29 Aprel 2026 08:30
128
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə


Energetika, nəqliyyat, texnologiya, turizm və aqrar sahələr üzrə tərəfdaşlıq daha da genişlənəcək


Azərbaycan ilə Çex Respublikası arasında iqtisadi əlaqələr son illər sürətlə inkişaf etməkdədir. Hər iki ölkə qarşılıqlı ticarət və investisiya imkanlarını genişləndirərək iqtisadi əməkdaşlığı möhkəmləndirir. Energetika, sənaye, texnologiya və turizm kimi sahələrdə qarşılıqlı maraqlar Azərbaycan və Çexiya üçün yeni imkanlar yaradır. Xüsusilə ticarət əlaqələri son illər əhəmiyyətli dərəcədə genişlənib.

Azərbaycan əsasən energetika, neft və neft-kimya sənayesi, kənd təsərrüfatı məhsulları ilə Çexiyaya ixracat həyata keçirir. Çexiyadan isə Azərbaycana maşınqayırma, avtomobil texnikası, elektronika, kimya və dərman preparatları kimi məhsullar idxal olunur. Ölkələr arasında ticarət dövriyyəsi get-gedə  artmaqdadır və bu da təbii ki,  tərəflər arasında qarşılıqlı etimadın və iqtisadi əməkdaşlığın göstəricisidir. 

Qeyd edək ki, Azərbaycan və Çexiya arasında ticari əməkdaşlıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır. Tərəflər həm də birgə investisiya layihələrini və praktiki işbirliyi imkanlarını nəzərdən keçirirlər.  Bu amili  aprelin 27-də Qəbələdə keçirilmiş Azərbaycan-Çexiya biznes-forumunda çıxış edən Prezident İlham Əliyev belə ifadə edib: "İkitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Biz, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraq biznes-forumda bütün məsələlər nəzərdən keçirilir".

Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlığın önəmli istiqamətlərindən biri sənaye və texnologiya sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsidir. Energetika sektorunda tərəflər qarşılıqlı maraqlara əsaslanaraq layihələr həyata keçirir, modern texnologiyaların istifadəsini genişləndirirlər. Ən çox da  neft-kimya və elektrik enerjisi, həmçinin xam neft və qaz  istehsalı sahələrində əməkdaşlıq artmaqdadır. Təsadüfi deyil ki, forumda bu məsələlərdən də bəhs olunub. Tədbirdə çıxış edən Çexiyanın Baş naziri Andrey Babiş energetika sahəsindəki mövcud əlaqələri və gələcək layihələrə dair qarşılıqlı maraqları vurğulayaraq deyib: "Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik. Çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz birnömrəli təchizatçımızsınız. Biz buraya qazın ən böyük paylayıcısı olan ÇES şirkəti ilə gəlmişik və əlbəttə ki, uzunmüddətli əməkdaşlığı, uzunmüddətli müqaviləni, ikitərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var". 

Azərbaycan-Çexiya  iqtisadi əlaqələrində bir sıra strateji şirkətlər mühüm rol oynayır. Forumda da təmsil olunan "L-39NG Aero Vodochody", "CSG Aerospace", "Ceska Zbrojovka", "Colt", "Excalibur International", "Explosia", "VOP CZ", "Omnipol" və "Livance SRO Meteopress" kimi  Çex şirkətləri Azərbaycanda birgə müəssisələr və investisiya layihələri vasitəsilə əməkdaşlığı genişləndirirlər. Bu şirkətlər Azərbaycan tərəfinin xüsusi ehtiyaclarına uyğun məhsul çeşidini və  müasir nəqliyyat mühəndisliyi sahəsində qabaqcıl texnologiyaları təqdim edirlər. Onların fəaliyyəti qatarlar və dəmir yolu texnologiyasından tutmuş "ağıllı nəqliyyat" kimi idarəetmə sistemlərinə qədər geniş sahələri əhatə edir. Beləliklə, Çexiya şirkətləri Azərbaycanda daha sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsinin qurulmasına töhfə verir, ölkələrarası iqtisadi əməkdaşlığın inkişafında önəmli rol oynayırlar.

Azərbaycan və Çexiya arasında əməkdaşlıq Bakı Metropoliteni ilə birgə həyata keçirilən layihələrdə də önəmli rol oynayır. Bu kontekstdə Çexiya tərəfi ölkəmizdəki layihələrə və birgə müəssisələrə böyük maraq göstərir.  Andrey Babiş  həmin marağı da qeyd edib:  "Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var.  "SKODA Transportation" və Çexiyada çox önəmli və iqtisadi qrup olan "PPF"in üzvü olan "SKODA" şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır". 

Azərbaycan və Çexiya arasında turizm sahəsində əməkdaşlıq da son zamanlar  əhəmiyyətli dərəcədə genişlənib. Hər iki ölkə öz mədəni irsi, təbii gözəllikləri və turizm infrastrukturunu qarşılıqlı şəkildə tanıtmaq üçün birgə təşəbbüslər həyata keçirir. Həmin əməkdaşlıq çərçivəsində turizm sərgiləri, biznes-forumlar və mədəni mübadilə proqramları təşkil olunur və bunun nəticəsində qarşılıqlı turist axını artır. Çex turistləri əsasən Azərbaycanın tarixi şəhərlərinə, dağ və kurort bölgələrinə maraq göstərir, Azərbaycan vətəndaşları isə Çexiyanın mədəni və tarixi şəhərlərinə, təbii gözəlliklərlə əhatə olunmuş məkanlara səfərlər edirlər. Bu mənada Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər yerinə düşür: "Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq".

 Buradaca qeyd edək ki, hava yolu təkcə turistlər üçün önəm daşımır, həmin marşrut yükdaşımalarda da strateji rol oynayır. Azərbaycan-Çexiya istiqamətində müntəzəm hava əlaqələri iki ölkə arasında malların sürətli və səmərəli daşınmasını təmin edir, ixrac və idxal proseslərini asanlaşdırır. Bu, xüsusilə kənd təsərrüfatı, sənaye malları və texnologiya məhsullarının daşınmasında əhəmiyyət kəsb edir. Səma nəqliyyatı həmçinin biznes əlaqələrinin möhkəmlənməsinə, qarşılıqlı sərmayə təşəbbüslərinin daha çevik həyata keçirilməsinə də imkan yaradır. 

Beləliklə, turizm və logistika sahəsində əməkdaşlıq iqtisadi fayda gətirməklə yanaşı, iki ölkə arasında qarşılıqlı mədəni və sosial əlaqələrin inkişafına da töhfə verir. Forumda: "Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir", - deməklə Prezident İlham Əliyev iki ölkə arasındakı hərtərəfli  əməkdaşlığın insanları yaxınlaşdıran bir vasitə olduğunu vurğulayıb.

Qəbələ görüşü bir daha təsdiqlədi ki, Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlıq ticarət, sənaye və texnologiya, eləcə də turizm və xidmət sahələrində sürətlə inkişaf edir. Və bu əməkdaşlığın gələcək perspektivləri genişdir. Ona görə də forumda planlaşdırılan layihələr hər iki ölkənin iqtisadi potensialının artırılmasına, regionda inteqrasiya proseslərinin güclənməsinə və qarşılıqlı əməkdaşlığın bir qədər də dərinləşməsinə imkan yaradacaq. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!