xalqı inandırmağa çalışır ki, yeni konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması təkcə Azərbaycanın tələbi deyil, həm də "Real Ermənistan" layihəsinin hüquqi təməlidir. Paşinyan açıq şəkildə etiraf edir ki, dövlətin əsas sənədində qonşu dövlətə qarşı ərazi iddiasının qalması faktiki olaraq müharibə vəziyyətinin davamıdır. Bu dəyişikliyi referendum yolu ilə etmək istəyi isə məsuliyyəti xalqla bölüşmək, sülh seçimini kollektiv qərara çevirmək taktikasıdır. 

Ermənistanın Baş naziri Türkiyə və Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Paşinyan "Vətəndaş Müqaviləsi" Partiyasının bu yolu davam etdirəcəyini deyib. Ermənistanın regional təcriddən xilasının yeganə çıxış yolu qonşularla normal münasibət qurmaqdır. Xüsusən Türkiyə və Azərbaycanla əlaqələrin inkişafı İrəvan üçün iqtisadi blokadanın yarılması, regional nəqliyyat və logistika layihələrində iştirak imkanı deməkdir. Hakim partiyanın bu yolu prioritet seçməsi Ermənistanın xarici siyasət vektorunun hərbi qarşıdurmadan regional əməkdaşlığa doğru dəyişdiyini rəsmən bəyan edir. 

Hakim partiyanın seçki proqramı ilə revanşist qüvvələrin yanaşması arasındakı fərq realizm ilə xəyalpərəstlik arasındakı qarşıdurmanı əks etdirir. "Real Ermənistan" konsepsiyası ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini əsas götürür. Paşinyanın proqramının "daha yaxşı" hesab edilən tərəfi odur ki, o, cəmiyyətə növbəti məğlubiyyət və ya dövlətçiliyin itirilməsi riskini deyil, mövcud olanı qorumağı və inkişaf etdirməyi vəd edir. Paşinyan iqtisadi tərəqqini qonşularla kommunikasiyaların açılmasında görür. Revanşist qüvvələrin xətti isə qonşu dövlətlərlə düşmənçiliyin davam etdirilməsini nəzərdə tutur. Resursları kasad olan bir dövlətin hərbi revanş barədə düşünməsi intihar kimi qiymətləndirilir. Revanşistlər hələ də köhnə təhlükəsizlik zəmanətlərinə arxalanmağı təklif edərkən, Paşinyanın proqramı sülh müqaviləsini təhlükəsizlik sənədi kimi təqdim edir. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı da Paşinyanın sülh təşəbbüsünü dəstəkləyir. 

Ermənistan cəmiyyəti 2020-ci il müharibəsindən sonra ciddi travma və qorxu yaşayır. O baxımdan revanşistlərin yenidən müharibə və ya "sərhədlərin genişləndirilməsi" çağırışları geniş kütlələr üçün cəlbedici görünmür. Paşinyanın proqramı isə sülh və rifah vəd etməklə ermənilərin sabitlik ehtiyacına daha çox xitab edir. Bu baxımdan ekspertlər iyun seçkilərində hakim partiyanın şansını daha yüksək qiymətləndirirlər. 


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!